Tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının yoxlanılmış və təkmilləşdirilmiş ikinci nəşri çapdan çıxıb.
“İki sahil” xəbər verir ki, ikinci nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur.
Giriş, üç fəsil və əlavə hissələrdən ibarət monoqrafiyada ilk dəfə olaraq qədim Zəngəzurun cənubunda yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilib. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin bütövlükdə türkmənşəli toponimlərini əhatəli şəkildə oxuculara çatdırıb. Bunlar dilimizin tarixinin tədqiqi, qədim türk ərazilərinin öyrənilməsi baxımından çox qiymətli materiallardır.
Monoqrafiyanın birinci fəslində Meğri rayonu şivələrində nitq prosesində qarşıya çıxan sait səslər və onların variantları, sait səslərin bir-birilə asanlıqla əvəzlənməsi, daha doğrusu ön sıra saitlərinin arxa sıra saitləri ilə və yaxud arxa sıra saitlərinin ön sıra saitlərilə əvəzlənməsi, dodaqlanmayanların dodaqlananlarla, açıq saitlərin qapalılarla əvəzlənməsi və s. qeyd edilir. Eləcə də bəzi sözlərin əvvəlində, ortasında və sonunda təsadüf edilən səs artımı (proteza) hadisəsi misallarla göstərilir.
Kitabın ikinci fəsli Azərbaycan dilinin Meğri şivələrinin qrammatikasından bəhs edir. Orada əsas nitq hissələri sadalanır, hər bir izah şivə nümunələri ilə tamamlanır.
Əsərin üçüncü fəsli “Sintaksis” bəhsinə həsr olunub. Orada mürəkkəb söz birləşmələri, o cümlədən təyini söz birləşmələrinin növləri sadalanır. Yarımbaşlıqlarda, ümumiyyətlə, cümlə, mürəkkəb cümlənin növləri haqqında izahlar, omonimlər, sinonimlər, habelə ayamalar, müxtəlif məzmunlu ağız ədəbiyyatı nümunələri barədə də maraqlı misallar diqqətə çatdırılır.
Monoqrafiyanın əlavə hissəsi də xüsusi maraq doğurur. Orada Meğri şivələrində mövcud olan zəngin leksikanı görmək mümkündür. Lüğətə daxil edilmiş leksik material minə yaxın söz və söz birləşmələri şəklində şərh edilir.
İkinci nəşrin redaktoru professor Abbas Abbasovun fikrincə, bu monoqrafiya müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü “Qərbi Azərbaycana Qayıdış” strategiyasının tərkib hissələrindən biri kimi dəyərləndirilə bilər. Professor bu barədə yazır: “Əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, Türk Dövlətlər Birliyinin birbaşa quru yolla əlaqələrinin möhkəmlənməsi, Şərqlə Qərb arasında açılacaq yeni yola elmi dəstəkdir”.
Professor Abbas Abbasov müəllif Əhmədəli Əliyevin həyat yoluna və elmi yaradıcılığına da toxunub. Qeyd olunub ki, Əhmədəli İsmayıl oğlu Əliyev 1922-ci il martın 31-də Zəngəzur mahalının Nüvədi kəndində dünyaya göz açıb. Keşməkeşli ömür sürmüş Əhmədəli Əliyev nə qədər ailə və məktəb-maarif qayğıları ilə yüklənsə də, doğma Nüvədinin və eləcə də ətraf kəndlərin təsərrüfat işlərində, el şənliklərində yaxından iştirak edir, hər bir el ağsaqqalı və ağbirçəyinin, əliqabarlı insanların, ziyalıların dilindən süzülüb gələn maraqlı söz-söhbətləri dinləyir və bütün bunları gələcək tədqiqat işlərinə tətbiq edəcəyi barədə daim düşünüb-daşınırdı. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin Meğri şivələri” adlı dissertasiya mövzusunu təsdiq də etdirmişdi. Dissertasiya işinin müzakirəyə verilməsi ərəfəsində bədxah qonşularımız bütün Qərbi Azərbaycan ellərinə aramsız basqınlar edirdilər. 1988-1991-ci illərdə Qərbi Azərbaycan torpaqları büsbütün boşaldılır. Bakıya gələn Əhmədəli müəllim burada qohum-qardaşın və dost-tanışlarının dəstəyi ilə ev şəraiti qurur, Zəngilanın köçkün məktəblərində müəllimlik edir. Eyni zamanda, tədqiqat işini tamamlayır və elmi müzakirəyə verir. Bütün müzakirə mərhələlərində bu əsərə yüksək səviyyəli elmi-tədqiqat işi qiyməti verilsə də, işin müdafiəsi istiqamətində ciddi bürokratik əngəllər də meydana çıxdığından Əhmədəli müəllim “Azərbaycan dilinin Meğri şivələri” adlı hazır dissertasiya işinin yalnız monoqrafiya kimi çap olunması qənaətinə gəlir.
Qeyd edək ki, monoqrafiyanın birinci nəşrindən sonra bu əsər barədə çoxsaylı müraciətləri nəzərə alan Əhmədəli Əliyevin övladları akademik Fikrət Əliyev və professor İsmayıl Əliyev bu əsəri yenidən nəşr etdirdilər. Onlar bu barədə belə deyirlər: “Atamızın apardığı bu elmi axtarışların nəticəsi təxminən qırx ildən sonra ilk dəfə monoqrafiya kimi çap olunub işıq üzü gördü. Mütəxəssislərin təbirincə desək, “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyası elmi ad almaq üçün deyil, ulu tariximizi yaşatmaq üçün yazılmışdır. Bu monoqrafiya Zəngəzurun bir hissəsi olan Meğri rayonunun qədim türk torpaqları olmasının təsdiqi haqqında nadir bir salnamə kimi qəbul olundu... Atamız Əhmədəli müəllim monoqrafiyanın ilk nəşrini Ulu Öndər Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə hədiyyə etmişdir. Kitabın 2003-cü il iyunun 27-də AMEA-nın Rəyasət Heyətində təqdimatı keçirilib. Atamızın ruhu şad olsun deyə, biz monoqrafiyanın təkmilləşdirilmiş ikinci nəşrini də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edirik”.