13 sentyabr 2023 20:46
1416

Ordubadın Dəstə kəndində vətəndaşların müraciətləri dinlənilib - FOTO

Ölkə başçısı cənab İlham Əliyevin bölgələrdə vətəndaşların müraciət və təkliflərinə həssaslıqla, obyektiv və operativ şəkildə baxılması, dövlət-vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq  Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonunun Dəstə kəndində növbəti vətəndaş qəbulunu keçirib. 

“İki sahil” xəbər verir ki,  Rəcəb Rəhimli sakinlərlə görüşündə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın məqsədi və prioritet istiqamətləri barədə onlara ətraflı məlumat verib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasının respublikamızın dövlət idarəçilik sisteminin yeni idarəetmə modeli olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı bildirib ki, bu insititut uğurlu fəaliyyəti vətəndaşla dövlət məmurları arasında verbal kommunikasiyaların qurulmasına, yerlərdə vətəndaşların təkliflərinin nəzərə alınmasına, əhalinin rifahının yaxşılaşdırılmasına, bölgələrdə potensial inkişaf meyarlarının təhlil olunmasına və digər sahələrdə qarşıya qoyulan vəzifələrin icrasına mühüm töhfə verəcəkdir.  

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun tarixi zənginliyi, flora və faunası, təbii resursları, onun tarixi İpək yolunun üzərində yerləşməsi, vaxtilə dünyaca məhşur  ixrac məhsulları istehsal edən konserv zavodunun və ipək fabrikinin burada fəaliyyət göstərməsi bölgənin gələcək inkişafına əsaslı zəmin yaradır. Bütün bunlar imkan verir ki, Zəngəzur dəhlizi reallaşdıqdan sonra rayonda potensial iqtisadi imkanlardan istifadə edilməklə sərmayədarların cəlb edilməsi sürətlənsin və kompleks proqramların icrası təmin olunsun.

Görüş zamanı Dəstə kənd sakinləri həyat səviyyələrinin yüksəldilməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən gündəlik məsələlərin,  təklif və müraciətlərin həlli istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Əhalisinin sayına görə rayonun ən böyük kəndi olan Dəstədə vətəndaşların müraciətlərinə yerində baxılması, bir sıra mübahisəli məsələlərin həlli istiqamətində görülən işlər sakinlər tərəfindən məmnunluqla qarşılanıb.