21 noyabr 2023 17:58
382

İSESCO rəsmisi Qərbi Azərbaycanda baş verənlər barədə məlumatlandırılıb

Qərbi Azərbaycan İcmasında İSESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Ramata Almamy Mbaye ilə görüş keçirilib, qonaq Qərbi Azərbaycanda baş verənlər barədə məlumatlandırılıb.

“İki sahil” xəbər verir ki, görüşdə İSESCO-nun Baş Qərargahında Sosial və İnsan elmləri üzrə Departamentinin direktoru Ramata Almami Mbaye və İSESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin əməkdaşı Dinara Quliyeva ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahımqızı, Şuranın üzvü, deputat Səbinə Xasayeva, qurumun sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.

Görüş zamanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahımqızı qonaqlara son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gələnlər, o cümlədən ötən əsr boyunca dörd dəfə öz ata-baba yurdlarından deportasiya edilmələri barədə məlumat verib. Şura sədri bildirib ki, bu sürgünlər nəticəsində qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi də zərbə alıb. M.İbrahımqızı Qərbi Azərbaycanda 300-dən çox məscidin, 500-ə yaxın qəbristanlıq və ziyarətgahların dağıdıldığını, yeganə yerlə yeksan olunmamış Göy Məscidin isə başqa millətə məxsusmuş kimi təqdim edildiyini söyləyib.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının, deputat Səbinə Xasayeva qərbi azərbaycanlı qadın və uşaqların köç zamanı dərin ağrı-acılar, çətinliklərlə üzləşdiyini, dörd deportasiya zamanı qətlə yetirilənlər arasında çox sayda qadın və uşaqların olduğunu bildirib. Qeyd edib ki, məhz qadınların xüsusi maraq göstərdiyi xalçaçılıq sənəti, milli kulinariya kimi istiqamətlər də deportasiya qurbanları sayılır.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sözçüsü Ülviyyə Zülfiqar 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənətinin timsalında Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan ədəbiyyatının, folklorunun, teatr sənətinin də sözügedən faciəli hadisələr nəticəsində dərin yaralar aldığını, soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdaraq orda yaşamalarının bu mədəniyyəti də yenidən canlandıra biləcəyini qonaqların diqqətinə çatdırıb.