44 günlük İkinci Qarabağ müharibəsində Lənkəranın igid oğlanları Vətən torpaqlarının azadlığı naminə sözün əsl mənasında qəhrəmanlıq nümunəsi göstərblər. Azərbaycan xalqının tarixinə qeyrət, şərəf, hünər səhifəsi kimi yazılan haqq savaşımızda lənkəranlılar 67 şəhid veriblər. Burada kiçik də, böyük də onların hər birinin xatirəsini əziz tutmağı özlərinə ən müqəddəs borc bilir. Lənkəran eli üçün iftixar mənbəyi, qürur yeri olan Afərin Müqəddəs oğlu Qulamzadə, Ülfət Qabil oğlu Babazadə, Əflatun Mircahangir oğlu Fərəcov da torpağı qani ilə Vətən edən qəhrəmanlar sırasında dururlar. Bu, Vətən sevdalıların əbədiyyət adlı ulduzlu dünyasına qovuşduğu gündən üç il ötdü. Onlar cismən aramızda olmasalar da, milyonların ürəyində özlərinə əbədi məkan qurublar. Hər üç ölməz qəhrəmanın anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin uyuduğu müqəddəs torpağı ziyarət edib, əziz xatirələrinə ehtiram əlaməti olaraq məzarları önünə gül dəstələri düzdülər.
Söhbət zamanı bildirildi ki, Afərin, Ülfət, Əflatun millətinə, Vətəninə olan sonsuz məhəbbətini ağır müharibə meydanlarında yağıya qan qusdurmaqla bir daha sübut etdilər. Ən ali, şərəfli olan şəhidlik zirvəsinı yüksəlməklə öz xalqının mənliyini, kimliyini bütün dünyaya bildirdilər. Odur ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.
Lənkəranın Mamusta kəndində dünyaya göz açan, ölümündən sonra Ali Baş Komandanın sərəncamları əsasında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Afərin Müqəddəs oğlu şəhidlik şərbətini dadanda ömrünün 21-ci ilini yaşayırdı . Qəlbi Vətən eşqli igid döyüşçü müharibəyə qatıldığı gündən düşmənə qan uddurub. Neçə-neçə ölüm-dirim savaşından zəfərlə çıxıb. Axırıncı döyüş yeri Xocavənddə olub. Erməni dığaların onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Təəssüf ki özü də yağı gülləsinə tuş gəlib.
Həyatı dərk edən gündən əsas amalı millət, dövlət yolunda vicdanlı xidmət olan Ülfət Babazadə 2000-ci ildə Lənkəran rayonu, Daştatük kəndində anadan olub. O, 2019-cu ildə ordu sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Əsgər Ülfətin vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarıq və qabiliyyətləri, Vətənə, torpağa sədaqəti aydın şəkildə özünü göstərdiyi üçün o, Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətə göndərilib . Düşmənə nifrəti, qəzəbi isə Ülfətə daha da qüvvət verib. Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa uğrunda ağır əməliyyatlarda cəsarət nümayiş etdirib. Qısa ömrünə qəhrəmanlıq, mərdlik yazılan Ülfət Noyabrın 9-da - müharibənin son günündə,- Şuşa döyüşləri zamanı şəhid olub. Bir müddət sonra doğma kəndində torpağa tapşırılıb. Qanı bahasına Vətəni alınmaz qalaya çevirən Lənkəranın igid oğlu ölümdən sonra dövlət tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Kəlbəcərin “Şuşanın azadlığına görə medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının, Suqovuşanın azadlığı uğrunda medallarla təltif olunan Əflatun Fərəcov Lənkəranın Osakücə kəndində boya-başa çatıb. Dünyaya gəlib-getməyi cəmi 21 çəkdi. Qaldı ki, bu qısa ömür yolunda gələcək nəsillərə örnək olacaq bir tarix yazıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan Əflatun doğma Azərbaycanın müqəddəs bir parçası olan Qarabağın işğalına qarşı həmişə barışmaz mövqe tutub. Əlinə silah alıb döyüş meydanda yağıya od qoymaq istəyi onu rahat buraxmayıb. Nəhayət, 2000-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanıb. 30 il əsir düşən əzəli yurd yerlərinin azad olunması istəyi ilə döyüşlərdə böyük şücaət göstərib, əzmlə vuruşub. Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunmasında daha çox fərqlənib. Son nəfəsdə də “Vətən” deyib şəhadətə yetib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü