06 iyun 2023 14:10
2132

Mənim tanıdığım Almaz xanım

Mən Almaz xanım Həşimovanı 2013-cü ilin prezident seçkiləri kampaniyasından tanımışam. YAP Füzuli rayon təşkilatının sədri kimi seçki kampaniyasında yalnız fəallığı ilə seçilmirdi, həm də dövlətə və dövlətçiliyə sədaqəti, insanlara sevgisi ilə fərqlənirdi. Nə qədər mehriban idisə o qədər də işgüzar və sözündə qətiyyətli idi. Elə ona görə də onunla  danışanda həmişə ilk cümləmi belə qururdum: «Qarabağın qeyrətli və qətiyyətli xanımına eşq olsun».

Təbii ki, mən bunu gəlişigözəl sözlər kimi demirdim, əksinə hiss etdiklərim və gördüklərim müsbət hallara güvənərək deyirdim.

Almaz Həşimova həm də bir pedaqoq kimi nüfuz sahibidir. O, uzun müddət Füzuli rayon təhsil şöbəsinə də rəhbərlik edib. Buradakı dəyərli fəaliyyətinə görə də pedaqoji kollektivin sevimlisi hesab edilirdi. Ona görə ki, Almaz xanımın idarəçiliyində səmimiyyəti rəsmiyyətindən daha çox hiss edilirdi.

70 yaş insan ömrünün müdriklik çağlarında inamla addımladığı  mərhələdir. Bu həm də elə bir mərhələdir ki, insan daha çox cəmiyyətə, ətrafına, dəyərli insanlara, Vətəninə və dövlətinə səmimiyyətlə xidmət edir. Amma mənim tanıdığım dəyərli Almaz xanımın ömrünə müdriklik daha erkəndən hakim kəsilib.  Bu xanım rəhbərlik etdiyi kollektivlərin sadəcə rəhbəri olmayıb, həm də onların  dərdlərinə şərik çıxıb, uğurlarına sevinib, səmimi tövsiyələri ilə uğurlar  qazanmalarına yardımçı olub.  Eyni zamanda, Almaz xanım ali davranışları ilə, xeyirxahlığı, işgüzarlığı ilə nümunə olub və bu gün də nümunə olmaqda davam edir.

Almaz Həşimova ölkə başçısının siyasi kursuna nəinki,  sədaqətlə xidmət edir, həm də bu istiqamətdə əsl vətəndaş mövqeyini digərlərinə təlqin etməyi bacarır. Bunun üçün pafoslu çıxışlara, saxta səmimiyyətə gərək duymur. Sadəcə içdən gələn, kökdən gələn bir əsilzadə davranışları və insanlara sevgisi ilə hamıya nümunə olmağa çalışır və bacarır da…  

Almaz xanım həm də yaxşı anadır, yaxşı valideyndir. Onun övladları harada və hansı peşədə çalışmalarına baxmayaraq sadəlikləri və dik duruşları ilə seçiliblər. Məhz bu və digər müsbət tendensiyalara görə, Almaz xanıma, Almaz anaya bir el sevgisi də var. Allah Sizi bu sevgilərdən məhrum etməsin, dəyərli xanım!!!

Elçin Zaman, «İki sahil»