18 may 2023 16:17
358

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Quba rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 18-də YAP Quba rayon təşkilatı Quba şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, müdrik dövlət xadiminin əziz xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx  nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. Onun  Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ölkəmizə rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev diqqəti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasına yönəldib. Bildirib ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Ümummilli Lider xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Azərbaycanın və Türk dünyasının dahi oğlu Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ümummilli Liderin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycan bu  ideyalar əsasında ən yüksək zirvələri fəth edərək çoxəsrlik tarixinin Zəfər səhifəsini yazdı. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir.

Milli Məclisin deputatı Vahid Əhmədov Ümummilli Liderin xidmətlərinin ölçüyəgəlməz olduğunu söyləyib. Bildirib ki, Azərbaycana hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ümummilli Lider hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək bu istiqamətdə mühüm addımlar atdı. Azərbaycan bu gün də dahi şəxsiyyətin müəllifi olduğu yeni inkişaf strategiyasının uğurlarını yaşayır.

Tədbirdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Zülfurə Baxışova, YAP Quba rayon Xınalıq ərazi partiya təşkilatının sədri İldırım Zeynalov və başqaları çıxış ediblər. Bildirilib ki, nə qədər ki Azərbaycan dövləti, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq!

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.