29 noyabr 2023 01:15
278

Diplomat, siyasətçi, yoxsa?..

Bəzi beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının (Aİ)Azərbaycana xoş niyyətinin olmadığı hər kəsə məlumdur. Adı beynəlxalq təşkilat olsa da haqq-ədaləti, obyektivliyi bir tərəfə ataraq cılız və kiçik bir zümrənin barmaq işarəsi ilə fəaliyyət göstərməkdə davam edir. Təşkilatın adından danışan bəzi nümayəndələri isə Azərbaycanın ziyanına ağızlarına nə gəldi üyüdüb tökür, özlərini dərin siyasətçi kimi aparırlar. Ancaq danışdıqlarına diqqət yetirəndə açıq görünür ki, o boyda postu məşğul edənlərin düşüncəsi orta məktəb şagirdinin səviyyəsindən də aşağıdır. Məşədi İbad demiş "Tarixi-Nadir"i yarısıncan oxumuş bu adamların nitqi anlaşılmır, nə demək istədikləri belə başa düşülmür. Onlardan birini misal göstərək. Görün başabəla siyasətçi-diplomat nə yazır?

“Biz 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq”.

Bu fikri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar mətbuata müsahibəsində söyləyib. Bu cümləsində diplomatın nə demək istədiyini yəqin özündən başqa heç kəs bilmir. Klaar anlaşılmayan nitqini belə davam etdirib: “Lakin mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və bunun hansı platformada əldə olunması daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dəfələrlə müzakirə olunub.  Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük”, - deyə Klaar qəribə cümlələr işlədib.

Adətən belə mürəkkəb cümlələri çox vaxr filosoflar qururlar. Bu Klaar isə dediyinə görə diplomatdır, siyasət adamıdır, özü də elə həssas məsələ barədə fikir yürüdür ki, gərək mənası hamı üçün anlaşıqlı olsun. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqının rəsmisi sülhə qarşı inamsızlıq yaratmağa çalışır. Kəllə-mayallaq cümlələrində də buna işarə vurur. Məntiqindən belə çıxır ki, sülh istiqamətində indiyədək aparılmış bütün danışıqlar bir tərəfə qoyulmalı, hazırlıq işlərinə yenidən başlanmalıdır. Həm də anlaşılır ki, o, ATƏTə oxşar yeni bir təşkilatın qondarılmasının tərəfdarıdır. Aciz və əfəl Ermənistana  belə adamların “müəllimlik” etmələrinin ucbatından məğlub ölkə  hərəkət trayektoriyasını itirib. 

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sərt xəbərdarlıq edib. Ermənistan tərəfi həmin xəbərdarlıqdan nəticə çıxarmasa, onda öz bəxtindən küsməli olacaq. Çünki ona düşünmək üçün kifayət qədər vaxt verilib və bu vaxtın limiti sonsuza qədər deyil. Ağılsız yollardan əl çəkməyən Hayastan davakar dairələrin fitvasına getməkdənsə yaxın qonşuları ilə dil tapıb dinc yaşamaq yolunu seçsə onun üçün daha yaxşı olardı. Nəticədə Cənubi Qafqaza sülh, əmin-amanlıq gələr, xalqlar rahatlıq tapar, ölkələr daha da tərəqqi edər. İkili standartların tətbiqi isə xalqlara yaxşı heç nə vəd etmir. "İşlər" Klaar və o ağılda olanlara qalarsa onda Hayastan gözündən batar.

Vəli İlyasov, "İki sahil"