03 aprel 2018 00:40
2062

11 aprel Azərbaycan tarixinin zəfər günüdür

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi təbliğat-təşviqat qrupunun üzvlərinin aprelin 2-də seçicilərlə növbəti görüşü Ucar rayonunun Pirkənd kəndində olub.

Tədbiri giriş sözü ilə açan  YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla Prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək: «Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir. Milyonlarla insanın, seçicilərin amalı budur ki, cənab İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin. Əminliklə deyə bilərəm ki, 11 apreldə xalqımız, o cümlədər ucarlılar hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcəklər.»

YAP Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov son illərdə şəhərdə görülən quruculuq işlərindən danışıb. Artıq bir neçə gündür ki, davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə izdihamın yaşandığını söyləyən V.Hüseynov bildirib ki, müşahidə olunan izdiham, rayon ictimaiyyətinin ölkə rəhbərinə nümayiş etdirdiyi sevgi ucarlıların dövlət başçısı İlham Əliyevə böyük dəstəyinin bariz nümunəsidir: «Ucarda yeni iş yerləri açılıb, işizliyin, yoxsulluğun səviyyəsi azalıb, insanların güzəranı yaxşılaşıb, yollar salınıb, məktəblər tikilərək istifadəyə verilib. Bütün bu uğurların davamlı olması üçün seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıram.»

Təbliğat qrupunun üzvləri- Rahib Rəsulov və Yaqut Zeynalova çıxış edərək vurğulayıblar ki, cənab İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir dövlət başçısıdır. Natiqlər bu uğurların davamlılığı üçün ucarlıları cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Pirkənd kənd sakini Nurlan Əliyev və Qaracallı kənd sakini Ziya Mikayılov çıxış edərək ötən 15 ildə cənab İlham Əliyevin hər bir Azərbaycanlının prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə onun namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.

Orxan Vahidoğlu, «İki sahil»