2023-cü ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin yığımları 32,8 faiz artaraq 566 milyon 434 min manata çatıb. Mərkəzi Bankın məlumatına görə, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 35,2 faiz artaraq 174 milyon 436 min manat olub. Sığorta şirkətləri topladıqları hər 100 manatın 30,8 manatını ödəniş ediblər. 2022-ci ilin yanvar-may aylarında bu göstərici 30,2 manat idi.
Hesabat dövründə Azərbaycanda könüllü sığorta növləri üzrə 410 milyon 666,3 min manat, icbari sığorta növləri üzrə 155 milyon 767,7 min manat sığorta haqqı toplanılıb. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqları 29,1 faiz və ya 92 milyon 600,9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 43,5 faiz və ya 47 milyon 195,2 min manat artıb. Bu müddətdə həyat sığortası növlərinin hesabına 251 milyon 889,8 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 158 milyon 776,5 min manat sığorta haqqı toplanılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 42,6 faiz və ya 75 milyon 222,3 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12,3 faiz və ya 17 milyon 378,7 min manat artıb.
2023-cü ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə toplanan yığımlar 239 milyon 257,1 min manata bərabər olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz və ya 74 milyon 447 min manat çoxdur. 2022-ci ilin eyni dövründə həyat sığorta şirkətləri 164 milyon 810,1 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında payı 95 faizə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 93,3 faiz olmuşdu.
Cari ilin ilk 5 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 89,4 faiz artaraq 93 milyon 329,3 min manata çatıb. Ötən ilin ilk 5 ayında bu sığorta növü üzrə ödənişlər 49 milyon 286,6 min manat təşkil etmişdi.
Sığorta hadisələrinə görə ödənişlərə gəlincə, bu dövrdə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 47,2 faiz artaraq 133 milyon 340,3 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 7 faiz artaraq 41 milyon 95,9 min manata bərabər olub. Həyat sığorta növləri üzrə ödənişlərin məbləği 85 faiz artaraq 55 milyon 164,6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlər isə 1 faiz azalaraq 39 milyon 413,8 min manat təşkil edib.
Hesabat dövründə avtomobillərin icbari sığortası üzrə yığımlar 62 milyon 945,3 min manata yüksəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz və ya 23 milyon 613,3 min manat çoxdur. Ötən ilin yanvar-may aylarında 39 milyon 332,5 min manat sığorta haqqı toplanılmışdı. Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 39 milyon 101,5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz və ya 3 milyon 159 min manat yüksəkdir. Ötən ilin yanvar-may aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 35 milyon 942,5 min manat olub. Ötən 5 ayda bu sığorta növü üzrə ödənişin yığıma nisbətində 32 faiz azalma olub. Belə ki, 2022-ci ilin yanvar-may aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 91,4 manatını ödənişə yönəltmişdirsə, cari ilin müvafiq dövründə bu rəqəm 62,1 manata enib.
Ceyhun Piriyev, “İki sahil”