18 sentyabr 2023 22:58
255

Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Sentyabr ayının 18-də Biləsuvar rayonun Bağbanlar kəndində Vətən müharibəsinin şəhidi Əmənov Məhəmməd İltizam oğlunun anadan olmasının 27-ci il dönümü münasibətilə ata yurdunda mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Əmənov Məhəmməd İltizam oğlu 18 sentyabr 1996-cı ildə Biləsuvar rayon Bağbanlar kəndində andan olmuşdur. 2003-2014 – cü illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil almışdır. 2014-2016 - cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 20 oktyabr 2020 – ildə Bağbanlar kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Əmənov Məhəmməd İltizam oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Hazırda Bağbanlar kənd küçələrindən biri şəhid Məhəmməd İltizam oğlu Əmənovun adınadır.

Allah rəhmət eləsin!