19 sentyabr 2023 02:16
339

İranlı deputat başından yekə danışdı

Artıq məktəbli uşaqlar da İranın molla rejiminin Azərbaycana qərəzli və düşmən münasibətdə olduğunu bilir. Çünki az qala hər gün İran tərəfindən ölkəmizə hədə-qorxular səslənir, sərhədlərdə əzələ nümayiş etdirilir, hərbi təlimlər keçirilir, mətbuatda ölkəmizə qarşı hərzə-hədyan yağdırılır. Azərbaycana "xox" gələnlərdən daha birini təqdim edirik.

"Ermənistanla sərhədi qorumaq İranın qırmızı xəttidir. Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin". Bu sözləri İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Şəhriyar Heydəri deyib.

Onun sözlərinə görə, bölgənin geosiyasətində baş verən dəyişiklik İranın "qırmızı xət"lərindən biridir: "Biz keçmişdə çox yaxşı münasibətlərimiz olan qonşu Ermənistanla ümumi sərhədlərimizdə hər hansı dəyişikliyi qəbul etmirik. Hazırda Ermənistanla 47 kilometr ümumi sərhədimiz var və bu məsələ İran üçün çox vacibdir, çünki bizim Ermənistan vasitəsilə Avropaya çıxışımız var".

İrandan başqa hər yerdə söz azadlığı var, ancaq bu ölkədə söz deməyə ixtiyarı olanlar gəvəzəlik edib başlarından böyük danışmağı tərgitməlidirlər. Bunların qulaqları eşitmir ki, ağızları nə danışır. Heydəri nə böyük zatdır ki, dövlət başçısının adından hökmlər versin.  Onun "Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin" "fərman"ı bu ölkədə subardinasiyanın gözlənməməsini, yəni, sadə dildə desək, böyük-kiçiyin olmamasını bir daha sübut edir. Məsələ təkcə Heydəri ilə qurtarsaydı dərd yarı olardı. Düşünmək olardı ki, meşə çaqqalsız olmaz. Ancaq görünür İranda çaqqal çox imiş, hər yerindən qalxan Azərbaycana "xox" gəlməyə çalışır. Sanki hamısı da bir-birinin ağzına tüpürüb. Çünki hamısı İranın ali və dini rəhbərlərinin adından hökmlər verirlər. Ləyaqətli düşmənçilik etməyi də bacarmır, qeybətcil arvadlar kimi onun-bunun dalınca danışırlar. Ağayi Heydəri unudur ki, "qardaş" dedikləri ermənilər onları okeanın o tayındakılara satdılar. Bu, dibini görmədiyi qabdan su içməyə oxşayır. Bəs İranın "qırmızı xətt"i harada qaldı, ABŞ-ı niyə hədələmirlər? Deyəsən buna ətirləri, duxiləri çatmır axı? Əmmamənin altındakı tərli başları işə salmağın da vaxtı keçib, kifayət qədər düşmən qazanıblar. Bu gün dünyada İranı müdafiə edəcək kimsə yoxdur. Belə davranışla heç olmayacaq da.

Başıboş deputat Heydəri qanmalıdır ki, öz sərhədindən kənardakılara məsləhət görmək, hədə-qorxu gəlmək, böhtan atmaq və yol göstərmək həddini aşmaqdır. Özünə umac ova bilməyən başqasına əriştə kəsə bilməz. Bu yerdə onlara bakılı qədeşlərin belə bir sözünü üvanlamamaq olmur: Get tullan, alə!

Vəli İlyasov, "İki sahil"