29 noyabr 2023 01:36
299

ABŞ-ın məkrli siyasəti Türkiyə-Azərbaycan qardaşlığını sarsıda bilməz

Prezident İlham Əliyevin vurğuladığ kimi, «Qızılalma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə bu birliyi təmsil edir

Cənubi Qafqaza soxulmaq, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəl törətmək üçün bütün çirkinliklərə əl atan Amerika Birləşmiş Ştatlarının növbəti təxribatı «Qara qızın dərdi varmış» el məsəlinə oxşayır. ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb etməsi Ağ Ev rəsmilərinin dostluq, əməkdaşlıq, birgə fəaliyyət, sabitlik, sülh barədə məfhumlardan bixəbər olduqlarını göstərir. Dövlətlər arasında qızışdırıcı əməlləri, katalizatorluğu ilə tanınan, müxtəlif xalqların milli dəyərlərini özünün şovinist, imperialist, separatizm, terrora «yaşıl işıq» siyasətində «əridən» ABŞ-ın qardaş Türkiyəyə siyasi əxlaqsızlıq mənasında anlaşılan iyrənc təklifi bəlkə də dünya tarixində rast gəlinməyən eybəcərlikdir. Məsələyə münasibətini «Bu, hətta öz müttəfiqləri ilə təzyiq dilində danışan, təhdid edən ABŞ-ın ikiüzlülülyünün göstəricisidir» sözləri ilə bildirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin vurğuladığı kimi, görünür, ABŞ Administrasiyasının başbilənləri Türkiyə-Azərbaycan qardaşlığının əsərlərə söykənən tarixi ənənələrindən xəbərsizdirlər. Okeanın o tərəfində hazırladıqları «soyuq siyasət»lərini Cənubi Qafqazda isitmək istəyən ABŞ Administrasiyasının başbilənləri bilməli idilər ki, «Bir millət, iki dövlət» olan Türkiyə ilə Azərbaycanı yalnız siyasi və mənəvi münasibətlər birləşdirmir. Bu iki xalqın ruhu, dəyanəti, milli qüruru, tarixə bağlılığı eynidir. Türkiyə ilə Azərbaycan biri-birinə təkcə hərbi sahədə deyil, bütün istiqamətlər üzrə dəstək göstərir, eyni mövqedən çıxış edirlər. İkinci Qarabağ müharibəsində qardaş dəstəyini Azərbaycandan əsirgəməyən Türkiyə xalqı Zəfərimizə də eyni səviyyədə sevindi. Bütün dünya ictimaiyyəti Vətən müharibəsində əsrlərin sınağından çıxmış bu qardaşlığa alternativ olmadığına şahidlik etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dünyada Türikyə ilə Azərbaycan qədər biri-birinə yaxın ikinci dövlətlər yoxdur. Başları bölgələrdə milli münaqişələr yaratmağla , terrorçu dəstələri maliyyələşdirməylə , xain planlarını milyonların qanları üzərindən həyata keçirməylə, başqalarının haqq savaşına çomaq soxmağla qarışan ABŞ rəsmiləri görünür Vətən müharibəsindən sonra hər iki qardaş xalqın maraqlarının ifadə olunduğu Şuşa Bəyannaməsindən də «bixəbərdirlər.» Azərbaycanın torpaqlarını Ermənistanın işğalından öz gücü ilə azad etməsi, ədalətin Qələbəsi ilə heç cür barışmayan Birləşmiş Ştatlar öz gücsüzlüyünü etiraf etməkdən çəkinirlər.

Artıq bütün dünya ictimaiyyətinə də bəllidir ki, “F-16”, “F-35”lərin Türkiyəyə verilməməsini bəhanələrlə sübuta yetirməyə çalışan Cozef Bayden Administrasiyasının qarın ağrısı nökəri Ermənistandan istifadə etməklə Cənubi Qafqazda hegemonluğu ələ almaqdır. Amma bu cür hiylələr artıq tarixdə qalıb. Bunun üçün çoxsaylı bəhanələr ortaya ataraq Türkiyəyə təzyiq göstərmək, Azərbaycana yardım məsələsini dayandırmaq artıq məhfə məhkum «Amerika demokratiyası» nı dirildə bilməz. NATO kimi qüdrətli hərbi blokda birgə təmsil olunan ABŞ-ın Türkiyəyə bu cür münasibəti elə amerikasayaq qırdı- qaçdı siyasətinin təzahürüdür.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəliş edib. Dəyişikliyə əsasən Türkiyə Yunanıstanın «hava məkanını pozduğu» müddətcə ABŞ administrasiyası yeni «F-16» təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmayacaq. Ağ evin «Azərbaycana dəstəyi kəs», «F-16» al!» siyasəti xəyaldan başqa bir şey deyildir.

ABŞ bu günədək ölkəmizə səfir təyin etməməsi də Birləşmiş Şttaların Azərbaycana sonsuz qısqanclığının, erməni sevgisinin ifadəsidir. Erməni lobbisinin və diasporunun səslərindən məhrum olacaqlarını düşünən ABŞ və Fransanın eyni siyasətdən qaynaqlanan seçimləri, səfirlərini Şuşaya göndərməmələri, Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti tərəfindən Şuşa şəhərinə təşkil edilmiş səfərlərdən imtina etmələri diplomatik qaydalara uyğun olmayan etinasızlıqdır. ABŞ-dakı rəsmilər erməni lobbisinin çirkli pullardan məhrum olacaqlarından qorxduqarı üçün Qarabağ və Şərqi Zəngəzura səfərləri Ermənistan tərəfdən etməyə üstünlük verirlər. Buna görə də Vətən müharibəsindən Xankəndidə keçirilən paraddan xoflananlar erməniləri susdurmaq üçün Azərbaycanın guya Zəngəzur dəhlizi istiqamətində hərbi əməliyyata başlayacağı barədə yalanlar uydururlar. Azərbaycana qarşı tətbiq olunan «Azadlığı Müdafiə Aktı»na 907-i düzəlişi «diriltmək» üçün bəhanə axtarırlar.

Belə çıxır ki, Ağ Evin qərarı ilə davranışları arasında kəskin ziddiyyət və məntiqsizlik var. İstədiyi zaman tərəfdaş adlandırdığı ölkələrlə münasibətləri pozmağı siyasətinin əsas prinsiplərindən hesab edən Bayden Administrasiyası Azərbaycanla normal əməkdaşlığa da bu meyarlarla dəyər verir. Sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək göstərməkdə maraqlı olduğunu iddia edən rəsmi Vaşinqton son əməlləri ilə də təsdiq edir ki, terrora dəstək bu dövlətin maraq dairəsində olan əsas məsələdir.

Bu ilin 19-20 sentyabrında antiterror tədbirindən, separatçı xunta rejimi ağ bayraq qaldırandan sonra Ağ Evin Azərbaycana münasibətinin ermənisayaq dəyişməsi, ölkəmizə qarşı bütün istiqamətlər üzrə təzyiq və şantaj siyasətinə əl atması utancverici əməldir.

Belə halda bizim də Ağ Evə sözümüz var. Türkiyə ilə Azərbaycan arasında planauyğun təşkil olunan hərbi təlimqlər bölgədə sabitliyin təminatına xidmət edir. İki qardaş ölkənin hərbi qüdrətini artırır. Bakıda, İstanbulda, İzmirdə keçirilən «TEKNOFEST» Aerokosmik və Texnologiyal festivallarında iki qardaş ölkənin gənclərinin hərbi texnologiyalar üzrə təlimatlandırılmaları, Azərbaycanda Bayraqdar Mərkəzinin yaradılması ilə daha da qüdrətlənəcək hər iki dövlətin başqalarının texnikalarına ehtiyacı yoxdur. Bu gün Türkiyə ilə Azərbaycan dünyada hərbi qüdrətləri ilə seçilən güclü dövlətlərdəndirlər. Prezident İlham Əliyevin vurğuladığ kimi, «Qızılalma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə Türkiyəni təmsil edir. Bu iki qardaş arasındakı dostluğu ABŞ-ın, Fransanın «keçinin suyu bulandırması» sayaq qərəzli, məkrli siyasəti, fitnəkarlığı, yalanları sarsıda bilməz.

Xuraman İsmayılqızı, «İki sahil»