21 noyabr 2023 17:12
483

İcma: AŞPA-nın monitorinq proseduru bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilib

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersenin ölkəmizə səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb onların dərdlərini dinləməkdən imtina etməsi ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, bəyanatda deyilir:

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycana səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb, onların dərdlərini dinləməkdən imtina etmişdir. Xatırladaq ki, göndərdiyimiz müraciətlərə baxmayaraq, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri də bizim problemlərlə məşğul olmaqdan boyun qaçırırlar.

Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur. Əsas vəzifəsi Avropa Şurasının insan hüquqları sahəsində konvensiyalarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması olan AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilib.

Qərbi Azərbaycan İcması ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir".