24 iyul 2023 23:53
700

Xəritələrin verilməməsi mina terrorunun davamıdır

Qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Azərbaycan faşist xislətli ermənilərin tarixi ərazilərimizdə basdırdığı mina təhlükəsi ilə üz-üzədir. Ötən iki ildən çox müddətdə Ermənistan nəinki İkinci Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etməyib, hətta yeni minalama prosesini həyata keçirib. Bu əməliyyat və minalanma işləri nəticəsində hazırda Azərbaycanın mülki şəxsləri, hərbi qulluqçuları xəsarət alır və ya həlak olurlar. Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib, 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin 10 faizə yaxın ərazisinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, sözügedən ərazilərdə 1 milyon yarımdan artıq minanın basdırıldığını diqqətə çatdırıb. Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu vurğulayan dövlət başçısı bildirir ki, ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Həmçinin, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsi bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri olaraq qalmaqdadır.

İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən üç ilə yaxın müddət ərzində 300-dən çox Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran dövlətimizin başçısı bildirir ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. İyulun 21-də Şuşa Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandırarkən Prezident İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirdi. Ölkə başçısı Misirdən olan Məcid Şalkinin minalarla bağlı sualına cavabında bildirdi ki, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir. Həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır: “Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar”.

Azərbaycanın üzləşdiyi mina probleminin nə qədər böyük və mürəkkəb olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialının gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlar ciddi şəkildə artmışdır. Prezident İlham Əliyev: “Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ancaq bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.

Bir məsələni də xüsusi vurğulayaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tank və piyada əleyhinə mina istehsalını sürətlə artırmağa başladı.  İş orasındadır ki, terrorçu ölkə bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Bundan başqa, 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Buradaca bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını dolu mina basdırdığını etiraf etmişdi.

Göründüyü kimi, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Birmənalı demək lazımdır ki, bu bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Əslində daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə də sayılıb-seçilən dövlətlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirilməsini davam etdirən Ermənistanın mina terrorunun qarşısının alınması üçün riyakar Ermənistan hökumətinə ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı ölkəmizə dəstək verməlidirlər. Daim ikili standartlar siyasəti yürüdən təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırlarsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsində israr etməlidirlər. Hər kəs anlamalıdır ki, ermənilər öz öhdəliklərini yerinə yetirib müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.

Sevinc Azadi, “İki sahil”