Qızılcaya yoluxma hallarının artması müəyyən səbəblərdən (valideynlər tərəfindən vaksinlərə inamın olmaması, əsassız imtina halları, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s.) uşaqların vaxtında peyvənd olunmaması nəticəsində baş verib. Qızılca xəstəliyinə yoluxma riski immuniteti zəif olan şəxslərdə (vərəm, İİV xəstələri), hamilələr, 5 yaşına qədər uşaqlarda daha yüksəkdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “İki sahil”in sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyin ilkin simptomlarına – yüksək qızdırma, quru öskürək, zökəm, konyunktivit, gözlərin işığa həssaslığı (işıqdan qorxma) aiddir. Sonrakı mərhələdə ağızın selikli qışasında başlayan, mərkəzi ağ, qıraqları qırmızı səpgilərin yaranması müşahidə olunur. İki-üç gündən sonra dəridə, əvvəl qulağın arxası,başın tüklü hissəsində, üzdə səpgilər əmələ gəlir. Növbəti günlərdə səpgilər boyunda, sinədə, əllərdə, 1-2 gündən sonra isə aşağı ətraflarda müşahidə olunur.
Qızılca virus mənşəli xəstəlikdir, lakin bakterial infeksiyanın qoşulması zamanı, xüsusilə immuniteti zəif olan insanlarda, ağırlaşmalar – pnevmoniya, otit, bağırsaq pozulmaları, meningit, ensefalit – qeyd oluna bilər
Mərkəzdən bildirilib ki, qızılca virus mənşəli xəstəlikdir, lakin bakterial infeksiyanın qoşulması zamanı, xüsusilə immuniteti zəif olan insanlarda, ağırlaşmalar – pnevmoniya, otit, bağırsaq pozulmaları, meningit, ensefalit – qeyd oluna bilər. Qızılca yüksək kontaqiozluğa malik olan xəstəlikdir. Yoluxma birbaşa təmas zamanı hava-damcı yol ilə keçir.
Bu xəstəlikdən qorunmaq üçün peyvənd etdirmək mütləqdir. Bütün respirator infeksiyalarda olduğu kimi, qoruyucu respirator vasitələrdən istifadə, mümkün qədər kütləvi toplantı yerlərindən uzaq durmaq tövsiyə olunur.
Yaqut Ağaşahqızı, “İki sahil”