03 iyun 2023 00:46
300

Qarabağ və Şərqi Zəngəzur günü–gündən inkişaf edir, çiçəklənir - Zəfərin davamı

İşğaldan azad olunmuş bölgələrdə gedən sürətli bərpa-quruculuq işləri və Ağalı,Talış kəndlərinə, həmçinin Laçın rayonuna qayıdan məcburi köçkünlər bunun əyani sübutudur

Son 3 ilə yaxın dövrün mühüm reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Ağalı, Talış kəndlərinin ardınca bu günlərdə Laçın şəhəri özünün tarixi sakinlərini qoynuna aldı.

Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. Həmçinin bu ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, rahat yollar olmalıdır. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır.

İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı da kifayət qədər çoxdur. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə üç hava limanı yaradılır. Onlardan ikisi Füzulidə və Zəngilanda olmaqla istifadəyə verilib. Laçında inşa olunan sayca üçüncü beynəlxalq səviyyəli hava limanının  tikintisi də sürətlə davam edir.

Digər təyinatlı infrastruktur obyektlərinin tikintisi ilə də bağlı statistika kifayət qədər zəngindir. Bütövlükdə, ayrılan vəsaitlər hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda insanları təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.

Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Kəndin sakinləri doğma yurdlarına qayıtdıqları üçün özlərini xoşbəxt hiss edirlər.

Mədəniyyət paytaxtımız olan Şuşa da yenidən qurulur. Mayın 9-da Prezident İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini  qoyub. Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa olunan bir neçə tarixi abidənin əsaslı bərpadan sonra açılışı baş tutub. Məsələn, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında da iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Mir Möhsün Nəvvab Qarabağinin ermənilər tərəfindən dağıdılmış məzarı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib. Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında da iştirak ediblər. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına sonuncu səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Xüsuslə qeyd etmək lazımdır ki, bu səfərlər Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir.  Quruculuq işlərinin, Böyük Qaydışın növbəti möhtəşəm nümunəsi 28 May -Müstəqillik Günündə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfər etməsi və həmin gün dövlətimizin başçısı laçınlılara onların 30 il gözlədikləri, həyatlarının ən böyük və ən önəmli hədiyyəsini- Laçındakı yeni evlərinin açarlarını təqdim etməsi oldu. Tarixi bir gündə dövlət başçımızın işğaldan azad edilən Laçına səfər etməsi, onun müstəqilliyimizə, ərazi bütövlüyümüzə ehtiramının əyani  nümayişi oldu. Laçınlılar qarşısında çıxışında dövlətimizin başçısı hazırkı dövr üçün çox əhəmiyyətli hesab edilən bir sıra ciddi və maraqlı siyasi məqamlarla bağlı fikirlərini açıqlamışdır. Prezident İlham Əliyevin məhz Müstəqillik Günündə Laçın rayonuna səfər etməsi bu ərazinin Azərbaycan üçün böyük strateji, coğrafi və siyasi əhəmiyyətə malik olduğunun göstəricisidir. Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salıb deyə bilərik ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Laçın şəhərinin Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina və orada 144 mənzil hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. 

Göründüyü kimi, istər Laçın şəhərində, istər digər rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.  Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır.

Yaqut Ağaşahqızı, “İki sahil”