20 noyabr 2023 10:24
341

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə Vyetnamın Baş Statistika İdarəsinin Baş direktoru arasında görüş keçirilib

Noyabrın 19-da Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə Vyetnamın Baş Statistika İdarəsinin baş direktoru xanım Nquyen Ti Suonq arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə ötən il diplomatik əlaqələrinin 30 illiyinin qeyd edildiyi Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, hər iki ölkə müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin dərinləşməsində maraqlıdır. 
Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnamın Baş Statistika İdarəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xanım Nquyen Ti Suonq Vyetnamın Baş Statistika İdarəsinin fəaliyyəti haqqında ətraflı məlumat verərək statistika sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraq doğurduğunu söyləyib. O, iki ölkənin statistika qurumları arasında əməkdaşlığı təmin etmək üçün real addımlar atmağa hazır olduqlarını bildirib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib, Azərbaycanda statistika sahəsində həyata keçirilən islahatlardan və innovasiyaların tətbiqindən bəhs edib. Dövlət Statistika Komitəsinin geniş beynəlxalq əlaqələrə malik olduğunu, bir sıra dövlətlərin müvafiq qurumları ilə səmərəli əməkdaşlıq etdiyini bildirən Tahir Budaqov bu sahədə faydalı işbirliyinin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.