26 may 2023 01:58
331

İranın viran qalmış siyasəti

İranın molla rejimi hələ də Azərbaycan dövlətinin regionda artan  nüfuzu ilə barışmaq istəmir. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra İran ölkəmizə qarşı təhdidlərini artırdı. Belə ki, 2022-ci ildə ölkəmizlə sərhədboyu hərbi təlimlər keçməklə bizi qorxutmağa çalışırdı. Ancaq Azərbaycan bu təhdidlərə gözlənildiyindən də sərt reaksiya verərək Xüsusi Təyinatlı Qüvvələrimizin İranla sərhəddə mükəmməl hərbi təlimlərini keçirdi. Bu təlimlərdə Türkiyə hərbçilərinin iştirakı isə İranı daha çox əndişələndirdi.

Eyni zamanda, ötən il Tehrandan səsləndirilən siyasi təhdidlərə də Azərbaycanın siyasi dillə cavabı özünü çox gözlətmədi. Prezident İlham Əliyev bu hədə dolu açıqlamalara tutarlı cavablar verdi. Ölkəmizin başçısı bir neçə dəfə İranda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat səsləndirdi. Azərbaycan mediası İranın təxribatçı TV-lərindən ölkəmizə ünvanlanan şər-böhtanlarına  qarşı özünün məntiqli verilişlərini yayımladı. Hətta molla rejiminin təhdidlərinin çoxaldığı ən gərgin vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılış mərasiminə qatılması İranın təhdidlərinə yönəlik ciddi siqnal idi.

Molla rejimi 2023-cü ildə də ölkəmizə yönəlik təxribatlarını davam etdirib. Belə ki, yanvarın 4-də İran televiziyaları Azərbaycana qarşı  təhdid və provokasiya məqamları əks etdirilən videoçarxlar yayaraq ölkəmizin İsraillə isti münasibətlərinə görə bizi təhdid etməyə çalışıblar. Qeyd edək ki, son bir neçə ildə İsrail Azərbaycan əməkdaşlığı dostluq səviyyəsinədək yüksəlib. Xüsusilə İkinci Qarabağ müharibəsində İsrailin Azərbaycanın haqq işini ciddi şəkildə müdafiə etməsi İranı hərtərəfli narahat etmişdi. Bundan başqa, ötən il İsraildə Azərbaycan səfirliyinin açılması molla rejiminin yuxusunu ərşə çəkdi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin noyabrın 25-də «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda bəyan etmişdi ki, İsraildə səfirlik, Fələstində nümayəndəlik açılacaq. Məhz qısa müddətdə bu fikir reallaşdı.

Azərbaycan dövləti son  30 ildə İrana qarşı heç bir koalisiyaya, heç bir sanksiyaya qoşulmayıb.  Amma təəssüf ki, İranın ali rəhbərliyi həmişə Azərbaycanın mehriban qonşuluq münasibətlərinə zidd olan siyasət yürüdüb. Xüsusilə Ermənistanın Azərbaycanın 20 faiz  ərazisini işğal altında saxladığı 30 ilə yaxın müddətdə İran şirkətləri zəbt olunmuş ərazilərimizdə ermənilərlə sövdələşməyə gedərək oradakı evlərin daş divarlarından tutmuş, qapı pəncərəsinə kimi daşıyıblar. Eyni zamanda, İran fermerləri işğal olunmuş torpaqlarda əkinçiliklə məşğul olublar. Bundan başqa, İran tərəfi işğal altında olan torpaqlarımızda narkotiklərin qeyri-qanuni dövriyyəsini həyata keçirib.

Onu da qeyd edək ki, İran hakimiyyəti nəinki qonşularına, hətta öz xalqına qarşı da sərt diktatura rejimi qurub. Hətta ötən il  hicab qaydalarını pozan 22 yaşlı Məhsa Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi İranda kütləvi etiraz aksiyalarına səbəb oldu. Gənc qızın ölümündən hiddətlənərək küçələrə axışan  etirazçıların əsas tələbi insanların azadlıq hüququnun tanınması, hicab qaydalarının ləğv olunması idi. Ancaq bununla belə hələ də İranda edam halları artmaqdadır. Belə ki, 2022-ci ildə İranda edam hökmləri 88 faiz artıb. Ötən il İranda 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olub. Eyni zamanda, 2022-ci ildə fəalların və vətəndaşların həbsi əvvəlki  illə müqayisədə 13 dəfədən çox artıb. 2023-cü ilin 4 ayında isə daha 22 nəfər ictimai fəal edam edilib, yüzlərlə insan isə İran həbsxanalarında ən ağır işgəncələrə məruz qalıblar.

Bundan başqa, əslən Cənubi Azərbaycandan olan ictimai fəal, «Günaz» televiziya kanalının rəhbəri Əhməd Obalı bir neçə gün əvvəl Amerikada ölümcül şəkildə döyülüb.  İlkin ehtimallara görə, bu vəhşiliyi İranın xüsusi xidmət orqanları təşkil edib. Bununla da İranın antidemokratik molla rejimi özünün vəhşiliyini dünyaya bir daha nümayiş etdirməli oldu.

Elçin Zaman, İki sahil»