24 mart 2018 20:52
2047

İlham Əliyevə səs vermək tərəqqiyə səs verməkdir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir. Kampaniyası çərçivəsində rayondakı növbəti görüşlər ötən gün Qızılağac və Təzəkənd kəndlərində keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev bildirib ki, prezident seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır: “Cünki cənab Prezidentimiz İlham Əliyevin son 15 ildə ölkədə apardığı abadlıq-quruculuq işləri, təhsilə, səhiyyəyə, mədəniyyətə, orduya və digər sahələrə ayırdığı diqqət hər kəsin gözü qarşısındadır. Azərbaycanda son zamanlar dünya səviyyəli tədbirlərin keçirilməsi, transmilli layihələrin gerşəkləşməsi və sair kimi müsbət halları hər gün kütləvi informasiya vasitələrindən oxuyur, mavi ekranlardan görürük. Hər gün ölkəmizin simasının nə qədər dəyişdiyini, gözəlləşdiyini, yaşayış səviyyəmizin yaxşılaşmasını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik”.

Səfalı Paşayev qeyd edib ki, cənab İlham Əliyevin verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. “Mən bir daha sizləri bir vətəndaş olaraq konstitusion hüquqlarınızdan istifadə etməklə Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, xalqımız növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcək”, - deyə S. Paşayev vurğulayıb.

Tədbirdə Fərhad Abbasov, Hüseyn Əliyev, Əkrəm Qafarov və başqaları çıxış edərək seçiciləri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar. Qeyd olunub ki, cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.

Taleh Bağırov, “İki sahil”