Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq
Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.
Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artımın nəzərdə tutulması 2024-cü ildə sosial təminatın daha da gücləndiriləcəyindən xəbər verir. Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək.
Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir. 2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərinə dair həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, həm də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədində qeyd edilir ki, fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub.
Eyni zamanda, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergilərinə dair əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.
Yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsi azaldılacaq. 2024-cü ildə gəlir siyasətinin istiqamətlərindən biri də gömrük ödənişlərinin təkmilləşdirilməsi olacaq. Belə ki, daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsinin azaldılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq. Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməyəcək.
Cavid Əkbərov, “İki sahil”