29 noyabr 2023 01:57
353

Maskalarınızı çıxarın!..

ABŞ-da Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı bir qurum var. Bu qurum məramının guya zəif inkişaf etmiş ölkələrə dəstək göstərmək olduğunu bəyan etsə də reallıqda onun əsas vəzifəsi digər dövlətlərin daxili işlərinə qarışmaq,  həmin ölkələrdəki vəziyyəti öz istəyinə uyğunlaşdırmaqdır. Hətta ABŞ-ın  hansısa regionda maraqları təhlükəyə düşəndə Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda çıxış edən həmin təsisat daha da aktivləşir və sözügedən ölkənin hədəfində olan dövlətlərdə “demokratiyaya dəstək” adı altında fəlakətlər törədir. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son illərdə baş verən xaosun, qarşıdurmaların artmasında USAID-ın izləri açıq-aşkar görünür? “Rəngli inqilab”lar dalğasında da bu qurumun əli vardır. Bu yaxınlarda Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAID-i ifşa edən rəsmi açıqlama yayaraq onu bu ölkədə inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi? USAID  artıq Ermənistanı da, əgər belə demək mümkünsə, ələ alıb. 

ABŞ-ın “demokratiya dəyənəyi” rolunda çıxış edən USAID Azərbaycanda da dəfələrlə qarşıdurma və gərginlik cəhdlərinə rəvac verib. Amma onların heç biri baş tutmayıb. 44 günlük müharibədən və bu ilin sentyabrında Qarabağdakı separatçı qurumun varlığına birdəfəlik son qoyan 23 saatlıq lokal antiterror tədbirlərindən sonra ölkəmizdə iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan USAID artıq sırf Co Bayden administrasiyasının göstərişləri ilə hərəkət etməkdədir. Məlum olduğu kimi,  hazırda Ağ ev öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş rəsmi Bakıya hədyanlar yağdırır, açıq şəkildə Ermənistanın tərəfini tutur. Hətta ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar bəyanat qəbul edib.  Həmin sənədə əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana dövlət yardımının qadağan olunmasını nəzərdə tutur. Bəli, hazırki durumda Azərbaycanı zəiflətmək rəsmi Vaşinqtonun maraqları çərçivəsindədir. Bu səbəbdən ermənipərəst USAID-ın  fəallığı yeni fazaya qədəm qoyub desək, yanılmarıq. Üstəlik,  bu qurum ölkəmizdə anti-milli şəbəkəsinin fəaliyyətini gücləndirməyə çalışır. Bu, lokal xarakterli antiterror tədbirlərini “Azərbaycanın hərbi əməliyyatı”, Qara­bağ iqtisadi rayonunu “Dağlıq Qara­bağ” adlandıran və “ABŞ Dağlıq Qarabağdan olan etnik ermənilərə dəstəyini davam etdirir” deyən, bütün bunlarla da ictimai rəyi çaşdırmaq yolunu tutan, ermənidən betər ermənilik edən qurumun direktoru Samanta Pauerin çıxışlarında da aydın görünür. Qeyd edək ki, onun hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, ölkə­mizə münasibətdə barışmaz mövqe tutan, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz sərvətini artıran Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri”, rusiyalı erməni milyarder Ruben Vardanyanla sıx əlaqələri olub. Rəsmi Bakı USAID-lə isti münasibətləri olan Vardanyanı həbs etməklə həm də bu beynəlxalq təşkilatın iç üzünü ifşa edib.

Yuxarıda qeyd etdik ki, münaqişə başa çatandan sonra USAID ənənəvi taktikasını dəyişib. Belə ki,  bu qurum öz qrantları ilə ələbaxan, media orqanlarına daha yaxın olmağa, onları özünün xalis “müsəlləh əsgərlər”inə çevirməyə çalışıb. APA-nın əldə etdiyi məlumata görə, antiterror əməliyyatlarından bir ay sonra emissarlar Avropaya, daha çox Parisə çağırılmağa başlanılıb. “Abzas Media” portalının nümayəndəsi də onların arasında olub. Emissarlara verilən əsas təlimat Qarabağa qayıdan məcburi köçkünlərlə bağlı yaranmış lokal xarakterli problemləri şişirtmək, burada baş verən hər hansı mübahisəni böyük narazılıq kimi cəmiyyətə çatdırmaq və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmaması üçün qara piar kampaniyasının qurulmasından ibarət olub. USAID-in ifşa olunması  bir daha göstərdi ki, cəmiyyətimiz bu təşkilatın istər xaricdəki, istərsə də daxildəki nökərlərinin aldıqları qrantlar naminə “təbliğatına” uymayacaq qədər sayıqdır. Bəli, artıq Azərbaycan 1991-ci ildəki deyil, bu ölkə kifayət qədər inkişaf yolu keçib. Problemlərini də müstəqil siyasəti ilə yoluna qoyur.

Qeyd edək ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barələrində həbs qətimkan tədbiri seçilib. Şübhəsiz, bunu həm də bu sayaq davranmaq istəyənlərə bir mesaj kimi dəyərləndirmək olar. Bəli,  xaricdən ölkəmizə ayaq açan belə  təhlükələrin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır. Necə deyərlər, örkən nə qədər uzun olsa da yenə də gəlib doğanaqdan keçər. Bunu ölkəsinə, dövlətinə xəyanət yolu tutaraq USAID-ın və onun kimi digər təşkilatların təsiri altına düşənlər unutmamalıdırlar.

Qeydlərimizi isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazdığı bu sözlərlə bitirmək istərdik: “Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!”

Qvami Məhəbbətoğlu, “İki sahil”