10 noyabr razılaşmasının əksinə olaraq son üç il ərzində bölgədə hərbi təxribatlarını dayandırmayan erməni separatçılarının terror aktları nəticəsində xeyli sayda mülkü vətəndaşlarımız və hərbçilərimiz həlak olmuş, yaralanmışdır. Tək bir faktı nəzərə çatdırmaq kifayətdir ki, Vətən müharibəsi başa çatandan sonra bu günə qədər artıq 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Bununla bağlı dəfələrlə qarşı tərəfə xəbərdalıqlar edilsə də bunu nəzərə almamış, əksinə, Zəfər savaşında üzləşdikləri ağır məğlubiyyəti unudaraq yenidən status və digər xam xəyallarını diplomatik müzakirə müstəvisinə daşımağa çalışmışlar. Bütün bu cəhdlər ölkəmizin böyük beynəlxalq nüfuzu sayəsində iflasa uğradı. Nəhayət 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla Azərbaycanın 6 vətəndaşı mina terrorunun qurbanı olması böyük ictimai qəzəb yaratdı və dövlətimizi qəti addımlar atmağa vadar etdi. Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan və onun işğalçı ordusu yenidən ən böyük məğlubiyyətin acısını yaşadı. Azərbaycan əsgəri yüksək hərbi peşəkarlıqla düşmənə layiqli cavab vermək gücünü göstərdi. Müzəffər Ali Baş Komandanın “Unutmasınlar ki, dəmir yumruq yerindədir” mesajı öz gerçək təsdiqini tapdı. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi qısa müddət ərzində məhv edildi. Dövlətimiz tərəfindən antiterror tədbirlərinin uğurlu gedişatı düşmən Ermənistan və və onun himayəsi altında fəaliyyət göstərən cinayətkar xunta rejimini sarstdı.
Azərbaycanın apardığı antiterror tədbirləri lokal xarakterli idi və Ordumuzun qarşısına mülki obyektlərə, insanlara zərər yetirilməməsi vəzifəsi qoyulmuşdu. Qarabağın relyefi dağlıq olduğundan və qeyri-qanuni erməni silahlıları uzun müddət yüksəkliklərdə möhkəmləndiyindən antiterror tədbirlərinin aparılması heç də asan məsələ deyildi. Ordumuz verilən tapşırığa əsasən ancaq legitim hərbi hədəfləri zərərsizləşdirdi və bu, humanistliyə görə dünyada aparılan ən nümunəvi antiterror tədbiri olaraq tarixə düşdü. Lokal antiterror tədbirlərinin yüksək dəqiqliklə aparılmasına Ordumuzun peşəkarlığı və müasir silahları idarə etmək bacarığı sayəsində nail olundu. Beləliklə, ərazilərimizdə “qarayara” kimi qalmış separatçıların yuvasını darmadağın etməklə Azərbaycan yeni uğur hekayəsini yazmış oldu.
Ordumuzun cəmi bir gün ərzində apardığı döyüşlər qanunsuz silahlı birləşmələrin ölkəmizin diktə etdiyi şərtləri qəbul etməyə məcbur etdi. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz mənfur düşmən ordusu ilə döyüşdü, mərdi-mərdanə mübarizə apardı, mülki əhaliyə toxunmadı. Böyük Zəfərlə başa çatan Vətən müharibəsində mənfur düşmən döyüş meydanında məğlub olduğunu görən kimi erməni xisləti ilə dinc, yaşayış məntəqələrimizi raket atəşinə tutdu, günahsız insanları hədəfə aldı. Antiterror tədbirləri yalnız hərbi üstünlük göstəricisi deyildi, bunun sayəsində bölgəmizdə yeni geopolitik vəziyyət yaranmış oldu.
Ruslan Qasımov,
YAP Xətai rayon təşkilatının üzvü, Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini