09 iyun 2023 18:54
513

Milli dövlətçiliyimizin xilaskarı FOTO

Pirallahı rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 9-da YAP Pirallahı rayon təşkilatı “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  söyləyib ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Mübariz Qurbanlı müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə əbədi həkk olunan 1993-cü il 15 iyun tarixinin önəmi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat verib.

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev deyib ki, bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər göstərmiş, xilaskarlıq missiyası yerinə yetirmişdir. Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulayan Alqış Musayev xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov çıxışında vurğulayıb ki, Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan xalqının haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul etdiyini deyib. Onun sözlərinə görə, ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur: “Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib,qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır”.

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü təşkil edir. Vasif İmanov Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməsindən ətraflı bəhs edib.

Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələr təqdim edilib.