02 iyun 2023 17:56
272

Litva-Azərbaycan əməkdaşlığı yeni mərhələdə: Hədəf şaxələndirmə formatının genişləndirilməsidir

Azərbaycanın enerji diplomatiyasının perspektivlərilə bağlı xoş təssüratlar yaradan Prezident İlham Əliyevin Litvaya səfəri Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın ardıcıllarının olacağına əminlik yaradır. Dövlətlərarası əməkdaşlıq formatı, körpü olan Cənub Qaz Dəhlizinə marağı artırır.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi ilə qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatına böyük töhfə verilməsi artıq həqiqətdir. Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumuna əsasən, zəngin potensiala malik Azərbaycan 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını daha böyük həcmdə ödəyəcək.

Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun əlavə imkanların yaranacağı şəksizdir. Azərbaycandan Avropaya, bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsi ilə Günəş və külək enerjisindən əldə olunacaq 25 meqavat həcmində yaşıl enerji tərəfdaş ölkələrə ixrac ediləcək. Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması yeni layihə olan «Həmrəylik Halqası»” təşəbbüsünü reallaşdırır və Cənub Qaz Dəhlizinin ötürücülüq imkanları daha da artır. Nəticədə «Həmrəylik Halqası» regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması üçün potensial tükənməzdir.

«Həmrəylik Halqası»nı, Anlaşma Memorandumunu Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə»yə və digər Sazişlərə uyğun davam edən tərəfdaşlığın məntiqi nəticəsi adlandıran dövlət başçımızın vurğuladığı kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdə birinin ölkəmizlə səmimi münasibətlərinin möhkəmləndirilməsi çox güclü həmrəyliyin etibarlı gələcəyidir. Azərbaycanın və Litvanın dövlət başçıları İlham Əliyevin və Gitanas Nausedanın iştirakı ilə keçirilən biznes forumunda iki ölkə arasındakı əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı önəmli açıqlamalar da deyilənləri təsdiqləyir.

Prezident Gitanas Nausedanın bildirdiyi kimi, ikitərəfli və sağlam etibarlı münasibətlər əsasında inkişaf edən Azərbaycanla Litva arasındakı dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir.

Bütün görüşlərdə çıxışları, dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın təbii ehtiyatlarının tükənməzliyi ilə bağlı açıqlamaları diqqətlə dinlənilən Prezident İlham Əliyevin Litvada keçirilən biznes forumdakı açıqlamaları da əməkdaşlıq üçün möhkəm təmələ və dinamik inkişafa malik hər iki ölkənin biznes dairələrinin birliyinə həmrəylik çağırışı kimi dəstəkləndi. Qeyd olundu ki, faydalı və məhsuldar əməkdaşlığın intensivləşdirilməsi, perspektivli planların, layihələrin həyata keçirilməsi iki ölkənin iş adamlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradacaq. Bu əməkdaşlıq üçün isə hər iki ölkə iqtisadi inkişafa, təbii sərvətlərə, əmək ehtiyatları baxımından zəngin potensiala malikdir. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Dövlət başçımız İlham Əliyev perspektivlərdən bəhs edərək bildirib ki, logistika, şəbəkələr və daşımalarda olan böyük potensialdan da səmərəli istifadə qarşılıqlı münasibətləri daha da genişləndirəcək.
 Çünki Litva kimi Azərbaycan da öz regionlarında mühüm daşımalar qovşağıdır. Neft və qaz boru kəmərləri bölgədə yeni vəziyyət yaradır. Qonşular və tərəfdaşlar arasında yaranan yeni bağlantılar daşımalarda da hiss olunur. Belə ki, iqtisadiyyatı sabit, dinamik, investisiya mühiti əlverişli olan Azərbaycanla əməkdaşlıq litvalı iş adamları üçün də sərfəli olar. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır.

Təranə Paşayeva,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının məsləhətçisi