26 oktyabr 2023 13:17
604

“Uğur üçün bacarıqlar” - “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində növbəti konfrans

25 oktyabr tarixində Bakı Biznes Universitetində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən həyata keçirilən “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində “Uğur üçün bacarıqlar” adlı növbəti konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Mərkəzi Karyera Filialının əməkdaşları, spiker qismində BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov, Dayanıqlı inkişaf üzrə müşavir Şəms Mustafayeva və Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov, Karyera və məzunlarla iş mərkəzinin direktoru Qafar Bağırov, müəllimlər və 200-dən çox tələbə heyəti iştirak edib.  

Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi  Abasquliyev mövzunun aktuallığı və önəmindən bəhs edib. Ü.Abasquliyev Agentlik tərəfindən əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, karyera inkişafı və digər bu kimi istiqamətlərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat verib. Sədr müavini Bakı Biznes Universitetinə tədbirin təşkili və sıx tərəfdaşlıq münasibətilə təşəkkürünü bildirib.

Bakı Biznes Universitetinin tələbələrlə iş üzrə prorektoru Cavidan Heydarov tədbir işitrakçılarını salamlayaraq tədbirin universitetdə keçirilməsindən məmnunluğunu bildirib. C.Heydarov Bakı Biznes Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin sıx əməkdaşlıq etdiyini vurğulayaraq tərəfdaşlığın davamlı olmasını arzulayıb. Prorektor tələbə və məzunların bacarıqlara yiyələnməsi və onların məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində Universitetin strategiyası və həyata keçirilən işlər barəsində məlumat verib.

Daha sonra spiker qismində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Müşfiq Cəfərov “Əmək bazarına aparan yol” mövzusunda təqdimatla çıxış edib. Millət vəkili karyera yolunda uğur qazanmaq üçün 10 mühüm tövsiyə barəsində danışıb və dəyərli məsləhətlərini tələbələrlə bölüşüb.

Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov isə “Fərqli gələcək” mövzusunda təqdimat edərək tələbəlik dövrünü daha məhsuldar keçirməyin yolları və bu istiqamətdə  şəxsi təcrübələri haqqında danışıb.

Konfransın növbəti spikeri BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Əmək bazarının dəyişkənliyi” adlı təqdimatla çıxış edərək iş dünyasının yeni ehtiyacları, tələbləri, gələcəyin peşələri və bacarıqları, xüsusilə günümüzdə müstəqil öyrənmə bacarığının əhəmiyyəti barəsində düşüncələrini bölüşüb.

“Sosial zəka-önəmli iş bacarığı” mövzusunda təqdimat edən Dayanıqlı inkişaf üzrə müşavir Şəms Mustafayeva müasir əmək bazarında uğur qazanmaq üçün emosional zəkanın önəmindən danışıb. Ş.Mustafayeva ünsiyyət, dinləmə, empatiya, sosial rollar kimi bacarıqların karyera inkişafında rolunu dəyərləndirib.

Konfransın yekununda sual-cavab sessiyası keçirilib və spikerlər tələbələr tərəfindən ünvanlanan sualları cavablandırıblar.