Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı"na uyğun olaraq Bərdə rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, təlimdə Qarabağ Regional Mərkəzinin rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. M.Feyziyev qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 173 nəfər şəxsi heyət və 34 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.