24 noyabr 2023 10:53
286

İcma: Özünü yalandan “demokratik” ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək

Son günlər Ermənistan rəsmiləri Avropa İttifaqının səfirləri ilə görüşmək üzrə yarışa çıxıblar. Ermənistan Parlamentinin spikeri, əksər hallarda danışdığı sözün mahiyyətini dərk etməyən Alen Simonyan isə lap “uzağa gedərək” Azərbaycanı Avropa İttifaqı tərəfindən təklif edilən görüşlərdə iştirak etməməkdə, hərbi ambisiyada ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, əgər Ermənistan həqiqətən sülhdə maraqlıdırsa, onda nə üçün sülh müqaviləsinə dair Azərbaycanın təkliflərinə cavabını 2 ay yarım yubadıb? Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda nəyə görə başda Fransa olmaqla bir sıra ölkələrdən silah alır? Sülh istəyən ölkə nəyə görə regiondan kənar qüvvələri bölgəyə gətirmək istəyir:

"Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan ucuz şou, qarayaxma ilə məşğul olmamalı, sülh üçün real və səmimi addımlar atmalıdır. “Timsah göz yaşları”, özünü yalandan “demokratik” ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək".