Dekabrın 5-də Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” layihəsinə start verilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda tərəfdaş qurumların nümayəndələri çıxış edərək layihənin hər il olduğu kimi, bu il də özünəməxsus fərqliliyi ilə seçiləcəyini, respublikamızın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcəyini bildiriblər.
Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva bildirib ki, hazırda ölkəmizdə könüllülük hərəkatının gündəlik həyat normasına çevrilməsi və könüllülüyün inkişafına təkan üçün atılan addımlar Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin müasir təzahürüdür.
V.Niftəliyeva qeyd edib ki, 5-19 dekabr tarixlərini əhatə edəcək Könüllülük Həftəsi çərçivəsində həyata keçiriləcək layihə və tədbirlərin beş istiqamət üzrə davam etməsi nəzərdə tutulub. “Vətənpərvərlik”, “Təhsil və elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” istiqamətləri daxilində həyata keçiriləcək tədbirlərin hər biri Ümummilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyyələrə əsaslanıb. Qeyd edilən istiqamətlərin içində yer alan “100 könüllü əməl”, “Ulu Öndər hər addımımda” foto-müsabiqə, “Mədəniyyətimiz”, “Heydər Əliyev mənim üçün..”, “Könüllünün günü”, “Könüllü ol” layihələrinin bütün “Könüllülük Həftəsi” ərzində həyata keçirilməsi nəzərdə tutulub.”
Bu gün konfransla paralel 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələri ziyarət edilib, eyni zamanda, region ərazilərində Şəhidlər xiyabanına yürüş edilib, təmizlik aksiyaları keçirilib. Konfransdan dərhal sonra Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.
2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.
Layihə çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə https://heftemiz.konullu.az internet səhifəsi və sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.
Cavid Əkbərov, “İki sahil”