06 iyun 2023 19:57
261

Həmin şəxs körpüdən belə düşürüldü - VİDEO

Bu gün axşam saatlarında bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edib.

“İki sahil” xəbər verir ki,  FHN-dən verilən məlumata görə, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ə. T körpünün üzərinə çıxaraq intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.