26 may 2023 01:35
338

Elə gənclər yetişdirmişik ki…

Dövlət başçısı İlham Əliyev bu günlərdə Şuşadan müraciətində Vətən müharibəsində şanlı Zəfərimizi təmin edən amillərdən bəhs edərkən ləyaqəti və milli ruhu xüsusi diqqətə çatdırdı 

Günümüzün əsas çağırışlarından biri kadr hazırlığının iqtisadi inkişafa uyğunlaşdırılmasıdır. Hər bir ölkənin bu günü və gələcəyi  təhsillə bilavasitə bağlıdır. Son illərin statistikasına diqqət yetirək. 3500-dən çox məktəb ya yenidən tikilib, ya da  əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, o cümlədən  yeni ali məktəblər yaradılıb. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını,  beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi qarşıya qoydu. Bu kimi mühüm addımlar həm ali təhsil ocaqları, həm də tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır.

Atılan bu addımların fonunda ölkə Prezidenti  İlham Əliyev  «Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb» söyləyir. Təhsilin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Baxmayaraq ki, bu gün təhsilimizin keyfiyyətinin yüksək olduğunu  müxtəlif reytinqlər də təsdiqləyir. Amma dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Təhsilin keyfiyyətinin artırılmasında əlbəttə, əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır.

Digər vacib məsələ  Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Reallıq budur ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş  tətbiqi  bəzi peşələrin ixtisara salınmasını zərurətə çevirir.  Artıq həmin  peşələrin siyahısı var. «O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur» söyləyən cənab İlham Əliyev bildirir ki, amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq  ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, onlar üzrə  mütəxəssislər hazırlanmalıdır.

Gənclərin xarici ölkələrdə  təhsilinin prioritetliyi qəbul edilən  Dövlət proqramlarında öz təsdiqini tapır.  Cənab İlham Əliyev gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramını təsdiqlədi və bu sənədə uyğun olaraq 5000 tələbə yaradılan şəraitdən bəhrələndi. Artıq  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı» icra edilir.  Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondunun vəsaitlərindən ayırmalarda gənclərin xarici ölkələrdə təhsili xüsusi yer tutur. Bu mühüm məqamı da qeyd etmək lazımdır ki, təhsilə yatırılan  sərmayə gələcəyə yatırılan vəsait kimi dəyərləndirilir. Bu gün fəxrlə Azərbaycanın islahatçı ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanmasından bəhs edirik.  Eyni zamanda, ölkəmiz bütün sahələrdə qazandığı təcrübə ilə dünyanın diqqətindədir. Bircə faktı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın yeniliklərə, təkmilləşməyə nə qədər maraqlı, həmçinin onların tətbiqinə səy göstərən ölkə olduğunu təsdiqlədi. Azərbaycan digər sahələr kimi, müharibə taktikası ilə də dünyanı təəccübləndirdi.

Azərbaycanın yeniliyə açıq olması gənclərin xaricdə təhsilinə dəstəyində  özünün aydın ifadəsini tapır. Xaricdə təhsil alan gənclərin elmin dərinliklərinə yiyələndikdən sonra əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır.  Dövlət başçısı İlham Əliyev  “Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik» sualına cavab olaraq bildirir ki,  Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır: «Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik» fikirləri ilə hədəfləri açıqlayır.

Azərbaycanın ev sahibliyi etdiyi  beynəlxalq əhəmiyyətli tədbirlər   ölkəmizin bu və ya digər sahələrdə  malik olduğu imkanların,  elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının,  ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında  əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və  hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini  şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki,  onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

Bu kimi  çağırışlar, eyni zamanda,  idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.   Bu fakt  inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirir.

Dövlət  başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti  davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır. Dövlətin siyasətində insan amilinə xüsusi önəm verilməsi atılan addımlarda özünün aydın ifadəsini tapır.

Ölkəmizdə gəncləşmə siyasətinin həyata keçirilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yüksək ixtisaslı gənc kadrların  yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün  istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır.  Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Daim ilklərə imza atan  Azərbaycan  “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir: “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.”

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Dövlətimizin başçısı eyni zamanda bildirir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Daim bu çağırış edilir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Göründüyü kimi, ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Bu uğurlara yol açan əsas amil isə həyata keçirilən islahatların dövrün, zamanın tələbinə uyğun təkmilləşməsi, müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etməsidir.

Bu gün qürur hissi ilə söyləyirik  ki, işğaldan azad edilmiş ərazilərimiz də müasir tələblər səviyyəsində qurulur. Azərbaycanın qeyd etdiyimiz yenilikləri sırasına «ağıllı şəhər» və «ağıllı kənd» layihləri də daxildir. İşğaldan azad edilmiş ərazilərimizdə müasir idarəçilik sisteminin yaradılması bu ərazilərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu torpaqlarda «ASAN xidmət» və DOST mərkəzlərinin yaradılması da əsas prioritetlər sırasındadır. Təbii ki, hər bir yenilik kadr  potensialının artırılmasını bir tələbə çevirir.

Azərbaycan gəncləri müasir düşüncələri ilə yanaşı, vətənpərvərlikləri, torpaq, Vətən sevgiləri ilə diqqətdədirlər. Tarixi Zəfərimiz bu sevginin ən bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev 10 may tarixində Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadan müraciətində  «Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!» fikirləri ilə gənclərimizə olan inamını, etimadını nümayiş etdirdi.

Təbii ki, 30 ilin işğalına 44 gündə son qoyulması Azərbaycan Ordusunun döyüş ruhunun göstəricisi oldu. Azərbaycan əsgəri hər zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi. Beynəlxalq miqyasda da tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən Vətən sevgimiz daim vurğulanır. Tarixi Zəfərimizdən sonra gənclərdə vətənpərvərlik hissinin birə on qat artdığı daha aydın görünür.  «Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik» söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi diqqətə çatdırır ki, bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər, təhlükələr artır və  hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq.  Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır.

Göründüyü kimi, bu gün hansı sahədən bəhs etsək, tarixi Zəfərimiz diqqət yönəltməyə bilmirik. Çünki bu Zəfər özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirmişdir:  «Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir.»

Təbii ki, Azərbaycan gənclərinin hərtərəfli inkişafı mütləqdir. Ümummilli Lider daim bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Burada təhsil ilə hədəflərin vəhdətinin yaradılması vacib amildir. Hər bir ölkənin inkişaf səviyyəsi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə savadlılığın səviyyəsi 100 faizdir. Bu rəqəm də özündə sabahımızla bağlı bir sıra məqamları açıqlayır. Rəqabətədavamlı iqtisadiyyatla yanaşı, rəqabətədavamlı təhsil sisteminin formalaşdırılması da mütləqdir. Dövlət başçısı İlham Əliyevin ilk gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürməsi də bu məqsədə xidmət edir.

Yeganə Əliyeva, «İki sahil»