24 iyun 2023 00:47
451

Qürbətdən boy verib boylanan qərib Kərki

Hələ 30 il bundan əvvəl doğma torpaqlarımız qarı düşmən tərəfindən işğal olunanda dərin mənəvi sarsıntılar keçirən, Vətən sevgisi, el-oba həsrəti ilə alışıb yanan tanınmış şair Adil Cəmil dərin mənalı şerlərindən birində deyirdi:

Qürbətdən boylanır qərib dağlarım,
Gəzir sahibini yurd ocaqlarım.

Bəli qürbətdən-dağların o üzündən boylanan yurd yerlərimizdən biri də təcavüzkar Ermənistanın artıq 3 onillikdir ki, işğalı altında qalan Kərki kəndidir. Naxçıvan Muxtar Respublikasının şimal qərbində, Sədərək rayonunun 8-10 kilometrliyində yerləşən, 960 hektara yaxın ərazini əhatə edən bu qədim yaşayış məskənində vaxtilə aşkar olunmuş nekropol, müdafiə istehkamları, daş qutu qəbirlər və s. maddi- mədəniyyət nümunələri arxeoloqların fikrincə, eramızdan əvvəl III minilliyin sonu və II minilliyə aid edilir.

Naxçıvanın Sədərək rayonu inzibati ərazisinə daxil olan Kərki kəndi 30 ilə yaxındır ki, erməni işğalı altındadır. Bu kənd Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından biridir.

Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.  Belə ki, tarixi torpağımız olan Qarabağda Kərkicahan şəhəri, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, “Kərkidağ” toponimi də bu tayfanın adından yaranıb, boy alıb, boylanıb.

Arxiv sənədlərindən aydın olur ki, ötən əsrin 30-cu illərində SSRİ rəhbərliyinin bədnam qərarı ilə Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi gizli olaraq Ermənistana verilib. Həmin torpaqların Ermənistana verilməsi haqqında protokola o zamanlar Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində yerləşmiş iki erməni-Qadakçiyan və İsaxiyan qol çəkiblər. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Tanınmış şair-publisist Vaqif Məmmədov “Kərki: itirilmiş torpaqlarımız və tarixi reallıqlar” adlı məqaləsində yazırdı:1921-ci il oktyabr ayının 13-də Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsində də Azərbaycanın protektoratı altında Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verilməklə Sədərək tərəfdən başlanan Naxçıvan sərhədinin Urmiyə kəndi-Arazdəyən stansiyası-Daşburun dağı-Cəhənnəmdərə- Bağırsaq dağı istiqamətindən keçməsi ilə qeyd edilir ki, (bax: Azərbaycan EA-nın «Tarix, fəlsəfə, hüquq» məcmuəsi, Bakı, № 1, 1990 səh. 78) bu da haqqında bəhs etdiyimiz Kərki kəndi ərazisinin ada şəklində Ermənistan içərisində yox, Azərbaycan torpaqları daxilində mövcudluğunun sübutudur. Moskva və Qars müqavilələrində adı çəkilən, eyni zamanda, Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq dərəsi”, “Cəhənnəmdərə”, “Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də daim Azərbaycan ərazisi olmuşdur”.

Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti bu qədim yurd yerimizin adını dəyişərək Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb. Naxçıvan MSSR Nazirlər Sovetinin 1990-cı il 10 avqust tarixli qərarında bildirilirdi: Naxçıvan MSSR Nazirlər Soveti qeyd edir ki, uydurma Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistan SSR-dən qovulmuş 200 min azərbaycanlı ilə yanaşı, Naxçıvan MSSR-nin İliç rayonunun Kərki kəndində yaşayan 96 ailə erməni quldurları tərəfindən və Azərbaycan torpağından çıxarılmışdır. Hazırda qovulan ailələrin 64-nün muxtar respublika ərazisində yerləşdirilməsi zəruri hesab edilir. Qeyd edək ki, digər ailələr Azərbaycanın müxtəlif bölgələrində yerləşmişlər. Kərki kəndini tərk etmiş vətəndaşlara dəymiş əmlak zərərinin ödənilməsi barədə Naxçıvan MR Dövlət Arxiv İdarəsində sənədlər saxlanılır.

Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncamı Naxçıvanın işğal altındakı Kərki kəndinin də delimitasiya prosesinə daxil edildiyini rəsmi olaraq təsdiqləyib.
Belə ki, Dövlət Komissiyasının üzvləri sırasında Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini də təmsil olunacaq.

Bəli, biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, yolumuzu həsrətlə gözləyən, hər gün bizi haraylayan Kərkiyə də qayıdacağıq. O gün uzaqda deyil…

Zahid Rza, “İki sahil”