19 sentyabr 2023 09:54
295

“Kirli” siyasi texnologiyaların ifşası

Siyasi texnologiyaların ölkələrin siyasi həyatında mövcudluğu artıq danılmaz həqiqətdir. Hətta onu da deyə bilərik ki, siyasi proseslərin bu və ya digər səpkidə cərəyan etməsi konkret siyasi texnologiyaların təsirinin nəticəsidir. Müasir həyatı mobil telefonsuz təsəvvür etmək çətin olduğu kimi müasir siyasi prosesləri də siyasi texnologiyalarsız təsəvvür etmək mümkünsüzdür, hətta bir qədər də sadəlövhlükdür. Bu gün siyasi texnologiyaların gücünü inkar edənlər daha çox İbn Sina dövründə tibb elminin mövcudluğunu inkar edən və elmi metodları cadu adlandıran cahillərə bənzəyirlər. Onların bu cür davranışının əsl səbəbləri aydındır. Bəllidir ki, elm hesab olunan siyasi texnologiyalar olan yerdə “cadu”lara ehtiyac qalmayacaq.

Bu fikirlər politoloq A.Adilin “Kirli” siyasi texnologiyaların ifşası sərlövhəli məqaləsində yer alıb. “İki sahil” məqaləni təqdim edir:

Rəqəmsal texnologiyaların mütləq prioritet təşkil etdiyi bir dövrdə, eləcə də “qloballaşma”nı həzm edən internetin hökmranlığı şəraitində sıravi vətəndaş tərəfindən qərəzsiz informasiya mənbəyinin müəyyən edilməsi, həmçinin yalanı həqiqətdən ayırd etmək olduqca çətinləşir. Əlbəttə ki, yaranmış vəziyyətdən radikallar və onların xarici “ssenaristləri” faydalanmağa çalışırlar. Məhz elə bu səbəbdən hər bir vətəndaşın “kirli” siyasi texnologiyalar və onların insanların davranışına təsir etmə mexanizminin alqoritmi haqqında ən azından ibtidai məlumatları olmalıdır. Əks halda vətəndaş emosional demaqogiya və populizmin təsiri altına düşərək digərlərinin məkrli oyunlarının qurbanına çevrilə bilər.

Sözsüz ki, kiçik bir köşə yazısı çərçivəsində siyasi texnologiyaları təsvir etmək mümkünsüzdür. Siyasi texnologiyalar müxtəlif elmlərin metodologiyasını özündə ehtiva edir və onlar haqqında hər hansı fikir söyləmək hazırlıq tələb edir. Burada “demaqogiya” yetərli olmaz. Ancaq radikallar tərəfindən istifadə olunan bəzi “kirli” fəndləri ifşa etmək mümkündür. Mövcud məsələdə işi rahatlaşdıran amil ondan ibarətdir ki, həmin psevdopatriotların istifadə etdikləri metodlar postsovet məkanında demokratiyanın “embrion” dövrü hesab olunan 1980-ci illərdə yazılıb. İndi də həmin “saralmış” təlimatlar əsasında fəaliyyət göstərən radikalların siyasi təfəkkürü görünür ki, ta “ibtidai” demokratiya dövründə donmuş şəkildə qalıb.

Əlbəttə ki, mövcud kontekstdə bütün “kirli” texnologiyaların “şahı” cəmiyyətdə süni gərginlik yaradan emosional nitqdir. Sözügedən siyasi texnologiyanın təsir etmə alqoritminə aydınlıq gətirmək üçün mürəkkəb elmi yanaşmalardan uzaq duraraq cəmi iki müqayisəni diqqətinizə təqdim edək. Oxuduğunuz kitablardan və baxdığınız filmlərdən Şərqin məşhur bazarlarının satıcılarını xatırlayın. Bazarda potensial alıcının diqqətini cəlb etmək üçün onlar yüksək səslə alıcıya “sırımaq” istədikləri malı müxtəlif yalanlarla bəzəyirlər. Əlbəttə ki, burada heç bir səmimiyyətdən söhbət belə gedə bilməz.

Emosional manipulyasiyalar kontekstində daha bir nümunəvi müqayisəni diqqətinizə təqdim edə bilərik. Körpə uşaq öz işlərinə başı qarışmış insanların (valideynin) diqqətini yalnız ağlamaq və möhkəm səslə qışqırmaqla cəlb edə bilir. Radikalların emosional ritorikası da tamamilə eyni sosial-psixoloji qanunauyğunluğa söykənib. Radikal ritorika emosionallığı ilə ətraf səsləri “boğur” və reallığın təhrif olunmasına səbəb olur. Odur ki, ictimaiyyətin diqqətini əsasən neqativ təzahürlər üzərində fokuslaşdıran emosional nitq radikal demaqogiyanın əsas təsir alətidir.

Sözsüz ki, qeyd olunan siyasi texnologiyanın iş mexanizmi göstərilənlərlə bitmir. Uşağın möhkəm səslə ağlaması bəzən valideynin qeyri-iradi olaraq qeyri-adekvat hərəkətlərinə səbəb olur. Valideyn uşağı sakitləşdirməyə can atır və bəzən də hətta böyük güzəştlərə getməyə hazır olur. Uşaq özgə insanların yanında ağlamağa başlayanda isə vəziyyət daha da mürəkkəbləşir. O zaman gərginlik artır, çünki valideyn kənar şəxslərin tənbeh və müdaxilə etmək ehtimalından çəkinir.

Tamamilə analoji təsir etmə prinsipinə söykənərək psevdopatriotlar təxribatların sponsorları olan xarici ölkələrin diqqətini çəkmək üçün müxtəlif manipulyasiyalar vasitəsilə emosional gərginliyi süni şəkildə artırırlar. Onların ritorikasına diqqət yetirsəniz görə bilərsiniz ki, söylədiklərinin hamısı sanki xaricə yönəlibdir.

Radikal müxalifətin “kirli” siyasi texnologiyalarına həsr olunmuş kiçik bir yazı çərçivəsində mütləq olaraq israrla cəmiyyətdə təşviq etməyə cəhd göstərdikləri etiraz mədəniyyətinə də toxunmalıyıq. Liberalizm ideyalarının ifrat çalarlarının, habelə demokratiya haqqında təhrif olunmuş, hətta “eybəcər” təsəvvürlərin cəmiyyətdə təbliğ edilməsi nəticəsində sabitlik üçün real təhdidlər yaranır. Qeyd olunanlar heç də ehtimal deyil, onlar xarici ölkələrin tarixidir. Təsadüfi deyil ki, “yox” sözü və mümkün olan hər şeyi inkar etmək kimi amillər klassik radikal təfəkkür və fəaliyyətin əsas əlamətləridir. Qeyd olunan xarakteristikaya uyğun gələn istənilən siyasətciklərin ritorika və çıxış tərzinə diqqət yetirsəniz, qeyd olunan təsbitləri aşkar şəkildə görə bilərsiniz.

Beləliklə, hər kəsə agah olmalıdır ki, radikalların bütün bu davranış tərzləri təsadüfi deyil, hamısı bir strategiyanın tərkib hissəsidir. Məhz elə bu səbəbdən də onların manipulyasiya qurbanlarına çevrilməməsi üçün siyasi texnologiyalar haqqında ibtidai məlumatlarımız olmalıdır. Emosiyalara qapanmaq insanın öz həyatında edə biləcəyi ən böyük yanlışlıqların səbəbinə çevrilə bilər. Bilavasitə maniakal ambisiyaların təzahürü olan radikallığın əsas manipulyasiya aləti də məhz emosiyadır. Emosiya olan yerdə isə cəmiyyətdə toplum psixologiyası üstünlük təşkil edir. Toplum psixologiyası isə öz növbəsində xaos və radikallıq kimi “parazit” təzahürlərinin inkişafı üçün ən ideal mühitdir.