09 dekabr 2023 16:26
427

Zəfər seçkisi

Azərbaycan Prezidentinin növbədənkənar prezident seçkiləri ilə bağlı qərarı geniş müzakirə olunur. Dövlət başçısının bu qərarının köklərini yetərincə dərk etməyənlərin məsələyə münasibəti kənardan çox eybəcər görünür. Bu səbəbdən məsələyə münasibət bildirənlərə - xüsusilə də özünü siyasi şərhçi adlandıran bəzilərinə demək istəyirəm ki, danışmaq xatirinə danışmayın. Sizlər Prezidentin bu qərarının əsaslarını ən yaxşı halda elə onu bu gün təhlil etdiyiniz səviyyədə anlayırsınız. Bundan artığını və bundan daha dərinlərini isə yalnız Prezident özü bilir. Elə bu səbəbdən də qətiyyəti ilə bütün digər dövlət başçılarından fərqlənən İlham Əliyev, heç kimin gözləmədiyi halda növbəti qətiyyətli addımını atdı. Onun bu addımı şahmat taxtası üzərində oyunun hələ çox davam edəcəyini düşünənlərin gözləri qarşısında heç kimin görə bilmədiyi bir gedişlə rəqibi mat etmək qədər ağıllı bir gediş oldu.

Dünən Qərbdə oturub özünü siyasətçi adlandıran iki siyasi pəltəyin (Arif Yunus və Arif Şahmarlı) Prezidentin bu qərarını necə müzakirə etdiklərini dinlədim. Ana dilində normal danışmağı bacarmayan bu iki “siyasi dəllal” Prezidentin bu qərarının səbəblərini ağılları kəsən və reallıqdan çox uzaq olan bütün variantlarda “təhlil” etdilər. Gah dedilər ABŞ Dövlət Katibinin köməkçisi Bakıya gəldikdən sonra bu qərarın qəbulu Birləşmiş Ştatlar Administrasiyasının məsləhəti ilə baş verib, gah dedilər ki, Prezidentin ABŞ Dövlət katibi ilə söhbətləri gərgin olub və bu səbəbdən danışıqlardan dərhal sonra dövlət başçısı belə qərar qəbul edib və s. Bu iki siyasi cırtqoz məsələ ilə bağlı üst-üstə  ondan çox versiya ətrafında fırlansalar da konkret heç nə söyləyə bilmədilər. Çünki, konkret nəsə demək onların ağlı üçün deyil.

Əli Kərimli də Ptrezidentin bu qərarını “təhlil” etdi. İçi tam qara, məkiri, boyundan böyük olan bu adam Prezidentin Qarabağ Zəfərini həzm edə bilmir. Adam anlamır ki, onun mövqeyi Azərbaycan cəmiyyətində qəbul edilmir. Adam anlamır ki, Prezident İlham Əliyev Qarabağ Fatehi kimi artıq öz adını Azərbaycan tarixinə qızıl həriflərlə həkk edib. Xəstə təxayüllü bu siyasi möhtəkir Azərbaycan Prezidentinin seçki qərarını Prezidentin Qələbədən sonrakı reytinqi ilə əlaqələndirir və deyir ki, hələ ki, bu reytinq yüksəkdir İlham Əliyev tez-tələsik seçki keçirmək istəyir. Adam başa düşmür ki, bu reytinq heç vaxt dəyişməyəcək. Müharibədən sonra görülən və görüləcək işlər isə bu reytinqi bir qədər də yüksəldəcək. Adam çıxışının əvvəlində deyir ki, Ermənistan iqtisadiyyatından fərqli olaraq Azərbaycan iqtisadiyyatı bu il çox zəif inkişaf edib. Sonra isə özü-özünü təkzib edərək deyir ki, Azərbaycanda neftin hasilatı aşağı düşüb. Adam nə danışdığının fərqində deyil. Başa düşmür ki, bir neft ölkəsində neftin hasilatı azalanda onun iqtisadiyyatında da azalma baş verməlidir. Ermənistan iqtisadiyyatının “sürətli inkişafına” gəlincə isə biz Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında bunun saxta bir artım olduğunu mətubuat səhifələrində dəfələrlə ifşa etmişik.

Adam bu saxtakarlığı belə görmək istəmir. Adam Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun hansı sürətlə inkişaf etdiyini görmək istəmir. Adam görmək istəmir ki, son 20 ildə iqtisadiyyatın real sektorundan ixracın həcmi 5 dəfəyə qədər artıb. İnkişaf budur. Azərbaycan hökuməti artıq çoxdandır ki, iqtisadiyyatının sabahını neftlə bağlamaq istəmir və elə bu səbəbdən də real sektorun sürətli inkişaf yolunu, alternativ enerji mənbələrinin sürətli inkişafını hədəfləyir.

Bu Zəfər seçkisi Azərbaycan Prezidenti İlham Əliyevə beynəlxalq siyasi müstəvidə daha sanballı söz sahibi olmaq və ölkə daxilində bütün səviyyələrdə islahatları daha uğurla aparmaq üçün geniş imkanlar verəcək!

Sizə uğurlar, Qarabağ Fatehi, Müzəffər Ali Baş Komandan!

Haqqı, ədaləti başının üzərində saxlayan, ürəyində Vətən sevgisi gəzdirən hər bir Azərbaycanlı Sizinlədir!

Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor