02 iyun 2023 22:57
411

Professor Mahirə Hüseynovanın filologiyamızın inkişafında rolu

Görkəmli dilçi alim, ədəbiyyatşünas, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 4.11.1960-cı ildə Naxçıvan MR Babək rayonunda anadan olub, Xalxal kəndinin orta məktəbində oxuyub, 1978-ci ildə Bakı şəhərində orta təhsilini başa vurub.1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.Təyinat üzrə 10 il Bakı şəhəri Mehdiabad qəsəbə orta məktəbində müəllim işləyib.

2009-cu ildə ADPU-da Müasir Azərbaycan dili kafedrasında müəllim kimi işə başlayıb. 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.2014-də baş müəllim, 2015-də dosent seçilib. Mahirə xanım elə həmin ildən eyni kafedranın müdiri vəzifəsinə seçilib. O, 2017-ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.2019-cu ildə filoloji fakültənin dekanı seçilib. Eyni ildə professor elmi adını alıb. 2021-ci ildə Əməkdar müəllim fəxri adına və Prezident təqaüdünə layiq görülüb. O, 2021-ci ildən ADPU-da beynəlxalq əlaqələr üzrə prorektordur. AYB-nin üzvü (2009), Dövlət Dil Komissiyası nəzdində Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvüdür (2020). Mahirə xanım “Filoloq” qəzetinin və “Linqvistika problemləri” beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda, “Meh” adlı ədəbi dərnəyin yaradıcısı və rəhbəri olmuşdur (2019). AAK-ın filologiya və pedaqogika üzrə ekspert şurasının sədri, bir neçə beynəlxalq mükafatın laureatıdır. Qərbi Azərbaycan icması idarə heyətinin üzvüdür.

Professor Mahirə Hüseynovanın dünyagörüşünün formalaş­masında və taleyində görkəmli alim və tanınmış ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin xüsusi rolu olmuşdur. Həm ailə mühitində, həm də elmi-ədəbi mühitdə professor Həsən Mirzəyev Mahirə xanım üçün əsl ustadlıq və müəllimlik nümunəsi kimi qəbul edilmişdir.

Mahirə xanımın pedaqoji fəaliyyətində diqqəti çəkən məziyyətlərdən biri də ondan ibarətdir ki, tədris prosesində bir sıra seçmə fənlərin tədrisinin təşəbbüsçüsü olmuş, həmin fənlərin proqramlarını çap etdirmiş, metodik vəsait hazırlamışdır. Məsələn, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası”(Bakı, 2014); “Həsən Mirzəyev və Azərbaycan dilində feil”(Bakı,2014);”Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası”(Bakı,2014); “Müasir Azərbaycan dili” (Bakı, 2018) seçmə fənnləri üçün proqramlar bunlardan sadəcə bir neçəsidir. Onun hazırladığı “Müasir Azərb.dili: aşıq və el şairlərinin yaradıcılığında diakektizmlərin öyrədilməsinə dair” (Bakı,2015) metodik vəsaiti və 420 səhifəlik “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin linqvistik təhlili”(Bakı,2018) dərsliyi dilimizin yüksək səviyyədə tədrisinə əhəmiyyətli dərəcədə kömək göstərmişdir.

Professor M.Hüseynovanın simasında elmi-pedaqoji işlə ictimai-mənəvi fəaliyyətin üzvi vəhdəti kimi səciyyələnən bu şərəfli missiya özündə müstəqil dövlətçilik ideyalarının dərindən mənimsənilməsinə xidmət göstərmək vəzifələrini birləşdirir. Professor M.Hüseynovanın görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafındakı misilsiz roluna və xidmətlərinə həsr edilmiş “Missiya” adlı monoqrafiyası Ulu Öndərin uca və şərəfli adı qarşısında vətəndaş ziyalı qadının özünün mənəvi borcunu yerinə yetirmək missiyasının təzahürüdür. Bu qiymətli kitab artıq böyük canlı salnamə yaratmış Azərbaycan Heydərəliyevşünaslığının əhəmiyyətli bir səhifəsidir. “Missiya” kitabı Ümummilli Lider Heydər Əliyevin həyat yolu, mübarizəsi və böyük ideallarının Azərbaycan maarifçi ziyalısının sonsuz ehtiramı ilə yorulmaz tədqiqatçı zəhmətinin bir yerdə ifadəsinin uğurlu elmi nəticəsidir” (İ.Həbibbəyli. Haqqa çağıran söz:elmdə və ədəbiyyatda.-ProfessorMahirə Nağı qızı Hüseynovanın biblioqrafiyası, Bakı, ADPU nəşri, 2022, s.41). Mahirə xanımın nəşr olunmuş “Ümummilli Liderimizin natiqlik məharəti” adlı bir başqa kitabı da Ümummilli Liderin tükənməz irsinə böyük məhəbbətin ifadəsi olaraq ərsəyə gəlmişdir. Professorun bu günlərdə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” adlı sanballı monoqrafiyası da Heydərəliyevşünaslığa sanballı töhfədir. Bunlar professor Mahirə Hüseynovanın dahi şəxsiyyət və böyük rəhbər Heydər Əliyev haqqında qəlbindən qopan, elmi cəhətdən əsaslandırılmış alim sözüdür.

Elmi fəaliyyət baxımından da professor M.Hüseynova özünəməxsus xidmətləri ilə seçilir. O, məhsuldar alimdir, indiyədək 30-a qədər kitab və monoqrafiyası nəşr olunmuşdur. Bundan əlavə, professor 10-a qədər tədris vəsaiti, metodik vəsait, yeni fənn proqramlarını yazıb nəşr etdirmişdir.

Professor M.Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf etdirilmişdir. M.Hüseynova isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirmişdir. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxmış ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaratmışdır. Bu mənada M.Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. M.Hüseynovanın 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. M.Hüseynova müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunmuş ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaratmışdır.Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası” (2015), “Aşıq və el şairlərinin leksikası”(2016),daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir.

Professor M.Hüseynovanın “Həsən Mirəyev yaradıcılığında filologiya məsələləri” adlı monoqrafiyası(2014) dilçilik sahəsində mühüm xidmətləri olmuş görkəmli bir elm xadiminin elmi xidmətləri əsasında müasir Azərbaycan dilinin aktual problemlərinin səriştəli şəkildə araşdırılıb ümumiləşdirilməsi ilə bərabər, həm də ustadı və müəllimi qarşısındakı mənəvi borcunun ibrətamiz hesabatıdır. Bildiyimiz kimi, Mahirə Nağıqızı hələ 2011-ci ildə bu mövzuda fəlsəfə doktoru adı adı almaq üçün dissertasiya müdafiə etmişdir.Bir neçə ildən sonra alim həmin dissertasiya işini bir qədər də genişləndirərərək, dolğun şəklə salıb 231 səhifəlik bir kitab şəklində nəşr etdirmişdir. Burada görkəmli alim və pedaqoq,ictimai xadim Həsən Mirzəyevin elmi fəaliyyəti,eləcə də Azərbaycan filologiyasının inkişafındakı xidmətləri ana xətləri ilə araşdırılmışdır. Kitabın giriş hissəsində görkəmli ictimai xadimin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verilir. Məlumdur ki,professor H.Mirzəyev Qərbi Azərbaycanın səfalı bir guşəsi olan Dərələyəz mahalında anadan olmuş,ali məktəbi bitirdikdən sonra bir müddət yaşadığı bölgədə müəllim və məktəb direktoru işləmişdir. O, bu müddətdə buraya kənardan gəlib yerləşmiş ermənilərin bu torpağın sahibi olan xalqımıza qarşı şovinist və vicdansız münasibətləri ilə qarşılaşmış,bu ədalətsiz,haqsız davranışlarla barışa bilməmiş, ona görə də haqsızlığa qarşı mübarizlik onun həyat kredosuna çevrilmişdir. Kitabın I fəslində H.Mirzəyev yaradıcılığında feil kateqoriyasının tədqiqi məsələləri öz əksini tapmışdır. Alim feilin morfoloji quruluşu və feillərdə təsirli-təsirsizlik kateqoriyasının spesifik xüsusiyyətlərini Azərbaycan dilçiliyində ilk dəfə elmi əsaslarla araşdırmışdır. Kitabın II fəsli Həsən Mirzəyevin tədqiqatlarında müasir Azərbaycan dili və Azərbaycan dilinin qrammatik sistemi ilə bağlı məsələlər araşdırılmışdır.Onu da qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilindəki feili sifət kateqoriyasını ilk dəfə yüksək elmi şəkildə araşdıran professor H.Mirzəyev olmuşdur. Feili sifətlərin feil və sifət arsındakı yeri, feili sifətlərlə feildən düzələn sifətlərin fərqli xüsusiyyətləri məhz bu alim tərəfindən ilk dəfə öyrənilmişdir ki ,bu məsələlərin hamısı professor Mahirə Nağı qızının kitabında ətraflı şəkildə təhlil və tədqiq olunmuşdur. III fəsildə H.Mirzəyevin onomastika və dialektologiya sahələrindəki araşdırmaları nəzərdən keçirilmişdir. Nəhayət, kitabın IV fəslində H.Mirzəyevin folklorşünaslıq yaradıcılığı və bədii irsi tədqiqata cəlb olunmuşdur. Bu kitab Azərbaycan dilçiliyi tarixinin zənginləşdirilməsi istiqamətində dəyərli bir töhfədir.

Qeyd edək ki, orfoqrafiya problemləri bu gün ziyalılarımızı düşündürən aktual filoloji və mədəniyyət məsələlərindən birinə çevrilmişdir. Bu problem Professor M.Nağıqızının tədqiqat dairəsinə daxil olan məsələ kimi aktuallıq kəsb edir. Onun 249 səhifəlik “Müsir Azərbaycan dilində punktuasiya məsələləri” kitabı (2017) bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Burada durğu işarələri sisteminin tədris prosesisi ilə bağlı məsələləri müasir dilçiliyin nailiyyətləri baxımından şərh edilir, bu sistemin həm nəzəri,həm də praktik aspektləri zəngin dil materialı əsasında təhlil süzgəcindən keçirilir. Bundan sonra kitabın I fəslində durğu işarələrinin tarixindən, II fəsildə yazılı dildə durğu işarələrinin işlənmə məqamlarından,III fəsildə isə şərti işarələr və onların işlənmə xüsusiyyətlərindən dilçiliyimizdə ilk dəfə kompleks şəkildə bəhs edilmişdir.

Mahirə Nağıqızı “Dilin elmi və estetik problemləri” (2019) adlı 319 səhifəlik kitabda qloballaşma dövründəki dilimizin daha aktual problemlərini tədqiqata cəlb etmişdir. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı Fərman və sərəncamlar və onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı Azərbaycan dilinin saflığının qorunması,yabançı təsirlərin qarşısının alınması istiqamətində dilçi və filoloqlarımız qarşısında mühüm vəzifələr qoymuşdur. Əsərdə ölkə prezidentinin dil quruculuğu sahəsində imzaladığı rəsmi sənədlər əsas götürülərək reklam lövhələrində, internet resurslarında, mətbuat, televiziya və radio dilində yol verilmiş nöqsan və qüsurlar aşkara çıxarılır, klassik yazıçı, şair, ədəbiyyatşünas alimlərimizim araşdırmaları bu və ya digər istiqamətlərdə təhlil edilir.

Alimin 353 səhifəlik “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” kitabı (2018) da dilimizin tarixini, mədəniyyət və etnoqrafiyasını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Tarixi-etimoloji aspektdə tərtib edidilmiş bu lüğətdə 450-dən çox yemək - içmək adları öz əksini tapmışdır. Lüğətin tərtibində kulinariya leksikasının mühüm tərkib hissəsini təşkil edən yemək və içmək adlarının nəinki Azərbaycan, o cümlədən türk dillərində və dialektlərində nə dərəcədə geniş dairədə işlənməsinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda lüğətdə müasir dövrümüzdə işlək olan yemək və içki adları ilə bərabər, dilimizin alt qatlarında olan və ya passivləşən arxaik sözlər də nəzərdən qaçırılmamışdır.

Həm folkloru, həm də dilçiliyi əhatə etdiyinə görə M.Hüseynovanın elmi əsərləri qrammatika baxımından olduğu kimi, ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Professor M.Nağıqızının Azərbaycan filologiyasında ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasında da özünəməxsus xidmətləri vardır. Bu baxımdan “Azərbaycan poeziyasında dağ obrazı” kitabı (2013) diqqəti çəkir. Kitabda ilk öncə dağ obrazının genezisinə nəzər salınır, sonra klassik və müasir poeziyamızda, bayatılarda, dastanlarda, atalar sözü və məsəllərdə mifoloji mahiyyət daşıyan dağ obrazı mövzusunda yazılmış poetik nümunələrin ideya-məzmun xüsusiyyətləri tədqiq olunur. “Alim təfəkkürünün itiliyi” (2013) və “Dərdi dərin Həsən Mirzə” (2013) kitabları bilavasitə görkəmli filoloq Həsən Mirzəyevin ədəbi irsinin tədqiqinə həsr olunmuşdur. ”Ədəbiyyatşünaslığa xidmət əzmi ilə” (2013) kitabı isə mərhum görkəmli ədəbiyyatşünas alim, tənqidçi,AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin həyat və yaradıcılığının tədqiqinə həsr edilmişdir. Türkiyədə nəşr olunmuş “Böyük Azərbaycan mütəffəkkiri Nizami” (2022) kitabı da böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin türk dünyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Son illərdə professor M.Hüseynova milli folklorun dilçilik qatlarının özünəməxsusluqlarının araşdırılması sahəsindəki tədqiqatlarının əhatə dairəsini daha da genişləndirərək türk dilləri miqyasına çıxarma və bu istiqamətdə elmi cəhətdən ümumiləşdirilmiş nəzəri qənaətlərin və müddəaların formalaşdırılmasına doğru əməli addımlar atır. Bu cəhətdən M.Hüseynovanın “Azərbaycan dilçiliyində türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri”(2019) monoqrafiyası Azərbaycan dilçiliyindən müstəqillik dövründə türkologiyaya doğru inkişafın mühüm göstəricilərindəndir. Kitabda bəzi görkəmli Azərbaycan dilçilərinin yaradıcılığında ümumtürk dillərinin nəzəri və praktik məsələlərinin müqayisəli aspektdə öyrənilməsi məsələləri tədqiq olunmuşdur. “Türk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (2020), adlı 600 səhifəlik kitabda da eyni problemin tədqiqi davam etdirilir. Burada ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası, eyni zamanda, uyğunlaşdırılmış sözlərin fonetik, qrammatik, leksik-semantik yöndə tarixi genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji qaynaqlar əsasında nəzərdən keçirilmişdir. Bu istiqamətdə alimin yenicə çapdan çıxmış “M.Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri” adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir. Bu əsər ilk dəfə Azərbaycan dilçiliyində XI əsr ümumtürk abidəsinin qrammatik quruluşunun hərtərəfli tədqiqinə, həm də müasir türk dilləri dialekt və şivələri ilə müqayisəli planda tədqiqinə həsr olunmuş sanballı bir monoqrafiya kimi diqqətəlayiqdir. Kitabda görkəmli türkoloq Mahmud Kaşğarinin türk dillərinin fonetik, leksik, morfoloji, sintaktik xüsusiyyətləri sahəsindəki xidmətləri şərh olunur, müasir türk dillərinin geneoloji və tipoloji cəhətdən qohumluq əlaqələrinin kökləri izlənir. Əsərdə eyni zamanda, ayrı-ayrı türk dillərinin Kaşğari dövründən müasir dövrümüzə qədərki inkişaf xüsusiyyətləri araşdırılır, onların səciyyəvi qrammatik əlamətləri nəzərdən keçirilir.

Professor M.Hüseynovanın yenicə çapdan çıxmış elmi-publisistik əsərlərin toplusundan ibarət “Sözün və əməlin yaratdığı tarix” adlı kitabı onun ictimai-siyasi həyatda baş verən yeniliklərin araşdırılmasında vətəndaş alim mövqeyini açıq şəkildə göstərməkdədir. Bu kitabda eyni zamanda, filologiyanın ayrı-ayrı məsələlərinin tədqiqi öz əksini tapmışdır.

Mənəvi saflıq və vətənpərvərlik M.Hüseynovanın bədii yaradıcılığında da özünəməxsus şəkildə canlandırılmaqdadır. Onun poeziyası qadın qüruru ilə kişi mərdliyinin aydın poetik ifadəsidir. O, “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni”(2009), ”Ömrümün çırağı sənsən”(2010), “Analı dünyam”(2015) adlı kitablarında toplanmış şeirlərində “ana qəlbinin laylasını vətəndaşlıq notları, vətənpərvərlik duyğuları üstündə kökləyərək” (İ.Həbibbəyli) ilahi sözün təbii poetik ifadəsini yaratmağı bacarmışdır.

Ümumiyyətlə, bu qısa təsvir onu götərir ki, professor Mahirə Nağıqızı filologiyamızın inkişafında bir fədakar elm xadimi kimi yorulmadan yazıb-yaradır. Prezident təqaüdçüsü, professor Mahirə Nağıqızı məhsuldar filoloq kimi ömrünün müdriklik çağını yaşayır. Bu böyük elm xadiminə şəxsi həyatında cansağlığı, çoxcəhətli və məhsuldar elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzu edirik.

Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor