15 sentyabr 2023 19:00
1060

Salam, məktəb! VİDEO/FOTO

Səbirsizliklə gözlənilən 15 sentyabr - Bilik Günü gəldi…

Təqvimin bu günündə təhsil müəssisələri qapılarını şagirdlərinin, tələbələrinin və müəllimlərinin üzünə açıb. Yeni tədris ilinin ilk günündə şagirdlərin yaşadıqları yaşanan həyəcan, sevinc dolu anlara şahidlik  etmək üçün “İki sahil”TV olaraq paytaxtın Nizami rayonundakı 220  nömrəli məktəb-liseydə olduq.

Məktəbin həyətində müəllim, şagird və valideynlərin iştirakı ilə təntənəli keçirilən Bilik Günü tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən  məktəbin direktoru Lətifə Əzimova tədbir iştirakçılarına təhsil ocağının uğurları,  qarşıya qoyulan hədəfləri  haqqında məlumat verdi: “ Bu gün birincilər daha çox həyəcanlıdılar. Çünki, bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq sinif otaqları, müəllimlər gözləyir. Birincilərə yeni həyatlarında uğurlar arzulayıram. İnanıram ki, məktəbimiz yeni tədris ilində də yeni nailliyyətlərə imza ataraq paytaxtın tədris ocaqları sırasında qabaqcıl yer tutacaq.”

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təhsili yeni dövrünü yaşayır: “Hər il ölkəmizdə onlarla yeni məktəb tikilir və ya əsaslı şəkildə təmir edilir. Dövlətimiz tərəfindən yaradılan şərait şagirdlərimizin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açır. Əziz şagirdlər, sizə yeni dərs ilində bol müvəffəqiyyətlər arzu edirəm. Bilik Gününüz mübarək!”.

Tədbir şagirdlərin ifasında müxtəlif rəqs və kompozisiyalarla davam etdi.

Sonda ilk zəng çalındı.

Hər il məktəbə gedən şagirdlərin arasında birincilər daha çox diqqət mərkəzində olurlar. Bu gün 11 illik bilik pilləsinə qədəm qoyan körpə fidanlar üçün təkrarolunmaz bir gündür. Çünki bu gün onlar şagird adına layiq görülürlər. Ölkəmizdə bu adı qazanan bütün birinciləri təbrik edir, onlara aydın səma arzu edirik. Həm həyəcanlı, həm sevincli, həm də yarıyuxulu  olan günün qəhrəmanlarından bəziləri ilə həmsöhbət olduq.

Məktəbin bir incilərindən olan Dəniz Əlizadə ilk dəfə parta arxasında əyləşdiyi üçün həyəcanlı  olsa da, mikrafonumuzu görər-görməz təəssüratlarını bölüşmək istədi: “Məktəbimizi xoşladım. Böyüyəndə yaxşı həkim olmaq üçün bura gəlirəm. Həkim olub insanları sağaldacağam.”

Balaca Dənizdən şeir söyləməsini istəsək də,  utana-utana yadından çıxdığını dedi…

Heç vaxt itirmədən sinfin digər şagirdinə yaxınlaşdıq görək  balaca fidanlar arasında  gələcəkdə daha hansı peşə sahibi olmaq istəyənlər var.

Gələcəkdə yol polisi olmaq istəyən Cavid Piriyev məktəbə  hazır olduğunu söylədi : “Məktəbi çox sevirəm. Bura yazı yazmağa, oxumağa gəlmişəm. Polis olmaq üçün dərslərimi yaxşı oxuyacağam.”

Balaca Cavid “Biz məktəbə hazırıq”  şeirini söylədi:

Məktəbə gedəcəyik,
Biz də səhərdən.
Ayrılmarıq bircə an,
Kitab-dəftərdən.

Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!

Selin Xəlilliyə “necəsən” deyə sual verəndə gözlərini qaçıraraq məsum gülüşü ilə “yaxşıyam” deyə cavab verdi: “Məktəbdə ən çox yazıb –oxumağı bəyəndim. İstəyirəm ki, böyüyəndə ağıllı olum. Böyüyəndə diş həkimi olmaq istəyirəm.”

Məktəbə sevinərək gələn birincilər arasında Damla Əliyeva da var : “Dərs öyrənməyi çox bəyəndim. Oxuyub hər zaman əla qiymətlər alacağam. Böyüyəndə ingilis dili müəllimi olmaq istəyirəm.”

Damlanın da ifasında şeiri dinlədikdən sonra yaxınlaşdıq onun sinif yoldaşlarından biri olan Amin Abdullayevə: “Gözəl müəlliməm,  çoxlu sinif yoldaşlarım var. Məktəbə gəlmək, parta arxasında əyləşmək  mənim üçün maraqlıdır. Yaxşı ki, dərslər başladı…”

Şagirdlərinin sevincinə və həyəcanına  şərik olan  onların ibtidai sinif müəllimi Gülnarə Quliyeva 20 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğuldur: “İllər  dəyişsə də, həyəcanımız  dəyişmir. Bütün birinciləri və onların valideynlərini bu gün münasibətilə təbrik edirəm. Bu gün onlar üçün çox məsuliyyətli və həyəcanlı gündür. Mən də onlarla bərabər eyni hisləri keçirirəm. Şagirdlərimə arzum odur ki, bilik pilləsində atdıqları hər addım onları uğurlu gələcəyə aparsın. Təhsil ictimaiyyəti üçün düşərli olsun.”

Siyatel İsgəndərova artıq 15 ildir bu məktəbdə çalışır. Gözünün nuru, qəlblərinin hərarəti ilə şagirdlərinin yolunu  işıqlandırır: “Müəllim olaraq məsuliyyətli iş yerinə yetirdiyim üçün həyəcanlıyam.  Məktəblərin qapıları yenidən açılır. Uğurlarla dolu bir təhsil dövrü arzulayıram. Ümid edirəm yeni tədris ili Vətənimizin gələcəyi olan uşaqlarımız üçün faydalı və uğurlu  olacaqdır. Bütün şagirdləri Bilik Günü münasibəti ilə təbrik edirəm. İnanıram  ki, şagirdlərimizin hər biri Vətənimizə, xalqımıza layiqli övlad olarlar. Azərbaycanlı adını qürurla daşıyarlar. Gələcəyə gedən yollarınız, açıq olsun!”

220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova bildirdi ki, təhsil ocağı 2263 şagirddən ibarət ümumilikdə 93 siniflə yeni tədris ilinə başlayıb. 7 paralel sinifdə 215 uşaq üçün ilk zəng çalınıb:  “ Ümid edirəm ki, bu tədris ilini də ötən illərdə olduğu kimi uğurla başa vuracağıq. 2022-2023-cü tədris ili həm 9-cu sinif, həm 11-cilərin yüksək qəbul nəticələrinə görə müvəffəqiyyət  qazandıq. Məzunlarımızdan 4 nəfəri məktəbi qızıl medalla bitirdi. Fənn müsabiqələrində, eləcə də Respublika fənn olimpiadalarında, Lütfi Zadə adına məntiq olimpiadasında, "Sabahın alimləri"  respublika müsabiqəsində, Ortaq Türk Dünyası tarix olimpiadasında  yüksək nəticələr əldə etməyimiz bizi çox sevindirir.  Qazandığımız hər bir uğurda müəllimlərimizin əməyi həddindən artıq böyükdür.  Onlar  daim peşəkarlıqlarını artırmaq üçün çalışırlar. Məktəbimizin bir amalı var ki, heç kəs arxada qalmasın. Bizdə inklüziv təhsil mövcuddur, eyni zamanda, məktəbimizin şagirdləri arasında 1 nömrəli uşaq evinin sakinləri təhsil alır. Amalımız bütün şagirdlərimizi ayrı-seçkilik etmədən eyni şəraiti yaradaraq irəli aparmaqdır. İnkişaf üçün hər zaman yer vardır. Təki istək, əzm və məsuliyyət olsun.

Qeyd edək ki, bu tədris ilində ölkə üzrə təhsilalanların sayı 2,1 milyon nəfər olacaq. Bunlardan 1,6 milyon nəfəri orta məktəblərin payına düşür. Bakının ümumi təhsil müəssisələrində isə ümumilikdə, 481 131 şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Sinif otaqlarında isə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Yeni təhsil ili məktəbli adı qazanan uşaqlar, müstəqil həyata doğru addımlayan yeniyetmələr, karyera planları quran gənclər və özünü inkişaf etdirmək istəyən hər bir şəxs üçün yeni biliklər qazanmaq şansıdır. Müstəqil Azərbaycanımızın tərəqqisi, həyat keyfiyyətimizin və xalqımızın rifahının yüksəldilməsinə aparan yol elmdən keçir. Arzu edirik ki, ölkəmiz hər zaman firavan uşaqlarımızın başının üstündə günəş olsun. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin sorağı dünyanın hər yerindən gəlsin.

Yaqut Ağaşahqızı, “İki sahil”