21 sentyabr 2023 19:54
292

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib - FOTO

Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  iclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatmasının əhəmiyyətindən bəhs edib. Bu hadisəni Ulu Öndər Heydər  Əliyev tərəfindən əsası qoyulan və  Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin növbəti təntənəsi kimi qiymətləndirən YAP Sədrinin müavini qeyd edib ki, antiterror tədbirlərinin Ermənistana dəstək verən beynəlxalq dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi qeyri-obyektiv və qərəzli münasibət fonunda baş verməsinə baxmayaraq, Prezident İlham Əliyevin dəmir iradəsi və prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işi növbəti dəfə qələbə ilə yekunlaşdı. Bu, eyni zamanda, dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və nüfuzunun daha da artması istiqamətində çox önəmli addım oldu.  

Tahir Budaqov vurğulayıb ki, Türkiyənin hakim Ədalət  və  İnkişaf Partiyası Sədrinin birinci müavini Efkan Ala telefon zəngi edərək antiterror tədbirlərinin uğurla  yekunlaşması münasibətilə YAP-a təbriklərini çatdırıb, Türkiyənin hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağını ifadə  edib. Telefon danışığı zamanı Azərbaycana verdiyi dəstəyə, ölkəmizin haqlı mövqeyinin müdafiəsinə görə Türkiyə tərəfinə təşəkkür bildirilib.

YAP Mərkəzi Aparatının rəhbəri 21 sentyabrın Ümumdünya Sülh Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb: “Ümid edirik ki, bu gün Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə  keçirilən görüş də sülhə xidmət edəcək. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Sonra YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib.

Əvvəlcə YAP Goranboy rayon təşkilatının sədri Elçin Şamil oğlu İsmayılovun vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Füzuli rayon təşkilatının sədri vəzifəsinə Nazimə Pəsərək qızı Şamıyevanın, YAP Goranboy rayon təşkilatının sədri vəzifəsinə isə Samir Hatəm oğlu Qocayevin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Bayram Aslanov və Cavid Osmanov çıxış edərək hər iki namizədi şəxsən tanıdıqlarını, onların bu günədək partiyanın yerli təşkilatlarında göstərdikləri fəaliyyətin və potensiallarının irəli sürülən vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verdiyini bildiriblər. Müzakirələrdən sonra hər iki namizədin irəli sürülən vəzifələrə təyin olunması barədə qərar qəbul olunub. Nazimə Şamıyeva və Samir Qocayev çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını söyləyiblər.

İdarə Heyətinin iclasında  Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Sonda cari məsələlər müzakirə edilib.