03 iyun 2023 00:12
436

Laçında bərpa-quruculuq işləri sürətlə davam edir

Müzəffər Ali Baş Komandanımızın cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı kimi Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad olundu. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”.

Bu gün isə çiçəklənən Laçının üçüncü ili qürurla qeyd edilir. 28 may – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi və Laçın ictimaiyyəti ilə görüşdü. Hər səfərində vəziyyətlə tanış olan ölkə başçısı Laçında da böyük qayıdışa hədəflənən təməlləri atdı. Görüşdə ölkə başçısı bir daha tarixi anlara ekskurs edərək Zəfərimizi şərtləndirən amilləri xatırlatdı. Böyük Qayıdış prosesinin Laçından başlanması təsadüfi deyil. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu bölgədə sakinlərin qayıdışına başlaması və yerləşdirilməsi strateji əhəmiyyətə malikdir.

Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Laçının əhəmiyyəti bilavasitə ermənilərin “nəfəs borusu” adlandırdıqları və şəhərin içindən keçən Laçın dəhlizi ilə bağlıdır. Bu dəhliz Ermənistanla Qarabağın dağlıq hissəsini birləşdirən yeganə təchizat və təminat yoludur. Bunu da qeyd edək ki, danışıqlar prosesində də Laçın dəhlizi və Laçın şəhəri hər zaman xüsusi əhəmiyyətə malik mövzu olmuşdur. Belə ki, ölkə başçısı xalqa müraciətində bu mövzuya toxunmuş və indiyə qədər cəmiyyətə məlum olmayan bəzi faktları açıqlamışdır. Ölkə başçısı bildirmişdir ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, hətta, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. Danışıqlar prosesi ilə bağlı o da vurğulandı ki, Ermənistan tərəfinin mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalı, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır.

Dövlətimizin başçısının hər bir səfəri Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir. Yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi, bu və ya digər obyektlərdə görülən işlərlə tanışlıq və sair kimi işlərin hər birinin Prezident İlham Əliyevin nəzarətində olması hədəfə daha tez çatmağa stimul verir. Laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının təmin edilməsinin digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir. Laçınlılar 1992-ci ilin mayında işğal altına düşən rayonlarına 31 il sonra qayıtdılar. Artıq üç ildir ki, torpaqlarımızın işğal tarixlərini işğaldan azad edildikləri günlər əvəzləyib. Azərbaycan tarixi Zəfəri ilə torpağına sahib çıxaraq bir qarış torpağını belə düşmənə verməyəcəyini sübut edən xalq olduğunu təsdiqlədi.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı