21 noyabr 2023 18:56
245

Bölgədə qarışıqlıq arzusunda olanlara konkret və sərt cavab - ŞƏRH

Prezident İlham Əliyevin 20 noyabr tarixli çıxışı bütün regionun siyasi gündəmini növbəti dəfə müəyyən etdi. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlətimizin başçısı həssas məsələlərə konkret şəkildə aydınlıq gətirdi və xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi.

Bu fikirlər politoloq A.Adilin “Bölgədə qarışıqlıq arzusunda olanlara konkret və sərt cavab” sərlövhəli məqaləsində yer alıb. 

“İki sahil” məqaləni təqdim edir.

Prezident İlham Əliyev tərəfindən verilmiş mesajların bütün siyasi çalarlarını anlamaq və hiss etmək üçün, ilk növbədə, iki məsələni mütləq nəzərə almalıyıq: İraq Prezidenti Azərbaycandan sonra Ermənistana səfər edəcək və aydın məsələdir ki, burada səslənən mesajlar öz inkişafını Ermənistanda müxtəlif interpretasiyalarda tapa bilər. Hər hansı dövlət başçısının rəsmi səfəri mütləq beynəlxalq mətbuatın diqqətində olacaq və müxtəlif siyasi kontekstlərdə ictimaiyyətə təqdim ediləcək. Qeyd edilənlərin nəzərə alınması olduqca zəruridir.

Məqalənin formatını nəzərə alaraq, Azərbaycan Prezidentinin mövcud kontekstdə məzmun və mahiyyət etibarı ilə əhəmiyyətli hesab olunan cəmi bir neçə mesajını qısa da olsa qeyd etmək zəruridir. İnformasiya məkanının açıqlığı və əhalinin siyasi savadlılığı kifayət edəcək ki, həmin mesajların ölkəmiz və ölkəmizin xarici imici üçün strateji əhəmiyyəti adekvat şəkildə dəyərləndirsin.

Mesaj 1. “Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik”. Qeyd olunan sözlər Azərbaycanın şərtsiz Qələbəsinin tarixi nailiyyət və obyektiv həqiqət kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına xidmət edir. Suverenliyin toxunulmazlığı ölkəmizin prinsipial mövqeyidir və bu məsələdə hər hansı güzəşt qəbulolunmazdır. Əslində Prezident bu sözlərlə sülh danışıqlarının və birgəyaşayışın Azərbaycan üçün prinsipial hesab edilən şərtlərini səsləndirmiş olur.

Mesaj 2. “Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər”. Ehtimal edə bilərik ki, sözügedən mesaj, eyni zamanda, Ermənistan cəmiyyətinə yönəlib və bildirilir ki, rəsmi İrəvanın qərarları erməni xalqının maraqlarına yox, Qərb kuratorlarının regiondakı geosiyasi ambisiyalarının ödənilməsinə xidmət edir.

Mesaj 3. “Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır”. Belə bir fikrin səsləndirilməsi ilə Prezident İlham Əliyev təkcə ölkəmizin hərbi gücünü nümayiş etdirmir, eyni zamanda, Azərbaycanın geosiyasi qərarları müstəqil və milli maraqlara uyğun şəkildə qəbul etmək iqtidarında olduğunu nümayiş etdirir.

Mesaj 4. “Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır”. Kifayət qədər açıq və aydın olan bu mesaj əslində bildirir ki, regionun gələcəyini və gələcək münasibətlərinin arxitekturasını bu regionda olan ölkələr özləri müəyyən etməlidir. Azərbaycan Prezidentinin Gürcüstana səfərləri və səfərlər çərçivəsində səsləndirilmiş mesajlar sözügedən mülahizəni dolayısı ilə təsdiqləyir. Yalnız bu halda sabitlik və dayanıqlı inkişaf kimi amillər qonşu ölkələr arasında münasibətlərin əsas keyfiyyət xarakteristikasına çevrilə bilər. Beləliklə, dövlət başçısı açıq şəkildə bildirir ki, sönən alovu təkrar yandırmaq arzusunda olan qüvvələr təkcə Azərbaycanı hədəfə almırlar, onların geostrateji hədəfi bütün regionu asılı vəziyyətdə saxlamaqdır.

Mesaj 5. “Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər”. Bəli, qeyd olunan mesajın geosiyasi tutumu heç də az deyil, ancaq ehtimal edə bilərik ki, Prezident İlham Əliyev bu sözlərlə erməni xalqını müstəmləkə təfəkkürünün hipnoz təsirindən oyatmaq istəyir. Dövlət başçısı uzun illər ərzində bütün beynəlxalq platformalardan dəfələrlə vurğulayıb ki, Ermənistanın inkişafı yalnız Azərbaycan torpaqlarının qaytarılması və ölkəmiz ilə dost əməkdaşlıq münasibətlərinin qurulmasından keçir.

Mesaj 6. “Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Qeyd olunan mesaj ilə Azərbaycan Prezidenti bölgədə qarışıqlıq yaratmaq arzusunda olanlara açıq şəkildə işarə edir. Bəli, bu qabaqlayıcı mesajdır və məhz elə bu səbəbdən də beynəlxalq informasiya məkanında cənab Prezident müəyyən etdiyi bu kontent üstünlük təşkil etməlidir. Ümid edək ki, ölkəmizin aidiyyəti beyin mərkəzləri düzgün nəticələr çıxardacaq və adekvat tədbirlər də görüləcəkdir.

Mesaj 7. “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz”. Bəli, bu mesaj, ilk növbədə, ali siyasi iradənin nümayişidir. Ancaq Prezident İlham Əliyevin dövlət siyasətinin xüsusiyyətlərini nəzərə alaraq ehtimal edə bilərik ki, qeyd olunan mesaj, eyni zamanda, xalqın ictimai-siyasi şüurunda “qalib xalq” təfəkkürünün formalaşması prosesinə də bir töhfədir.

Mesaj 8. “Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə”. Bütün müstəvilərdə açıq üstünlüyə malik olan bir tərəfin sülhə hazır olmasının bəyan etməsi sadəcə sülh və tolerantlıq jesti deyil. Bu mesaj, ilk növbədə, beynəlxalq ictimaiyyətə sülhdən qaçan tərəfi nümayiş etdirir.

Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev diplomatik peşəkarlığını növbəti dəfə nümayiş etdirdi, bununla regionda siyasi maraqları olan qüvvələri ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa bir daha vadar etdi.