24 may 2023 00:25
831

Strateji hədəf soydaşlarımızın Qərbi Azərbaycana qayıdışıdır

Vətən müharibəsində parlaq Qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirdi ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.» Bəli, tarixi mənbələrdən də aydın göründüyü kimi, son bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar.

Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində  bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana  tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin səriştəsizliyi və zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail oldular. Təbii ki, məkrli erməni planları illər sonra da davam etdi. Belə ki, 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar yenidən  deportasiyaya məruz qaldılar. Həmin illərdə yüz minədək soydaşımız ən ağır şəraitdə Azərbaycanın ilanmələyən çöllərinə köçürülərək orada zorla məskunlaşdırıldılar.

1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq  həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırımına başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi diyarları Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən azğın ermənilər yenə də Rusiydan hərbi dəstək alaraq 1990-1993- cü illərdə  Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxını isə məcburi köçkünə çevrildi.

Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamağı qarşıya mühüm vəzifə kimi qoyaraq onun reallaşması istiqamətində əhəmiyyətli addımlar atılacağını da bildirdi. Xüsusilə əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı Qərbi azərbaycanlılara hədiyyə etməklə soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına əminlik ifadə etdi: «...Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır.» 

Bu gün soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını zərurətə çevirən əsas məqam isə güclü Azərbaycan dövlətinin varlığıdır. Yəni, qüdrətli dövlətimiz bundan sonra da bölgənin əsas söz sahibi olmaqla qarşısına qoyduğu hədəflərə təmkinlə, məqsədli şəkildə çatmaq iqtidarındadır.

Elçin Zaman, «İki sahil»