29 noyabr 2023 00:58
415

BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

(IV yazı)

“TÜRKMƏN”ADI VƏ TÜRKLƏRDƏ ADVERMƏNİN BƏZİ ÖZƏLLİKLƏRİ HAQDA

Oğuzların mənbələrdə “türkmən” (cəm şəklində: “tərakimə”) adı ilə xatırlanması, mütəxəssislərin fikrincə, XI əsrdən başlanır  və onların İslam dininə keçmələri ilə bağlıdır. Bu, tarixdə dinini dəyişən etnosların özlərinə yeni adlar götürməsi, yaxud qaynaqlara yeni adlarla keçməsi ilə əlaqədar yeganə hal deyil. Yuxarıda Cuci ulusu “tatarlarının” (avropalılardan fərqli olaraq, ərəb səyyahı İbn Batuta onları “türk” adlandırır) müsəlmanlaşdıqdan sonra özlərini başqalarından İslamı Qızıl Ordanın dövlət dininə çevirən Özbək xanın adı ilə ayırdıqlarını xatırlatdıq. Ellinlərin ortodoks xristianlığı qəbul etdikdən sonra “Rum” adı ilə tanınmasını da buna misal göstərə bilərik. “Rum” sözü “romalı” (“yunan dilində danışan romalı”, “qreko-roman”) mənasını verən “romeos” etnoniminin təhrif edilmiş formasıdır və ərəb mənbələrində Bizansı (Şərqi Roma imperiyası) və onun etnik cəhətdən qeyri-yekcins əhalisini bildirmək üçün sıx-sıx işlənib.

Dilçi və tarixçilər “türkmən” adının etimologiyasını bir neçə şəkildə yozmuşlar:

Türkmən= türk+mən (“mən türkəm” mənasında);

Türkmən= türk+mən (“əsl türk”, “böyük türk” mənalarında: buradakı “mən”-in mübaliğə şəkilçisi olduğu güman edilir);

Türkmən=türk+ fars dilindəki “manənd” sözünün qısaldılmış şəkli (“türkə bənzər”);

Türkmən=türk+iman (“türkül-iman”, yəni “iman gətirmiş/ müsəlmanlaşmış türk”) və s.

Yozumların adekvatlıq dərəcəsindən asılı olmayaraq, “türkmən” adının müsəlman və qeyri-müsəlman oğuzlar arasında fərqləndirici funksiya daşıdığı artıq hamı tərəfindən qəbul edilən elmi qənaətdir. Oğuzlarda advermə məsələsinə xüsusi diqqət yetirmiş Ü.Buldukun aşağıdakı sözləri, əslində, bu xüsusda məlum ümumnəzəri görüşləri əks etdirir: “X əsrdən başlayaraq oğuzlar arasında müsəlmanlıq yayılmağa başlayır. Əvvəlcə müsəlman olan ilk türk qəbilələrindən karluklara aid bir boyun, sonra isə İslamı qəbul edən oğuz boylarının “türkmən” adlandırıldığı məlumdur. Türkmənlər özünəməxsus bir mədəniyyətin daşıyıcılarıdır. Bu mədəniyyətin əsasına əski köçəri türk kültürü alınmış, ancaq İslam dini və İran coğrafiyasının təsirləri də onun şəkillənməsində mühüm ünsür olmuşdur”.

•Oğuzların mənbələrdə “türkmən” (cəm şəklində: “tərakimə”) adı ilə xatırlanması XI əsrdən başlanır  və onların İslam dininə keçmələri ilə bağlıdır. Bu, tarixdə dinini dəyişən etnosların özlərinə yeni adlar götürməsi, yaxud qaynaqlara yeni adlarla keçməsi ilə əlaqədar yeganə hal deyil.

“Türkmən” kimliyindən danışarkən onu da deməyə lüzum görürük ki, XI əsrdən etibarən oğuzlar arasında əsas ayırıcı xəttin dini mənsubiyyət olması ilə birlikdə onların “təsnif edilməsi” üçün başqa  meyarlara da rast gəlirik. Belə ki, oğuzlar həm də həyat tərzi, yaşadıqları ərazilərin relyefi, başlıca məşğuliyyət sahələri üzrə fərqləndirilmişdir. Ənn Katerina Lambtonun fikrincə, “Səlcuqilər dönəmində müsəlman olan oğuzlara “türkiman”, qulam olan və İslamı qəbul etdikdən sonra azad buraxılan türk mənşəli şəxslərə “türk” deyilmişdir”.  Nəşri “Kitabi-Cihannüma”da “türk” etnonimini növ, cins bildirən toplayıcı isim  kimi işlətmiş, “türkmən” adından isə köçəri həyat keçirən oğuzları bildirmək üçün istifadə etmişdir. Onun qeydləri hələ XIV-XV əsrlərdə  bütpərəstindən müsəlmanına, köçərisindən oturağına qədər bütün türklərin geniş əhatəli bir milli birlik təşkil etməsi şüurunun mövcudluğundan soraq verir.

Ümumilikdə götürdükdə isə “türk”, “türkmən”, “yörük” və s. kimlik identifikatorlarının mənası zaman və məkana görə tez-tez dəyişmiş, daralmış və ya genişlənmişdir. Atabəylər haqqında monoqrafiyasında XII əsrin hadisələrindən bəhs edən Ə.Nəcəfin fikrincə, “qaynaqlarda “türk”, “türkmən”, “oğuz” adları köçəri türklərə şamil edildiyindən “yerləşmiş” (oturaq-N.M.) türklər məskun olduqları şəhər və əyalətlərin adıyla təbrizlilər, həmədanlılar, şirvanlılar kimi qeyd edilir”.

Oturaq həyatın kütləviləşdiyi, dövlət hakimiyyətinin gücləndiyi Osmanlı imperiyasında XIV-XV əsrlərdə köçərilərə “türkmən” və “yörük”, şəhərli əhaliyə isə “türk” deyildiyi haqda kifayət qədər faktlar mövcuddur. XV-XVI əsrlərə aid mətnlərdə osmanlıların əsil-köklərini bilsələr də artıq özlərini türkmən saymadıqları barədə məlumatlara rast gəldiyini qeyd edən Məhməd Öz, İstanbulda “türkmən” deyərkən köçəri tayfaların, yaxud da Qaraqoyunlu, Dülqədirli, Ağqoyunlu kimi tayfa dövlətləri əhalisinin başa düşüldüyünü yazır. Bir müddət sonra isə Osmanlıda siyasi-sosial səciyyəli kimlik markeri olaraq “türkmən”, “yörük” və hətta “türk” adlarının mənfi semantik çalar aldığı, köçəriləri, yaxud oturaq həyata keçən, lakin hələ ona uyğunlaşmayan icmaları bildirdiyi məlumdur ki, İstanbul elitasının həmin zümrəyə münasibətdə işlətdiyi “ətraki-biidrak” (“düşüncəsiz türklər”) qəbilindən təhqiramiz ifadələr də bunun göstəricisi sayılmalıdır.

Müəyyən qarışıqlıq yarada biləcəyini nəzərə alaraq, müxtəlif türkmən zümrələrini işarələmək üçün istifadə edilmiş iki sosial marker üzərində qısa da olsa, ayrıca dayanmağa ehtiyac görürük.

Birincisi “yörük”dür. Ü.Buldukun qeyd etdiyi kimi, eyni boya mənsub oğuz zümrələri bir çox hallarda “türkmən” və “yörük” adları ilə  fərqləndirilmiş, müəyyən vaxtlarda çöl köçərilərinə “türkmən”, dağ köçərilərinə “yörük” deyilmişdir. “Türkmən”lərin qoyunçuluq və yun toxuculuğu (keçəçilik, xalçaçılıq) ilə məşğul olduğunu, yörüklərin isə, əsasən, keçi saxladığını, keçi qılından çadır və kilim toxuduğunu diqqətə çatdıran tədqiqatçı türkmən-yörük qarşılaşdırmasını izah etmək üçün belə bir misal gətirir: “Qaracadağda və Söyüddə eyni etnik qrupdan olan Qarakeçililər yaşayır. Amma Söyüddə yaşayanlara “yörük”, Qaracadağdakılara “türkmən” deyilir”. T.Gündüz isə “yörük” terminini başqa cür aydınlaşdırır. Onun fikrincə, ilk Osmanlı fəthləri dövründə Anadoluya gələn oğuz boyları XV əsrdə “yörük” adlandırılmış və bu ad altında daha çox Qərbi Anadoluda yerləşən köçəri tayfalar anlaşılmışdır.

•Dini mənsubiyyət XI əsrdən etibarən oğuzlar arasında əsas ayırıcı xətt təşkil edir. Bununla belə onların həm də həyat tərzi, yaşadıqları ərazilərin relyefi, başlıca məşğuliyyət sahələri üzrə fərqləndirildiyini görürük.

İkinci, daha maraqlı ad isə “əkrad”dır (“kürdlər” deməkdir). XVI əsrə aid Osmanlı təhrir dəftərlərində (xüsusilə ölkənin şərq və cənub-şərq əraziləri üzrə) başqa sosial təbəqələrlə birlikdə “türkmən əkradı” (türkmən kürdləri) adlı bir zümrə də qeydə alınmışdır. İlk baxışda qəribə görünən bu fakta açıqlamasında Ü.Bulduk yazır: “”Əkrad” sözü etnik anlayış deyildi, köçəri həyat tərzindən qaynaqlanır və artıq bölgədə köçəriliyin “əkrad” (kürdlər) tərəfindən təmsil edildiyini bildirirdi”.  Osmanlı dövlətinin yeritdiyi sərt məskunlaşdırma siyasəti nəticəsində XVI əsrdə əksər köçərilərin artıq oturaq həyata keçdiyini bildirən alim, onu da qeyd edir ki: “Afşar, bəydili, dögər/dügər, qarakeçili kimi türkmən əşirətləri də “əkrad” kimi qeyd olunmuşdu. Dülqədirli, hələb, danişməndi, boz ulus kimi böyük türkmən təşəkküllərinin içində də bəzi oymaqlar belə adlandırılırdı.” Maraqlıdır ki, müşahidələr köçəri türkmənlərin “əkrad” adlandırılmasının XVI əsrdə ortaya çıxan bir məsələ olmadığını göstərir. Misal üçün, Ə.Nəcəf qaynaqlarda Səlahəddin Əyyubi (1137-1193) haqqında keçən “Aninin kürdlərindəndir” ifadəsini “Ani ətrafında yaşayan türklərdəndir”,- şəklində “oxuyur” və əlavə edir ki: “Cahizdən də bildiyimiz kimi bu söz orta əsr ərəb mənbələrində “köçəri”, “dağlı” mənasındadır”. Ən maraqlısı isə Türkiyədə bu gün də özlərini “türkmən əsilli kürd” kimi təqdim edən icmaların qalmasıdır. Fəxri Uğurlu bir məqaləsində Azərbaycanın İstanbuldakı sabiq konsulu Abbas Abdulla ilə söhbətlərindən belə bir misal gətirir: “Dedi ki, Diyarbəkirin gözdən-könüldən uzaq dağlarında kəndlər gördüm, əhalisi eynən bizim kimi danışırdı. Onlardan kimliklərini, hansı millətdən olduqlarını soruşanda belə cavab verdilər: özümüz kürdük, əslimiz türkməndir”.

Göründüyü kimi, “türkmən” kimliyinin yaranması ilə oğuzların dini, sosial-məişət və məşğuliyyət mənşəli identifikasiya markerləri iç-içə keçmiş, lakin kütləvi şüurda bütünləşməmiş, ən əsası isə uzun müddət  unudulmamış, ara-sıra təzahür etmişdir.

Təfərrüata varmadan onu da söyləyək ki, oğuzların müsəlmanlaşması kompleks dini, siyasi-ictimai və etno-mədəni proses kimi XIV əsrin ortalarına qədər sürmüş, ucsuz-bucaqsız bir coğrafiyada cəmiyyət həyatının bütün sahələrinə güclü təsir göstərmişdir. Oğuzların sonrakı tarixi-ictimai inkişafı ilə bağlı müxtəlif hadisələrin şərhi zamanı bu prosesin səciyyəvi cəhətləri mütləq nəzərə alınmalıdır.

OĞUZ-TÜRKMƏNLƏR AZƏRBAYCANDA

S.Aşurbəyli, Ə.Nəcəf və b. tarixçilərin əsərlərində Dəndənəkan döyüşündən (1040) əvvəlki illərdə “Səlcuqlu bəylərindən müstəqil fəaliyyət göstərən” oğuz kütlələrinin Azərbaycan ərazilərinə basqınlar etməsi və burada qismən məskunlaşması haqqında məlumatlar yer alır. S.Aşurbəyli XI əsrin 30-cu illərində “türk-quzların” Şirvana girməyə çalışdıqlarını, Şirvanşahların həm onlarla, həm də “Orta Asiyadan çıxmış köçəri oğuz tayfalarının bir qolu olan səlcuqlarla mübarizə apardıqlarını” yazır. Alimin, “Tarixi-əl-Bab”a istinadla bidirdiyinə görə, 1045-ci ildə Şirvanşah Qubad quz təhlükəsindən qorunmaq üçün Yəzidiyyə (Şamaxı) şəhərinin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirmiş, qapısını isə dəmirdən qoydurmuşdu. Buna baxmayaraq Qaratəkinin başçılığı ilə 1066-cı ildə Şirvana iki dəfə basqın edən quzlar şəhərə daxil olub, əhalini soyub-talamış, çoxlu qənimət götürmüş, Şirvanşah I Fəriburz onları geri qayıtmağa razı salmaq üçün böyük təzminat ödəmişdir. Qaratəkinin yürüşündən sonra türklərin Azərbaycana gəlmələrinin daha intensiv şəkil aldığını qeyd edən tarixçi 1067-ci ildə şirvanşahın öz əmisi qızını ona ərə verdiyini, habelə “türk Elbasana” hər il 30 min dinar xərac ödəməyə razılaşmalı olduğunu vurğulayır. Məlumdur ki, 1067-ci ildə Şirvanşahlar çiçəklənmə dövrünü yaşayan Böyük Səlcuqi dövlətindən vassal asılılığında idi və I Fəriburz Sultan Məlikşaha ildə 70 min dinar xərac ödəməyi boyun olmuş, sonradan bu məbləğ razılıq əsasında 40 min dinara endirilmişdi. S.Aşurbəyli xərac məbləğlərini (Elbasana 30 min, Sultan Məlikşaha 40 min) açıqlamaqla həm də bizə basqınçı oğuzların və Səlcuqi dövlətinin şirvanşahlar üçün törətdiyi təhlükənin miqyaslarını müqayisə etmək  imkanı yaradır.

Sultan Mahmud Qəznəvinin İsfahan civarında yurd salmış türkmən boylarına divan tutması və onların dağılmaları, müxtəlif istiqamətlərə, o cümlədən də Azərbaycana üz tutmaları haqqında yuxarıda məlumat vermişdik. Rəvvadi hökmdarı, Təbriz hakimi Əmir Əbu Mənsur Vəhsudan ibn Məhəmmədin (bəzi mənbələrdə bin Məmlan da deyilir) dəvəti ilə Boğa, Göktaş, Mansur, Qızıl, Yağmur və Dana adlı bəylərin başçılığı altında Azərbaycana gələn bu oğuz qrupunun sonrakı taleyinə Ə.Nəcəf İbn əl-Əsirin “Əl-Kamil” əsərinə dayanaraq aydınlıq gətirmişdir. Tarixçi, Vəhsudanın bölgədəki kiçik dövlətləri iradəsinə tabe etmək, ilk növbədə isə Həzbaniyyə oymağının başçısı Əbül-Heyca ibn Rəbibüddövləni sıradan çıxarmaq məqsədi ilə oğuzlarla ittifaq qurmasından, onları Rəvvadi ərazilərində yerləşdirməsindən ətraflı söz açır. Vəhsudan, oğuzların tərsliyini, qənimətcilliyini, cəngavər prinsiplərinə sadiqliyini yaxşı bilirdi. Onların İsfahandan Azərbaycana qədər yol boyunca qarşılarına çıxan kəndləri amasızcasına talan etdiklərindən də xəbərsiz deyildi. Amma münasibətləri şirin tutmaqla oğuzları ələ ala biləcəyini düşünür, əgər bu mümkün olmazsa, onlara qarşı Əbül-Heyca ilə barışmaq və birləşmək imkanını da istisna etmir, bir növ, ikibaşlı oyun oynayırdı. Elə buna görə də oğuz-Vəhsudan ittifaqı çox tez pozulur. Mənbələrdə deyildiyinə görə: “Vəhsudan onların böyük bir camaatını ziyafətə dəvət etdi, yeyib-içəndən sonra oğuz başçılarından 30 nəfəri öldürtdürdü. Bu hadisədən sonra Urmiyədə toplaşan oğuzlar Mosulun Haqqari qəsəbəsinə çəkildilər. Lakin oradakı kürdlər də onları yola vermədilər. Aralarında böyük bir savaş vaqe oldu. Kürdlərin obalarını, mallarını ələ keçirən, qadın və uşaqlarını əsir alan oğuzlar onları dağlara və dar keçidlərə sıxışdırıb təqib etməyə başladılar. İkinci döyüşdə kürdlər oğuzları məğlub etdilər, 1500 nəfərini öldürdülər, çoxlu əsir götürdülər. Əsirlərin arasında 7 oğuz bəyi və yüzdən artıq tanınmış şəxs də vardı. Oğuzlar götürdükləri qənimətləri geri qaytarıb, silah və heyvanlarını da onlara təslim etdilər”.   

Ə.Nəcəfin təfsirində isə bu və sonrakı hadisələr belə təsvir olunur: “Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Vəhsudan oğuzların böyük bir siyasi güc kimi ortaya çıxmasından narazı idi. O, köhnə düşməni, Həzbaniyyə oymağının başçısı Əbül-Heyca ilə oğuzlara qarşı ittifaq qurdu. Mənbələrdə 1037-1038-ci illərdə oğuzların Marağaya basqın edərək, şəhərə od vurduqları və müqavimət göstərənləri qırıb-çatdıqları bildirilir. Bu isə onlarla həzbaniyyə kürdləri arasında nifaq yaranmasına səbəb olur. Oğuzlardan ehtiyat edən digər şəhərlərin sakinləri də onlara qarşı birləşirlər. Nəhayət, burada qala bilməyəcəklərini başa düşən oğuzlar Azərbaycanı tərk edib, İraq tərəfə üz tuturlar”. Ancaq “Oğuzların heç də hamısı getmədi. Xüsusilə Dananın əmrindəki oğuz türkləri Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyəyə yerləşdilər. Vəhsudan Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyəyə yerləşdirdi”. Tədqiqatçı Urmiyə ətrafına yerləşdirilən oğuz-türkmənlərin 3 min çadır, yəni, 15 min nəfər olduğunu təxmin edir. Sözarası onu da qeyd edək ki, Ə.Nəcəf Azərbaycanın türkləşməsini XI əsrdə buraya gəlmiş oğuzlarla əlaqələndirmək fikrinin tərəfdarı olmadığını xüsusi vurğulayır. Onun fikrincə, “Oğuzların Azərbaycana gəlişi bu ölkənin türkləşməsinə səbəb olmamış, sadəcə buradakı türk ünsürünü çoxaltmış və hakim mövqeyə çıxarmışdır”. Səlcuqilərin tarix səhnəsinə çıxışı ərəfəsində Azərbaycan və Arranın “oğuz kütləsinin ən çox olduğu coğrafiyaların başında gəldiyini” söyləyən Ə.Nəcəf, F.Sümərin “Anadolunu fəth edən və oradakı türklüyü uzun bir zaman bəsləyənlər Azərbaycandakı qələbəlik oğuz kütlələri olmuşdur”,- fikrinə əsaslanmaqla birlikdə N.Nəsiblinin aşağıdakı qənaətini də dolayısı ilə təsdiq edir ki: “XI əsrdə (və sonralar da) türklər başqa xalqların ölkələrindən daha çox, türk olan, amma daha əlverişli torpaqlara sahiblənmiş qandaşlarının yaşadığı bölgələrə köçmüşlər”.

•Oğuzların Azərbaycana gəlişi bu ölkənin türkləşməsinə səbəb olmamış, yalnız buradakı türk ünsürünü çoxaltmış və hakim mövqeyə çıxarmışdır.

QISA BİR ARALIQ NƏTİCƏ

Beləliklə, deyilənləri ümumiləşdirib din amilini də nəzərə almaqla X-XI əsrlərdə və XII əsrin əvvəllərində oğuzların həyat tərzi və dünyagörüşünə görə bir-birindən fərqlənən ən azı 3 müxtəlif qola ayrıldığını görə bilirik.

Bir böyük qrup köç etməyib Aral gölü hövzəsində qalır və özünü istər qonşu qıpçaqlardan, istərsə də müsəlmanlaşmış səlcuqilərdən qorumalı olur ki, bunlara şərti olaraq “Qaracuq oğuzları” deyirlər.  İslamı qəbul etmələri türkmənlərlə oğuzların bu qrupu, habelə yaddinli türk boyları (qıpçaqlar və s.) arasında ciddi konfrontasiya yaradır, labüd qarşıdurmalara yol açır. Xarəzmşahların çökməsi, monqol istilası, Qızıl Orda dövlətinin yaranması və süqutu kimi taleyüklü hadisələr dövründə də köhnə yurdlarında- Xəzər dənizi ilə Aral gölü arasında yaşayaraq, boy, qəbilə quruluşlarını, atlı-köçəri həyat tərzini XIX əsrə qədər davamlı şəkildə qoruyub saxlamış “Qaracuq oğuzları” müasir türkmənlərin, Xarəzm özbəklərinin və qaraqalpaqların babaları sayılır. Maraqlıdır ki, başlanğıcda oğuzların dini kimliyindən nəşət tapmış “türkmən” etnoniminə millət adı kimi müsəlmanlığa X-XII əsrlərdə keçmiş boyların/boy birliklərinin hər hansı biri deyil, Göytanrı dinini uzun müddət qoruyaraq, İslamı yalnız XIV-XV əsrlərdə qəbul etmiş “Qaracuq oğuzları” (müasir türkmənlər) yiyələnmişdir. 

Tarixçilərinin fikrincə, Özbəkistan ərazisində oğuzlar VI əsrdən məskunlaşmış, bundan daha əvvəlki dövrlərdə isə “ara-sıra müşahidə olunmuşdular”. Aral gölünün cənubunda yerləşən və Amu-dəryanın hər iki tərəfinə uzanan Xarəzm bölgəsini 1017-ci ildə fəth edən Sultan Mahmud Qəznəvi burada idarəçiliyi türk əsilli valilərə tapşırmışdı. Qəznəvilər, daha sonra isə Səlcuqilər və Xarəzmşahlar zamanında bu bölgəyə kanqlı, qıpçaq, kalaç, kimək kimi türk boyları ilə birlikdə çoxsaylı oğuz qrupları da köç(ürül)dü. Özbək alimlərinin fikrincə, oğuz boylarının əvvəllər də kompakt şəkildə yaşadıqları Xarəzm və Zərəfşan vahələrinin (Səmərqənd, Nurata, Buxara), habelə Daşkənd bölgəsinin kütləvi şəkildə oğuzlaşması prosesi məhz həmin dövrə, XI əsrə təsadüf edir. “Özbək türkmənləri”, aydın məsələdir ki, sonradan qıpçaq mühitinə adaptasiya olunmuş, ilkin etnik özəlliklərini qoruya bilməmişlər, lakin buna rəğmən özbək dilinin oğuz dialekti (“Xarəzm oğuz ağzı”) bu gün də bölgə əhalisinin etnik köklərini inikas etdirməkdədir.

•X-XI əsrlərdə və XII əsrin əvvəllərində oğuzların həyat tərzi və dünyagörüş etibarilə bir-birindən fərqlənən ən azı 3 müxtəlif qola ayrıldığı məlumdur.

İkinci böyük oğuz qrupu Avropaya köçüb tədricən xristianlaşan uzlardır. “Uz” adı Bizans mənbələrindən götürülüb. Rus salnamələrində onlar “torki”, nadir hallarda isə “torkmen” adları ilə keçirlər. Uzlar məsələsi türkologiyada həliini tam tapmamış mövzulardandır. Bəziləri onları Avropa Hun dövlətinin yıxılmasından sonra Şərqi Avropaya səpələnmiş “oğur”larla əlaqələndirir. Əksər tədqiqatçılar isə uzların X əsrdə Yaik (Ural) və İtil (Volqa) çayları sahillərinə hakim olduqlarını, XI əsrin əvvəllərinədək Don çayı hövzəsində yaşadıqlarını, 1030-cu ildən etibarən kuman-qıpçaq basqıları nəticəsində Qara dənizin şimalındakı çöllərə çəkildiklərini, sonradan isə Balkanlara köçdüklərini düşünürlər. Ə.Taşağılın yazdığına görə, “Qaynaqlarda “uz” deyə anılan bir oğuz qrupu  870-ci ilərdən sonra Qara dənizin şimalına gəldi. Rus mənbələrində (965) “tork” adı ilə qeyd edilən bu qrup 1055-ci ildə Özi (Dnepr), 1065-ci ildə isə Tuna (Dunay) çayına yetişdi. Ancaq yoluxucu xəstəliklər, aclıq və qorxunc soyuqlar onları əldən saldı. Burada həm də peçeneq hücumlarına məruz qaldıqları üçün uzlar siyasi birliklərini qoruya bilmədilər və sağ qalanlar Bizansın və rusların himayəsinə girdilər”. Uzların Bizans ordusunda, habelə imperiya taxt-tacına iddia edən bəzi müxalif qüvvələr tərəfində döyüşdüyü də güman edilir. Böyük Səlcuqi sultanı Toğrul bəyin birinci Bağdad səfəri zamanı onun qoşununda türkmənlərlə birlikdə iştirak etmələrini isə uzların dövrün əsas oğuz dövləti ilə əlaqələrinin kəsilməməsinə dəlalət edən fakt kimi nəzərdən keçirmək mümkündür. 

•Maraqlıdır ki, "türkmən” etnoniminə millət adı kimi müsəlmanlığa X-XII əsrlərdə keçmiş boyların/boy birliklərinin hər hansı biri deyil, Göytanrı dinini uzun müddət qoruyaraq, İslamı yalnız XIV-XV əsrlərdə qəbul etmiş “Qaracuq oğuzları” (müasir türkmənlər) yiyələnmişdir.

Nəhayət, üçüncü qrupa tədricən kütləvi şəkildə müsəlmanlaşan, davamlı şəkildə qərb istiqamətində irəliləyən və türklüyün bütün Orta və Yaxın Şərqdə hakim etnik ünsürə (ən azı, onlardan birinə) çevrilməsində həlledici rol oynayan səlcuqilər aid edilir. V.V.Bartoldun yazdığına görə, orta əsr qaynaqlarında ilk səlcuqilərin qışlaq qərargahı kimi Buxara və Səmərqənd arasında yerləşən Nurata bölgəsi, yaylaqları kimi isə Soğd və Amu-dərya sahilləri göstərilir. İ.Qəfəsoğlu bu bölgənin Səlcuq bəyə Samanilər tərəfindən qılınc haqqı kimi verildiyini bildirir. Onun fikrincə, Mavəraünnəhri geri almaq istəyən Samanilər Səlcuq bəydən hərbi yardım istəmiş, Arslan Yabğunun (İsrail) qoşunu köməyə gedərək  Qaraxanilər üzərində qələbə çalmış və bu münasibətlə Nur qəsəbəsi (Nurata) civarındakı torpaqlar səlcuqilərə yurd verilmişdir. V.Bartolda görə, oğuz-türkmənlər həmin çevrədə təqribən 50 il yaşamış, 985-986-cl illərdə (yuxarıda gördüyümüz kimi, başqa alimlər bu hadisəni 960-cı ilə aid edirlər ki, 20-25 illik fərq belə hallarda təbii sayılmalıdır) isə Mavəraünnəhrə, Cənd şəhərinə enmişlər. Bu böyük köçün hələ ilk vaxtlardan bir neçə şaxəyə bölündüyü məlumdur. Misal üçün, orta əsr tarixçisi Məhəmməd əs-Samani Buxara vahəsində, şəhərin şərq tərəfində yaşayan bir türkmən obasından bəhs edir ki, özbək alimlərinin fikrincə, həmin oba buraya Cənddən və onun ətraf bölgələrindən köçmüşdür. “Səlcuqilər” qrupuna aid etdiyimiz oğuzlar sonrakı dövrlərdə də müxtəlif qollara ayrılaraq, Anadolu, Misir, Suriya, İraq və digər bölgələrə yayılmışdır (yeri gəldikcə, həmin proseslərdən söz açılacaqdır).

Beləliklə, Aral gölü ətrafında güc toplayan oğuzlar Orta Asiyada formalaşan siyasi-iqtisadi şəraitlə əlaqədar üzlərini qərbə tutmuş, “bir hissəsi Qara dənizin cənubundan Balkanlara və Avropanın şərq və şimal bölgələrinə, başqa bir qismi isə cənubdan Qafqaz və Anadoluya yönəlmişdir” (N.Nəsibli). İkinci minilliyin əvvəllərində onların artıq Orta Asiyada- Seyhun (Sırdərya) çayı sahillərində və Mərkəzi Asiyanın müxtəlif yerlərində, eləcə də İran yaylasında, Azərbaycanda və Anadoluda geniş yayıldıqarını görürük. Volqaboyuna, Avropaya üz tutan, ərəb coğrafi arealına köç edən oğuzlar da unudulmamalıdır.

•“Səlcuqilər” qrupuna aid etdiyimiz oğuzlar sonrakı dövrlərdə də müxtəlif qollara ayrılaraq, Anadolu, Misir, Suriya, İraq və digər bölgələrə yayılmışdır.

II

BÖYÜK SƏLCUQİLƏR DÖVLƏTİ. YARANMASI VƏ FORMALAŞMASI

Böyük Səlcuqilər dövlətinin yaranması dünya tarixinin mühüm hadisələrindən biri, türk tarixinin dərin qatlarından qaynaqlanan oğuz-türkmən birliklərinin taleyində dönüş nöqtəsidir. Karl Marksın sözləri ilə desək, onların meydana çıxması ilə Ön Asiyada münasibətlər sistemi bütünlüklə dəyişmişdir. Oğuz-türkmənlər qüdrətli Səlcuqi imperiyasının tərkibində böyük bir sıçrayışla Hindquş dağlarından Qərbi Anadoluya, Orta Asiyadan Bəsrə körfəzinə qədər yayılır, nəhəng bir coğrafi-siyasi arealın inkişafında əsas rol oynayır, dövlətlər qurur, tarixdə yeni-yeni səhifələr açırlar. Cəmi 20-30 il əvvəl Sultan Mahmud Qəznəvi və ardıcılları tərəfindən Xorasandan qovulan oğuz-türkmən qrupları məruz qaldıqları ağır məhrumiyyətlərə baxmayaraq, müstəsna fədakarlıqları sayəsində qısa bir müddətdə İran, Kirman, İraq kimi qədim dövlətçilik ənənələrinə malik ərazilərdə siyasi hakimiyyəti ələ almaq üçün özlərində güc tapırlar. 1038-ci ilə, Sərəsx döyüşünə qədər daha çox illeqal, sərsəri qaçaq-quldur dəstələri kimi tanınan oğuz-türkmənlər bundan sonra Səlcuqi ordusunun başlıca zərbə qüvvəsinə çevrilərək, Qəznəvilər qarşısında mütləq üstünlük qazanır, 1046-cı ildən isə böyük bir cahan dövlətinin onurğa sümüyünü təşkil edir və bütün dünyada fateh bir qövm kimi məşhurlaşırlar. İran yaylasında, Azərbaycanda, Qafqazda sosial-demoqrafik mövqelərini möhkəmləndirir, dərin köklər salır, bölgənin avtoxton əhalisinə çevrilir, bir müddət sonra isə bu ərazilərdən yola çıxaraq Anadolunu fəth edirlər. 

Əksər oğuz kütlələrinin kınık boyuna mənsub Səlcuq bəy və onun oğlu Arslan Yabğu ətrafında hələ Aral gölü hövzəsində birləşməyə başladıqlarını yuxarıda qeyd etmişdik. Mahmud Kaşğari Orta Asiyadakı 22 oğuz boyunu böyüklüyünə görə sıralayarkən kınıkları birinci, kayığları  (Osmanlıların ulu babası sayılan kayıları) isə ikinci yerdə təqdim edərək yazır: “Bu saydıqlarım kökdür, bu kökdən bir çox oymaqlar çıxıb. Onların adları əski qurucu dədələrin adlarından alınıb”. Sonra isə səlcuqiləri nəzərdə tutaraq əlavə edir ki, “zamanımızın hökmdarları onlardandandır”. Arslan Yabğu Qəznəvilər tərəfindən tutulub 1032-ci ildə zindanda öldükdən sonra kınıklar sıxışdırılmağa başlayır. Digər tərəfdən saylarının sürətlı artımı, otlaqların çatışmazlığı da onları yeni, daha geniş yurd yerləri axtarmağa, qənimət ardınca axınlara çıxmağa vadar edir. Bu iki amil türkmən boylarının qərb istiqamətində köçlərinin əsas təkanvericisi sayılır. Ancaq belə böyük və kütləvi bir köçün idarə olunması heç də asan deyildi. Çağrı və Toğrul bəylər kınıkları və onlara qoşulan digər türkmən obalarını yeni, bərəkətli yurdlar qazanmağa qadir olduqlarına inandırıb arxalarınca aparmağı bacarır, köçə qoşulan böyük kütlənin nizami ordu kimi təşkilatlanmasına nail olur və qısa müddətdə bir-birinin ardınca uğurlu silahlı əməliyyatlar keçirirlər. 1035-ci ildə onlar böyük bir Qəznəvi ordusuna qələbə çalaraq Xorasanın içərilərinə doğru irəliləyir, 2 il sonra Mərv şəhərini alırlar. 1038-ci ildə Qəznəvilərə daha bir ağır zərbə vuraraq Nişapuru tutur və burada dövlət müstəqilliklərini elan edirlər. Dərhal yeni dövlətin təşkilatlanmasına başlanır, qoşun başçıları qarşısında vəzifələr qoyulur. Abbasi xəlifəsi Əl-Qaim bi-Əmrullahın Nişapura elçilər göndərməsi Toğrul bəyin Xilafət tərəfindən rəsmən Xorasan hakimi və bütün türkmənlərin başçısı kimi tanındığını göstərir. 1040-cı ildə Dəndənəkan (Qərb mənbələrində: Dandanqan) döyüşündə Qəznəvilər üzərində qazanılan böyük qələbə isə Böyük Səlcuqi dövlətinin (mənbələrdə “Səlcuqiyan”, “Səlacıka”, “Ali-Səlcuq” adları ilə keçir) hərbi qüdrətini təsdiqləyir, türkmənləri “əmir tayfa”ya, hakim etnik birliyə çevirir. Məhz bu qələbə ilə əvvəl İran və İraqın, sonra isə bütün Yaxın və Orta Şərqin qapıları onların üzünə taybatay açılır.

1040-cı ilin ramazan (may) ayında Dəndənəkan adlanan yerdə baş tutan həmin üç günlük həlledici döyüşdə Sultan Məsud yüzə qədər atlısı ilə döyüş meydanından qaça bilsə də, Hindistana gedərkən yolda öz adamları tərəfindən öldürülür və bununla da Şərqin ən qüdrətli dövlətlərindən sayılan Qəznəvi xanədanlığı sağalmaz yara alaraq dərin tənəzzül dövrünə qədəm qoyur. Bu məğlubiyyətdən sonra Qəznəvi dövlətinin tərkibində yalnız müasir Əfqanıstanın bir hissəsi və Pəncab qalırdı. Döyüşün sonuncu günü- mayın 23-də cümə namazından sonra keçirilən toplantıda ordunun baş komandanı Çağrı bəy qardaşı Toğrulu Səlcuqi dövlətinin Sultanı (Böyük Xaqan), Nişapuru isə (bəzi mənbələrə görə, Mərvi) paytaxt elan edir.  Ətraf dövlətlərə fəthnamələr göndərilir. Daha sonra Mərvdə keçirilən böyük toyda (qurultay) Toğrul bəy nitq söyləyir, Qəznəvi əraziləri qədim türk örf-adətlərinə uyğun şəkildə hakim xanədan üzvləri arasında bölüşdürülür. (Bu, eyni zamanda bir vəzifə bölgüsü deməkdir, zira Toğrul bəy onların qarşısında tutulan torpaqların idarəçiliyi ilə yanaşı, fəth vəzifələri də qoyur.)

Bölgüyə əsasən, Nişapurdan qərbə doğru bütün torpaqlar (bəzi mənbələrə görə, İraq bölgəsi) Sultanın nəzarətinə verilirdi. “Məlikül-müluk” (məliklər məliki) Çağrı bəy ordu komandanı kimi Mərvə yerləşir, Sərəxs və Bəlx şəhərlərinə, habelə Ceyhun-Qəznə arasındakı bölgələrə sahib olurdu. Səlcuq bəy oğlu Musa Yabğuya mərkəzi Herat olmaqla Büst və Sistan bölgələrini ələ keçirmək və idarə etmək tapşırılırdı. Cürcan və Damğan Arslan Yabğu oğlu Kutalmış bəyin, Kirman isə Çağrı bəy oğlu Qara Arslan Kavurd bəyin hökmünə verilirdi. Çağrı bəyin digər oğlu Yaquti və məlik İbrahim Yınal (Toğrul və Çağrı bəylərin ögey qardaşı) qərb cəbhəsinə təyin olunurdular, bu istiqamətdə fəth edəcəkləri torpaqlar onların idarəçiliyinə veriləcəkdi.

Bəzi qaynaqlardan anlaşıldığı kimi, qurultayda xanədan üzvləri ilə yanaşı oğuz-türkmən başbuğlarına da vəzifə verilmişdir. Əl-Əziminin qeydlərindən Navəkiyyə türkmənlərinin (R.Gəncin təbirincə, Yavəgiyyə, başqa sözlə, Yabğulu türkmənlərinin) komandanlarından Qızıl bəyin Boğa, Göktaş və Mansur bəylərlə birlikdə Rey şəhərinə göndərildiyi və az sonra bu şəhəri alaraq orada bir türkmən bəyliyi qurduğu məlum olur. Əl-Əzimi və İbnül-Əsir Qızıl bəyin 1041-ci ildə Reydə öldüyünü yazırlar.     

Böyük toydan sonrakı 10-15 il qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün hərbi səfərlərdə keçir. Səlcuqilər Xarəzm torpaqlarını alır, qəznəviləri özlərinə tabe edir, İraq, Əl-Cəzirə və Şimali Suriyada həmdaniləri, Təbəristanda ziyariləri, Deyləmanda kakuiləri, Gilanda səffariləri, Azərbaycanda rəvvadiləri, şirvanşahları,  haşimiləri, şəddadiləri, Farsda buveyhiləri, Sistanda şəffariləri vassallarına çevirirlər. İtil (Volqa) və Terek çayları ətrafında yaşayan xəzərlərin qalıqları, Kuban peçeneqləri, Don alanları səlcuqi hakimiyyətini qəbul edir. Dövlətin hüdudları şimalda Xarəzm də daxil olmaqla bütün Mavəraünnəhrə, Sistan, Məkran, Kirman bölgələrinə, hətta Ərəbistan yarımadasına qədər genişləndirilir. Cürcan, Bağdiş, Huttalan, Təbəristan, Qəzvin, Dehistan, İsfəhan, Nihavənd, Rey və Şəhrəzur ələ keçirilir. 1046-cı ildə Gəncə, 1048-ci ildə Erzən, Karaz, Həsənqala, Ərzurum tutulur və Bizansa bağlı xristian orduları məğlub edilir.

Oğuzların böyük hissəsi Sultan Toğrulun hökmünə tabe olmuşdu. Lakin Dnepr ətrafında məskunlaşan bir qrup onun hakimiyyətini tanımamış, əmrinə boyun əyməmişdi. 1060-cı ildə rusların hücumuna məruz qalan bu oğuzlar da Səlcuqi dövlətinə pənah gətirdilər. Eyni zamanda həm qıpçaqlar, həm də ruslarla müharibə aparmağın ağır olacağını anlayan Toğrul Kiyevə bir səfirlik göndərərək sülh və ticarət müqaviləsi bağlamağı təklif etdi. Yaroslaviçlər bu təklifi qəbul edərək, Səlcuqi dövləti ilə sülh və əməkdaşlıq müqaviləsi imzaladılar. Bütün oğuzları öz hakimiyyəti altında birləşdirən (bu, zənn edirik bir qədər şişirdilmiş qənaətdir-N.M.) Sultan Toğrul “xaqan” titulunu qəbul etdi (E.Məmmədov). Ümumiyyətlə, yeni qurulmasına baxmayaraq, Böyük Səlcuqi dövləti Sultan Toğrulun səltənəti dövründə əksər İslam torpaqlarını - Amu-Dəryadan Fərata qədər geniş bir ərazini öz tərkibində birləşdirirdi.

•Mərvdə keçirilən böyük toyda (qurultay) Toğrul bəy Qəznəvi ərazilərini qədim türk örf-adətlərinə uyğun şəkildə hakim xanədan üzvləri arasında bölüşdürür. Bu, eyni zamanda bir vəzifə bölgüsü deməkdir, zira Toğrul bəy onların qarşısında tutulan torpaqların idarəçiliyi ilə yanaşı, fəth vəzifələri də qoyur.

Sultan Toğrulun oğlu olmadığı üçün onun vəfatından sonra taxta Çağrı bəy oğlu Alparslan (1063-1072) çıxdı. Əvvəlcə baş qaldırmış narazılıqları yoluna qoyan, sonra isə diqqətini Qafqaz və Manqışlaq bölgələrinə yönəldən yeni sultan, 1064-cü ildə məşhur Ani qalasını və Qarsı fəth etdi. Qafqazdakı məhəlli krallıqları itaət altına alaraq, Üstyurd və Manqışlaq istiqamətində ticarət yollarını nəzarətinə götürdü, Qaraxani və Qəznəvilər üzərində Səlcuqi hakimiyyətini bir daha təsdiq etdi. Oğlu Məlikşaha Qaraxani hökmdarı Şəmsülmülk Nəsr xanın əmisi İsa xanın, ikinci oğlu Arslanşaha Qəznə sultanı İbrahimin qızını alan, öz qızını isə İbrahimin oğluna ərə verən Sultan Alparslan şərq sərhədlərinin təhlükəsizliyini möhkəmləndirərək qərb istiqamətində genişmiqyaslı əməliyyatlara başlamaq istəyirdi. Anadolunun türk yurduna çevrilməsinin başlanğıcını qoyan Malazgirt zəfəri (1071) onun bu yolda ən böyük uğuru oldu.

Sultan Alparslanın səltənətinin dördüncü ilində- Orta və Şimali Anadoluya türkmən axınları üçün əlverişli zəmin yarandığı 1067-ci ildə, Bizans torpaqlarına yürüş hazırlıqlarının qızğın vaxtında imperator Konstantin Dukas ölmüş, belə hallarda həmişə olduğu kimi ölkədə siyasi qarışıqlıq yaranmışdı. Dukasdan olan üç azyaşlı oğlunun naibəsi kimi Şərqi Roma taxtına keçən dul imperatriçə Yevdokya nəinki ölkədə, heç  sarayda da hadisələrə nəzarət edə bilmirdi. Yaranmış vəziyyətdə  şəxsi mənfəətlərini güdən feodal əyanlar müxtəlif maraq qrupları yaradaraq didişir, əllərinə keçəni talayır, hakimiyyətlərini gücləndimək üçün azad  kəndliləri təhkimli vəziyyətinə salırdılar. Vergilər ödənmədiyindən xəzinə boşalmışdı. İmperiya artıq iri torpaq sahələrinə yiyələnən və silahlı dəstələr saxlayan mülkədarlardan asılı vəziyyətə düşür, dinc əhali onların aramsız toqquşmaları üzündən ziyan çəkirdi. Orduda da intizamsızlıq və başıpozuqluq hökm sürürdü. Qoşun başçıları türkmən hücumlarının ölkənin bütövlüyünü təhdid etməsi barədə saraya dəfələrlə xəbər göndərsələr də, hakimiyyət boşluğu ucbatından tədbir görülmür,  böhranın miqyası get-gedə genişlənirdi. Bizans qüvvələri 1067-ci ildə məşhur türkmən sərkərdəsi Afşin bəyin Malatya və Qayseriyə hücumlarının qarşısı ala bilməmiş, Kilikiyada döyüşə belə girmədən qaçıb dağılmışdı. Hərbi-siyasi durumun get-gedə gərginləşdiyini və tamamilə nəzarətdən çıxdığını görən Yevdokya zadəgan ailəsindən olan Roman Diogenə ərə getmək, onun güc və nüfuzundan istifadə edib orduda nizam-intizam yaratmaq, ölkədəki özbaşınalığa son qoymaq qərarına gəldi və 1068-ci ildə Diogenlə nigaha girərək onu imperator elan etdirdi. Qarşısında özünü təsdiqləmək, açıq və gizli müxalifətini susdurmaq və səlcuq birliklərinin sürətli axınlarını dayandırmaq kimi çətin vəzifələr duran IV Diogen vaxt itirmədən skandinaviyalılardan, qotlardan, slavyanlardan, franklardan, makedoniyalılardan, almanlardan, gürcülərdən, uzlardan, qıpçaq-kumanlardan və peçeneqlərdən topladığı muzdlu ordu ilə hücuma keçərək, Membici geri aldı (çox keçmədən yenə itirdi). 1069-cu ildə yenidən Qayseri-Sivas istiqamətində əməliyyata başladı, lakin bu dəfə heç nəyə nail ola bilmədi, üstəlik bir-biri ilə yola getməyən müxtəlif dəstələrdən ibarət ordusu da tar-mar edildi. Diogen nə qədər fəallıq göstərsə də, türkmənlər təşəbbüsü əldən buraxmır, gözlənilmədən onun üzərinə qorxunc basqınlar edir, dayanmadan Bizans torpaqlarını ələ keçirərək, qarnizonları dağıdır, hərbi hissələri psixoloji təzyiq altında saxlayır, yorub əldən salırdılar. “Vur-qaç” taktikası ilə hərəkət edən türkmən axınçılarının üstünlüyü Konstantinopol sarayında təşvişə səbəb olur, əhali vahimə içində vurnuxurdu. Bu əsnada Sultan Alparslanın axınçı süvarilərə Anadoludakı qala və şəhərləri ələ keçirmək üçün icazə verdiyini öyrənən Roman Diogen türkmən təhlükəsini birdəfəlik aradan qaldırmaq, məsələni kökündən həll etmək üçün yollar axtarmağa başladı. Düşünüb daşındıqdan sonra döyüş bacarığı yüksək olan muzdlulardan ibarət peşəkar ordu toplayaraq türkləri Bizans torpaqlarından qovub çıxarmaq, sonra isə İran yaylasına daxil olub Böyük Səlcuqi dövlətini devirmək niyyətinə düşdü. İmperator, planının riskli və radikal olduğunu anlayır, lakin bunu yaranmış vəziyyətdən ən düzgün çıxış yolu hesab edirdi.

•Bizans qüvvələri 1067-ci ildə məşhur türkmən sərkərdəsi Afşin bəyin Malatya və Qayseriyə hücumlarının qarşısı ala bilməmiş, Kilikiyada döyüşə belə girmədən qaçıb dağılmışdı.

MALAZGİRD DÖYÜŞÜ VƏ NƏTİCƏLƏRİ

Hazırlıqlarını tamamlayan Roman Diogen martın 13-də Ayasofyada təntənəli bir mərasim keçirərək, ordusunu yola çıxardı. Bizans qüvvələrinin 200 min nəfər olduğu rəvayət edilir. Səlcuqi ordusunun say tərkibi bundan az idi. Rəqibin Ərzurum yolu ilə irəlilədiyini xəbər alanda Sultan Alparslan Şam istiqamətində hərəkət edirdi. Bizans elçisi ona çataraq imperatorun Membic, Ahlat və Malazgirdi geri istədiyini bildirdi. Bu tələbləri rədd edən Sultan düşmənlə açıq döyüşə girməyin artıq qaçılmaz olduğunu anladı və Misir səfərini təxirə salaraq qoşunun üzünü Şərqi Anadoluya döndərdi. Silvana çatanda Bizans ordusunun Malazgirt qalasını zəbt edib, xalqı qılıncdan keçiridiyini və Gürcüstan üzərinə yeridiyini öyrənən Alparslan rəqibin qarşısını kəsmək üçün Ahlat istiqamətində irəlilədi. Burada Bizans qoşununun avanqard qüvvələri ilə qanlı döyüşə girdi və qabaqlayıcı döyüşlərdə parlaq qələbələr çaldı.

Həlledici meydan döyüşü isə avqustun 26-da Malazgird yaxınlığındakı çöldə baş verdi. Döyüşdən əvvəl Sultan Alparslan əsl İslam mücahidinə yaraşan bir tərzdə qazı İbnül-Mahleban və sərkərdələrdən Savteginin başçılığı ilə mötəbər elçilər göndərib sonuncu dəfə qarşı tərəfə sülh danışıqlarına başlamağı təklif etdi. Lakin Bizans imperatoru Səlcuqi elçilərini yaxşı qarşılamadı, Sultanın sülh təklifini onun qorxub döyüşdən yayınmaq istəyi kimi yozdu və danışıqlara ancaq Səlcuqilərin paytaxtı Reydə başlayacağını, İsfahanda qışlamaq və bu məqsədlə heyvanlarını Həmədana göndərmək niyyətində olduğunu söylədi. Bu cavabdan hiddətlənən səlcuqi ordusunda döyüş sədaları yüksəldi. Əskərlərlə namaz qıldıqdan sonra Alparslan onlara xitab etdi, bu gün bir hökmdar kimi yox, bir ər igid kimi din və dövlət uğrunda hamı ilə birlikdə vuruşacağını bildirərək, şəhid olarsa, öldüyü yerdə basdırılmasını, qoşunun oğlu Məlikşahın komandanlığı altında sona qədər döyüşməsini və ona itaət göstərməsini vəsiyyət elədi. Sonra isə öz əli ilə atının quyruğunu düyünlədi, ox və yayını bir tərəfə ataraq qılıncını və toppuzunu əlinə aldı (bununla, o, heç kimdən fərqlənmədiyinə və qoşunun ön səfində yer alacağına işarə edirdi), son olaraq döyüşə girmədən geri qayıtmaq istəyənlərə də izn verib atını irəli sürdü. Həmin gün Səlcuqi ordusu amansız döyüşdə düşmənə diz çökdürdü.

Hərbi üstünlüyünə və gücünə həddən artıq güvənən Roman Diogen biabırçı məğlubiyyətə düçar olmuş, özü də əsir götürülmüşdü. Sultan Alparslan onu yanına çağıraraq söhbət etdi, məşhur dialoqlarında Diogenin sülh danışıqlarından imtina etməsini pislədi, lakin xətalarına baxmayaraq onunla bir əsir kimi deyil, yüksək səviyyəli qonaq kimi rəftar edəcəyini söylədi. Onu öz yanında oturdan Sultan Alparslanın aparılan müzakirələr nəticəsində Diogenlə 6 bənddən ibarət sülh anlaşması imzaladığı bildirilir. Qeyd edək ki, tam mətni bizə gəlib çatmayan müqavilənin mənbələrdə xatırlanan müddəaları müasir tarixçilər tərəfindən Malazgird zəfərinin miqyası ilə müqayisədə məğlub tərəf üçün xeyli yüngül qiymətləndirilir. Sənəddə aşağıdakılar nəzərdə tutulurdu:

-imperator azad olunması müqabilində fidyə və hərbi təzminat kimi 1,5 milyon dinar (qızıl pul), xərac kimi isə hər il 360 min dinar ödəməli;

-əlindəki bütün müsəlman əsirləri buraxmalı;

-lazım gəldikdə Səlcuqi dövlətinə hərbi yardım göstərməli;

-qızlarından birini sultanın oğluna ərə verməli;

-Antakya, Urfa, Membic və Malazgirdin ilhaq edilməsinə mane olmamalı idi.

Lakin, məlum olduğu kimi, bu saziş yerinə yetirilmədi. Məğlubiyyət xəbəri alınan kimi Bizans Senatı Roman Diogenin taxtdan endirilməsi və ərini hakimiyyətdən məhrum etmək istəməyən imperatriçənin saçı qırxdırılaraq monastra göndərilməsi haqqında qərar çıxardı. Konstantin Dukasın oğlu Mixail “VII Mixail Dukas” adı ilə imperator elan olundu. Bir həftəyə qədər Sultan Alparslan tərəfindən qonaq saxlanan, sentyabrın 3-də 2 hacib və 100 nəfər xassə əskərinin müşaiyəti ilə hörmət-izzətlə ölkəsinə yola salınan Diogen isə bütün bunlardan yalnız Bizans ərazisinə daxil olanda xəbər tutdu. Sivasda və Adanada onu həbs etmək istəyən ordu hissələri ilə vuruşan keçmiş imperator məğlub olub yaxalandı, gözlərinə mil çəkildi, ertəsi il isə Xınalıada zindanında öldü.

Silahlı qüvvələrindən məhrum olan Şərqi Roma imperiyası üçün Malazgird məğlubiyyətini “sonun əvvəli” hesab etmək olar. Baş verən uğursuzluq cəmiyyəti sarsıtmış, yüksək təbəqədə çəkişmələr daha da şiddətlənmişdi. VII Mixail əmisi, təcrübəli nazir İoan Dukasın idarəçilik məharəti sayəsində və xalası qızını İsaak Komnenlə nigahlamaq hesabına bu nüfuzlu zadəgan ailəsi ilə münasibətlərini yaxşılaşdırıb mövqeyini möhkəmləndirsə də 1073-cü ildə şərq ordularının komandanı təyin edilən İsaakın başçılığı ilə Səlcuqi ordusu üzərinə göndərilən Bizans qüvvələri (Malazgirddə uduzmuş qoşunun tör-töküntüsü) növbəti dəfə məğlubiyyətə düçar oldu. Bundan sonra VII Mixail uzun müddət türkmən hücumlarına qarşı müqavimət göstərə bilmədi. Tezliklə ölkəni üsyan dalğası bürüdü, vətəndaş müharibəsi başladı. Qarşıdurma meydanına çevrilmiş Anadoluda yerli xalqın vəziyyəti xüsusilə ağırlaşdı. Vergilər artırılmış, kəndlər viran olmuş, əkinlər at ayaqlarının altında qalmışdı. Bəzi müasir tədqiqatlarda xristian əhalinin qıtlıq və qəhətlik üzündən baş götürüb kütləvi şəkildə torpaqlarını tərk etdiyi vurğulanır. Guya bu, türkmənlərin Anadoluda məskunlaşması və fəthlərini genişləndirməsi üçün əlavə imkanlar açmışdır. Başqa mənbələrdə isə, əksinə, sadə bizanslıların axınlar zamanı dinc xalqa xətəri toxunmayan, kəndliləri soymayan, işğal ərazilərində daha çox feodal malikanələrini hədəf alan türkmənlərə xilaskar gözü ilə baxdıqları və onlarla əməkdaşlıq etdikləri qabardılır. Hər bir halda Malazgirddən sonra Bizans imperiyasında sosial-siyasi böhranın təhlükəli dərəcədə dərinləşdiyi faktdır.

Malazgird döyüşünün tarixi nəticələri hamıya məlumdur. Cəmisi iki-üç ilin içində sürətlə Kiçik Asiyanın içərilərinə axışan səlcuqilər bütün Anadolu bölgəsinə hakim olur, çox keçmədən Orta Asiyadan buraya minlərlə türkmən ailəsi köçürülür. Sultan Alparslanın hərbi dühası, türkmən bəylərinin fədakarlığı və hünəri sayəsində tarixin axarını dəyişən bu möhtəşəm zəfərin ən başlıca əhəmiyyəti də Anadolunun müqəddəratını de-fakto təyin etməsidir. Sultan Alparslanın hakimiyyət dövrünü qısa şəkildə səciyyələndirəsi olsaq, bu illərdə artıq Böyük Səlcuqi dövləti sərhədlərinin şərqdə Kaşğardan qərbdə Egey dənizi sahillərinə və İstanbul boğazına, şimalda Xəzər və Aral dənizləri arasındakı bölgələrdən cənubda Yəmənə qədər uzandığını da sözlərimizə əlavə etməliyik.

YÜKSƏLİŞDƏN ENİŞƏ

Alparslan xaincəsinə öldürüldükdən sonra sultanlığa onun 17 yaşlı oğlu və vəliəhdi Məlikşah (1072-1092) keçdi. Bu zaman Qəznəvi və Qaraxani qoşunları Səlcuqi dövləti sərhədlərində hələ də təhdid amili olaraq qalırdı. Onlar Alparslanın ölümünü və Məlikşahın gəncliyini fürsət bilərək, fəallaşmağa çalışdılar. Qaraxaniləri yenidən itaətə gətirmək çətin olmadı. Qəznəvi hökmdarı İbrahim bin Məsud isə 1073-cü ilin sonlarında Çigilkənd döyüşündə Səlcuqi ordusu üzərində qələbə çaldı və ordu başçısı Məlik Osmanı (Alparslanın qardaşı) əsir götürdü. Lakin Məlikşahla müharibəyə başlamaqdan çəkindiyi üçün onu azad edərək elçilər vasitəsi ilə geri qaytardı. Anadolunun fəthini başa çatdırmaq üçün Qəznəvilərlə ziddiyyətlərin dinc yolla tənzimlənməsinə üstünlük verən Məlikşah, qızı Gövhər xatun və vəliəhd şahzadə Məsud bin İbrahimi evləndlrməklə üç böyük türk xanədanı arasında münasibətlərin qohumluq bağları ilə möhkəmlənməsinə təminat yaratdı. Onun dövründə Anadolu, demək olar, başdan-başa türkmən yurduna çevrildi. Qazi Artuk bəy Sultan Məlikşahın əmri ilə qısa müddətdə Şərqi Ərəbistanı işğal etdi. Bütün İranı, Suriya və Fələstini idarəsi altına alan, Mosul əmirliyini və Dəməşqi (1076) tutan, Ahlat, Diyarbəkir və Malazgirddə Mərvani dövlətinə son verən (1085) Sultan Məlikşahın 1087-ci ildə Ağ dəniz sahillərinə səfəri nəticəsində Səlcuqi əraziləri artıq Uzaq Şərqdən Orta Şərqə qədər uzanır, Çin səddinə yaxınlaşırdı. Onun səltənətinin sonlarında Anadoludan Ümman dənizinə, Qafqazdan Hindistana qədər 10 milyon kvadrat kilometrlik bir ərazini əhatə edən Böyük Səlcuqilər dövləti öz yüksəlişinin zirvəsinə çatmışdı.

•Malazgird döyüşündən sonra cəmi iki-üç ilin içində sürətlə Kiçik Asiyanın içərilərinə axışan səlcuqilər bütün Anadolu bölgəsinə hakim olur, çox keçmədən Orta Asiyadan buraya minlərlə türkmən ailəsi köçürülür. Sultan Alparslanın hərbi dühası, türkmən bəylərinin fədakarlığı və hünəri sayəsində tarixin axarını dəyişən bu möhtəşəm zəfərin ən başlıca əhəmiyyəti də Anadolunun müqəddəratını de-fakto təyin etməsidir.

Lakin bu yüksəliş davam etdirilmədi. Üstəilk, Məlikşahın Bağdad səfəri zamanı zəhərlənərək öldürülməsi ilə dövlət aramsız çaxnaşmalar dövrəsinə daxil oldu. Taxt uğrunda qanlı qardaş qırğınları, viranedici üsyanlar nəticəsində zəifləyib əvvəlki ehtişamından əsər-əlamət qalmayan Böyük Səlcuqilər dövləti sultan Bərkyaruq dövründə (1094-1105) artıq İraq və Xorasan Səlcuqiləri (1092-1194); Suriya Səlcuqiləri (1092-1117); Kirman Səlcuqiləri (1092-1187); Türkiyə (Anadolu) Səlcuqiləri (bu dövlət haqqında ayrıca danışılacaq) olaraq 4 hissəyə parçalanmışdı.

Böyük Səlcuqi dövlətinin tənəzzül dövrü elmi-tarixi ədəbiyyatda geniş araşdırılıb. Biz burada hadisələrin qısa icmalını verən Frederik Starın ümumiləşdirici mülahizələrini xatırlatmaqla kifayətlənirik:  “Xaricdən kompasın bütün istiqamətləri üzrə təhdidlər yaranmışdı. Şərqdə qaraxanlılar zəifləsələr də, özlərinin Balasaqundakı bazasından Səlcuq ərazilərinə hələ də ciddi basqınlar həyata keçirmək iqtidarında idilər. Qərbdə Avropadan gəlmiş Səlib orduları ilk dəfə olaraq Aralıq dənizi hövzəsində qərarlaşmışdılar və səlcuqların, eləcə də digər müsəlman güclərinin əlinə yenicə keçmiş əraziləri geri qaytarmaq iddiasında idilər. Digər təhlükələr şimalda Xarəzmin dirçəlmiş şahlarından və cənub-qərbdə Misir məmlüklərindən qaynaqlanırdı”. F.Star 1128-ci ildə Qaraxanilər dövlətinə boyun əydirən, bununla da Böyük Səlcuqi dövləti ilə sərhəd qonşusu olan və onun üçün əsas təhlükə mənbəyinə çevrilən qaraxitayları da unutmur: “Çin hökmdarının Şimali Çindən vurub qərb istiqamətinə atdığı və o zamanadək tanınmayan geniş bir köçəri qrupu səlcuqların şərq sərhəddində peyda oldu. Monqol dilində danışan qaraxitailər səlcuqlardan fərqli olaraq şamançılıqda və buddizmdə qalırdılar. Onlar müsəlman səlcuqlara qarşı şərq istiqamətindən hücum edirdilər. Sultan Səncər onların danışıqlara başlamaq təklifini rədd etdi və 1141-cü ilin sentyabrın 9-da (türk mənbələrinə görə, 10-da -N.M.) Səmərqəndin şimal-qərbindəki çöllükdə qaraxitailər bütün Səlcuq ordusunu darmadağın etdilər. Yüz min səlcuq əskərinin meyiti Katavan kəndi yaxınlığında 6 mil boyunca yerə sərilmiş qaldı”. Katvan/Katavan döyüşü nəticəsində Seyhun çayına qədər Böyük Səlcuqi torpaqlarının qaraxitayların əlinə keçdiyini yazan N.Nəsiblinin fikrincə, “Katvan meydan savaşı ilə dövlətin tarixində yeni bir dövr başladı və Səlcuqi ölkəsi müsəlman olmayan türk-monqol birliklərinin istilasına uğradı”.

O doğrudur ki, Katvan məğlubiyyətindən sonra Böyük Səlcuqi dövləti bir daha özünə gəlmədi. Amma monqol istilasına hələ çox qalırdı. 1153-cü ildə Sultan Səncərin türkmənlər tərəfindən əsir alınması (bu barədə ətraflı danışılacaq) artıq dövlətin əsaslarının kökündən sarsıldığına dəlalət edirdi. Fürsətdən sui-istifadə edən Xarəzmşahlar Səlcuqi torpaqlarının böyük bir hissəsini ələ keçirdilər. Xanədan mənsubları öz hakimiyyət sahələrində çoxdan gözlədikləri müstəqilliyə qovuşsalar belə, xarici təcavüz qarşısında başlı-başına qaldılar. Qısamüddətli müqavimətdən sonra 1194-cü ilədək İraq, Suriya və Kirman Səlcuqiləri süqut etdi. Müstəqil fəaliyyət göstərən Səlcuqi dövlətlərindən yalnız Anadolu Səlcuqiləri varlığını daha yüz il qoruyub saxlaya bildi. Böyük Səlcuqi dövləti isə tarixə qovuşdu.

(ardı var)

N.MUSTAFA