28 noyabr 2023 15:05
167

ABŞ Azərbaycanda agentura şəbəkəsi yaratmağa çalışıb - Cavid Osmanov

"Demokratiya, söz azadlığı ABŞ-nin digər ölkələrə müdaxiləsi üçün əsas vasitələrdən biridir. Hər kəsə yaxşı məlumdur ki, demokratiya, söz azadlığı adı altıns, əslində, ABŞ öz maraqlarını güdür."

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, media azadlığı da ABŞ-NİN digər ölkələrə müdaxiləsi üçün əsas vasitələrdən biridir.

“ABŞ hər zaman müxtəlif ölkələrdə baş verən eyni proseslərə öz maraqlarına uyğun olaraq müxtəlif mövqe nümayiş etdirir. Misal üçün, bir ölkədə hər hansı kiçik məsələ ilə bağlı kəskin mövqe ortaya qoyur, məsələni həddən artıq şişirdir, digər bir ölkədə baş verən ciddi məsələlərə isə göz yumur. Azərbaycanla münasibətdə də biz ABŞ-nin bu mövqeyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycanda hətta qanuni müstəvidə baş verən bir məsələni şişirdib qanun pozuntusu kimi qələmə verir, Ermənistanda isə kobud insan hüquqları pozuntusuna göz yumur.

Misal üçün, Ermənistanda ifadə azadlığının və sərbəst toplaşmaq hüquqlarının daha da məhdudlaşdırıldığını, əlillərə qarşı və gender əsaslı zorakılığın artdığını görərik. Korrupsiyanın baş alıb getməsi, yetərincə şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin vəziyyəti hələ də problem olaraq qalmaqdadır. Lakin ABŞ bu məsələdə susqunluq nümayiş etdirir”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, ABŞ bu cür niyyətlərini həyata keçirmək üçün ölkələrdə öz agentura şəbəkəsini yaratmağa çalışır.

“Eyni zamanda, müxtəlif özünü media mənsubları adlandıran şəxsləri maliyyələşdirərək, onlardan öz məkirli niyyətləri üçün istifadə etməyə çalışır. ABŞ Azərbaycanda da bu cür şəbəkə yaratmağa çalışıb və onlara külli miqdarda vəsaitlər ayırıb. Bu cür hərəkətlər həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquq normalarına ziddir”, - deyə deputat əlavə edib.