17 may 2023 00:57
791

Gün gələcək Qərbi Azərbaycana qayıdacağıq…

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır. Ölkə rəhbəri ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bunu bir daha bəyan edib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb”.

Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

Danılmaz faktdır ki, ermənilər bu torpaqlara on doqquzuncu əsrin ikinci onilliyində rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülüb. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra müqavilənin şərtlərindən biri kimi İrandan imperiya sərhədlərinə qatılmış ərazilərdəki demoqrafik vəziyyəti dəyişmək üçün İrəvan və Qarabağ xanlıqlarının mövcud sərhədləri içinə köçürülən ermənilər XIX əsrin 60-70-ci illərindən başlayaraq azərbaycanlılara qarşı analoji siyasətin əsasını qoydular. Uzun müddət ərzində tətbiq edilən həmin siyasətə dövlət müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi ilə hüquqi-siyasi qiymət verildi. Ulu Öndər bu ruhda 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzaladı. Bu fərmanlardan irəli gələn müddəalar elm adamları qarşısında mühüm vəzifələr qoymaqla yanaşı mövzu ilə bağlı yeni tədqiqatların aparılmasına geniş imkanlar yaratdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı - Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycanlıların hüquqları təmin olunsun və onlar dədə-baba torpaqlarına qayıtsınlar. Şübhəsiz, gün gələcək soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi…

Zahid Rza, “İki sahil”