19 oktyabr 2023 15:29
189

Xaçmazda mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark” MMC-də hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə FHN-in Şimal Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Mərkəzin əhatə etdiyi ərazi üzrə Nazirliyin müvafiq struktur bölmələrinin nümayəndələri və “Yalama Aqropark” MMC-nin Mülki müdafiə qərargahı cəlb olunub.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, rəhbər heyətin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.