09 dekabr 2023 19:22
608

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO/VİDEO

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“İki sahil” xəbər verir ki, çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını  salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ulu Öndərin adı ilə bağlı olan və hazırda Onun siyasi varisi cənab İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır: “Cari ilin ötən dövrü ərzində həyata keçirdiyimiz tədbirlər Heydər Əliyev irsinin və ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər. İnkaredilməz reallıqdır ki, müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradan Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan dövlətinin siyasi-ideoloji sütunu, xalqımızın isə tükənməz mənəvi-siyasi sərvətidir. Çünki Azərbaycanın yeni və müasir dövlətçilik tarixinin müxtəlif mərhələlərini - həm SSRİ, həm də müstəqillik dövrünü əhatə edən dönəmləri Heydər Əliyev siyasətinin xalqımızın və dövlətimizin taleyində hansı tarixi əhəmiyyətə malik olduğunu, Ulu Öndərin xidmətlərinin misilsizliyini əks etdirir. Müdrik dövlət xadimi Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olmaqla gələcək müstəqilliyin əsaslarını formalaşdırmışdır. Olduqca mürəkkəb şəraitdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi isə bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın firavanlığı naminə məqsədyönlü işlər görmüşdür. Müstəqillik illərində isə Ulu Öndərin zamanın çağırışlarına, milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına əsaslanan fəaliyyətini iki fərqli tarixi mərhələdə ayrıca dəyərləndirmək lazımdır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq dirçəlişinə nail olmuşdur. Bu mərhələdə Onun liderliyi və xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə yeni və müstəqil Azərbaycan quruculuğunun əsaslarını formalaşdırmışdır. Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr real dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır. Bu mərhələyə nəzər yetirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qeyd etmişdir: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”. Əlbəttə, Heydər Əliyevin həmin dövrdə Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtarması, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını alması, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakını təmin etməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur. Bütün bu faktlar təsdiqləyir ki, Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olmuş, xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmışdır”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirmişdir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”. Ona görə də haqlı və birmənalı olaraq qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə bir daha qətiyyətli dəstək verərək cənab İlham Əliyevə etimad göstərmiş, Ümummilli Liderin müəyyənləşdirdiyi yolun alternativsizliyini inamla ifadə etmişdir. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirmiş, Heydər Əliyevin arzuları reallığa çevrilmişdir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sabitlik və sürətli inkişaf yoluna çıxarmış, məhz bu siyasət nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan Qələbə zirvəsinə yüksəlmişdir. Bir sözlə, Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsidir”.

Tahir Budaqov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir: “Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi də çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır”.

“Bu gün tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana parlaq nailiyyətlər qazandırır, milli qüdrətimiz günbəgün artır. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar təsdiqləyir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiqdir və sözü imzası qədər dəyərlidir”,-deyən YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib ki, Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirmişdir.

Tahir Budaqov söyləyib ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyi də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malikdir: “Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə edən gənclərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfə kimi yüksək qiymətə layiqdir. Bilirsiniz ki, mütərəqqi baxışlara, zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev hər zaman tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun siyasət həyata keçirməklə gənclərin inkişafına da xüsusi önəm vermişdir. O, intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə böyük diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə bugünkü – müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaratmışdır. Ona görə də Azərbaycan gəncliyinin Heydər Əliyev siyasətinə sadiq - qəlbən bağlı olması ilə yanaşı, Ulu Öndərin ideyalarının öyrənilməsi və təşviqində yüksək fəallıq nümayiş etdirmələri böyük önəmə malikdir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Təbii ki, milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik bu işdə gənclərin də üzərinə mühüm vəzifələr və böyük məsuliyyət düşür”.

“Şübhə yoxdur ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri də yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan gəncliyi də öz töhfələrini verəcəkdir. Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayır, konfransın Ulu Öndərin ideyalarının təşviqi baxımından faydalı olacağına inamımı ifadə etmək istəyirəm”,- deyə Tahir Budaqov vurğulayıb.

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq. Bu il ərzində Azərbaycanın müxtəlif təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Azərbaycan tarixi yeni baxış əsasında öyrənilir, Ulu Öndərin ideyaları təşviq olunur”.

Emin Əmrullayev bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Məhz Heydər Əliyev tərəfindən 1970-ci illərdə respublikamızda təhsil islahatlarına başlanılmışdı. Nazirin sözlərinə görə, Heydər Əliyevin təhsil şəbəkəsinin artırılması, Azərbaycan vətəndaşlarının keçmiş Sovet İttifaqının ali məktəblərində təhsil alması istiqamətində fəaliyyəti mühüm əhəmiyyət kəsb edir: "Ulu Öndərin ölkəmizə rəhbərliyi dönəmi təhsilin qızıl dövrüdür. O dövrdə məktəb şəbəkəsi böyüdü, ucqar kəndlərdə məktəblər fəaliyyətə başladı. Ötən əsrin əvvəlində bir neçə min ali təhsilli insan var idisə, 1970-ci illərdə bu rəqəm yüz minə çatdı. Yəni Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanda elm və təhsil sahəsində müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz Ulu Öndərin adı ilə bağlıdır. 15 minə yaxın gəncin respublikadan kənarda – keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə olub".

Nazir diqqətə çatdırıb ki, azərbaycanlı tələbələrin xaricdə təhsilinə dövlət dəstəyi Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş  Dövlət Proqramı ilə davam etdirilib. Hədəf ölkəmizdə neft kapitalını insan kapitalına çevirməkdir. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən 3500-ə qədər gəncimiz nüfuzlu xarici ali məktəblərdə təhsil alıb. “Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirir. Son illərdə Azərbaycanda 3500-ə qədər məktəb tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan məktəblərində 300 mindən artıq şagird proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagird STEAM dərslərinə cəlb olunub. Ən böyük təhsil hadisələrindən biri "Zəfər tarixi" fənninin tədrisidir. Bu fəndə Vətən müharibəsində qazanılan Qələbə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı şagirdlərə aşılanır. Artıq işğaldan azad olunmuş ərazilərimizdə inşası başa çatan və istifadəyə verilmiş məktəblər var. Bir neçə məktəbin isə tikintisi başa çatmaq üzrədir. Bütün bu hadisələr Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsidir” ,- deyən Emin Əmrullayev qeyd edib ki, bu gün təhsilimizin təməlində azərbaycançılıq ideologiyası və  milli-mənəvi dəyərlərimiz dayanır.

Nazir diqqətə çatdırıb ki, ən mühüm hadisələrdən biri Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsidir: “İnanıram ki, bu təşəbbüs və qərar istər azərbaycanlı gənclər, istərsə də təhsil işçiləri, alimlərimiz  üçün çox böyük imkanlar yaradır. Ən vacib imkan isə ondan ibarətdir ki, Qarabağ Universitetində sözün əsl mənasında təhsilə və tədrisə yenidən başlamaq imkanımız var. Birincisi, ənənələri olan Qarabağ diyarına təhsil qayıdır. İkincisi isə, orada bütün istiqamətlərin yenilənməsi, təbii ki, Azərbaycan təhsilinin inkişafına böyük imkanlar açır. Artıq gələn il sentyabrın 15-i tələbələrimizi Xankəndidə görmək istiqamətində işləyirik. Atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb. Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib əməkdaşlıq etmək olacaq”.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev ili” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılandı: “Başa çatmaqda olan 2023-cü ilin bu günündən dönüb geriyə baxdıqda “Heydər Əliyev ili” çərçivəsində istər ölkəmizdə, istərsə də sərhədlərimizin hüdudlarından kənarda xalqımızın Ümummilli Liderimizin xatirəsini minlərlə konfrans, forum, yarış və müsabiqələr, sərgilər və s. bu kimi tədbirlərlə minnətdarlıq hissi ilə yad etdiyinin şahidi oluruq. Cari ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndərin 100 illiyinə həsr olunmuş 50-dək müxtəlif konfrans, forum, müsabiqə keçirilib. Onların bir qismi universitetdaxili, bir qismi beynəlxalq tərəfdaşlarımızla birgə ölkəmizin hüdudlarında kənarda təşkil olunub”.

Vazeh Əskərov deyib ki, ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək ölkəmiz üçün taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti xalqımızın taleyində əbədi iz qoyub: “Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi, “idarəçilik” isə yalnız xüsusi maraqlara xidmət edirdi və yox dərəcəsində idi, respublikada xaos, anarxiya hökm sürürdü. Milyonlarla insanın arzusu Heydər Əliyevin Bakıya dönüşü və ölkəyə rəhbərliyi idi. Yeganə nicat yolunu Ulu Öndərin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Belə bir şəraitdə “91-lər” adlanan bir qrup ziyalı, əslində, bütün xalqın iradəsini ifadə edərək Azərbaycanın müstəqillik mübarizəsinin tarixində mühüm bir addım atdı. Tarixi reallıq bundan ibarətdir ki, Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası xalqın müstəqillik uğrunda apardığı mübarizənin layiqli aparıcı siyasi qüvvəsi kimi meydana çıxdı. Azərbaycan xalqının düşüncəsində əsl milli azadlıq və müstəqillik simvolu olmuş Heydər Əliyev, nəhayət, 1993-cü ilin iyununda Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdı. Həmin ilin 3 oktyabr tarixində keçirilən seçkilərdə xalqın böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn strateji hədəfləri uğurla reallaşdırmaqla ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail oldu”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ulu Öndərin liderlik qabiliyyəti, fenomenal hafizəsi, nüfuzedici natiqlik bacarığı, dərin və ətraflı biliyi ona əsaslı qərarlar qəbul etməyə, insanların beyninə və qəlbinə asanlıqla yol tapmağa, geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi: “Əsrin müqaviləsi” ilə reallaşdırılan həlledici neft strategiyası Azərbaycanın uzunmüddətli inkişafına yol açmış oldu və ölkənin siyasi, iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratdı. Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca dövlətlərdən birinə çevrilib”.

V.Əskərov deyib ki, Ümummilli Lider özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq gərgin siyasi fəaliyyəti ilə 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbənin təməllərini yaratdı: “Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq qürur, fəxarət və Prezident İlham Əliyevə minnətdarlıq hissləri ilə qeyd edir. Uğurlu antiterror əməliyyatları sayəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı Xankəndidə dalğalanmağa başladı və müstəqillik qazandığımızdan bəri nəhayət ki, Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində təmin edildi. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər və torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsi olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir”.

Vazeh Əskərov söyləyib ki, Vətən müharibəsində qazandığımız zəfər bütün dünyaya əyani olaraq bir də onu göstərdi ki, müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsi yaradılıb,  milli ruhda tərbiyə almış, vətənpərvər gənc nəsil yetişib: “Vətənpərvər gəncliyin gerçək nümunəsi Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş universitetimizin tələbələridir. Hər gün minlərlə tələbə ADNSU şəhidlərinin xatirə guşəsinin önündən keçir və özünə doğma Vətənimiz üçün layiqli vətəndaş kimi yetişmək andı verir. Vətənini sevən, onun tərəqqisinə çalışan gənclik Ulu Öndərin ideyaları əsasında yetişən gənc nəsildir.  Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün Azərbaycan gəncliyi, yüzlərlə gənc mühəndis işğaldan azad olunmuş torpaqlarımıza həyatın yenidən qayıtması üçün çalışır”.

“Burada toplaşanların, yəqin ki, hamısı bilir – Ümummilli Lider Heydər Əliyev 1939-1941-ci illərdə o zaman Azərbaycan İndustrial İnstitutu – Azİİ adını daşıyan universitetimizdə təhsil alıb. Ali məktəbin 80 illik yubileyi zamanı bu zalda çıxışı zamanı Ulu Öndər bildirmişdi ki, “mənim üçün hər bir ali məktəb doğmadır və hər bir ali məktəbin öz yeri vardır. Amma, mən bu sözləri deməyə bilmirəm, indiki Neft Akademiyası (hazırkı ADNSU) vaxtilə bütün ali məktəblərə nümunə idi. Mən istərdim ki, o, bu gün də nümunə olsun”. Müasir dünyada ali təhsilin mahiyyəti, texnologiyaları dəyişib, çoxsaylı universitetlər yaradılıb, gənclərin qarşısında ölkədə, yoxsa digər dövlətlərin ali məktəblərində təhsil almaq seçimi var, rəqabət böyükdür. Son illər ərzində ölkədə təhsil sahəsində aparılan islahatlar sayəsində ali təhsil sektorunda ciddi irəliləyişlər əldə olunub. 2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk dəfə olaraq nüfuzlu QS agentliyinin reytinqlərində yer alıb. Biz bütün fəaliyyətimizlə çalışacağıq ki, Ümummilli Liderin söylədiyi kimi, başqalarına nümunə olan universitet  kimi inkişaf edək”,- deyə rektor əvəzi vurğulayıb.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və Yeni Azərbaycan” adlı film nümayiş olunub.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov ilk  olaraq “Heydər Əliyev Siyasi Məktəbi” layihəsi haqqında məlumat verib: “Layihə bizim  təşəbbüsümüz və “PAŞA Holding” MMC-nin dəstəyi ilə uğurla icra edilib. Layihənin məqsədi Sabiradabad gənclərinin siyasi fəallığının artırılmasından ibarətdir. Layihə  çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda öyrənilib. Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illərini əhatə edib. İkinci dövr Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrlə bağlı olub. Üçüncü dövr Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illəri əhatə edib. Dördüncü dövr böyük dövlət xadimi Heydər Əliyevin Kremldə çalışdığı illərlə bağlıdır. Beşinci dövr isə 1987-1993-cü illəri əhatə edib. Layihənin altıncı hissəsi 1993-2003-cü illərlə əlaqədardır. 1918-ci ilin mayında Azərbaycan istiqlal bayrağını ucaltdı, müstəqilliyini elan etdi. Bu tarixi bir hadisə idi. Bu müstəqilliyi elan edən şəxsiyyətlər intellektuallar olub. Lakin onların hamısı birlikdə Azərbaycanın istiqlalını cəmi 23 ay qoruyub saxlaya bildilər. 1993-cu ilin iyun ayında da Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzbəüz idi. Bu zaman xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanın istiqlal bayrağını o çətin günlərdə zirvəyə qaldırdı və müstəqilliyimizi dönməz etdi. Ona görə də Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində hakimiyyətə qayıdışı xalqımızın qurtuluşudur”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Heydər Əliyev Azərbaycanın inkişaf yolunu, xarici siyasətini, ordu quruculuğu strategiyasını müəyyən etdi: “Ulu Öndərin ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafıbıb davamlılığını təmin etmək, gələcək siyasi varisini hazırlamaq idi. Məhz Heydər Əliyevin siyasi varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu, Azərbaycan bütövləşdi. Bütün bunlardan çıxarmalı olduğumuz nəticə odur ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu irs bizim milli sərvətimizdir, gücümüzdür. Məhz bu irslə, Azərbaycanın müstəqilliyinin və rifahının qarantı İlham Əliyevlə Zəfər seçkisindən sonra da əmin addımlarla həmişə irəliləyəcəyik”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb: “Heydər Əliyevdə fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi.  Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi. Daha sonra Ulu Öndər Heydər Əliyev SSRİ-də yüksək vəzifəyə irəli çəkildi və Onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. Moskvada işlədiyi zaman Heydər Əliyev ittifaq respublikalarının inkişafında da böyük xidmətlər göstərdi”.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikada iqtisadi, siyasi xaosun hökm sürdüyü, ölkənin dünya xəritəsindən silinmək təhlükəsinin olduğu dövrdə xalqımızı yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilərdi: “Təcrübə, bilik, bacarıq, cəsarət, xalqın Ona olan inamı, ölkədəki iqtisadi, siyasi, sosial durumdan xəbərdar olması və xalqının psixologiyasına bələdçiliyi imkan verdi ki, ölkəni xilas etsin. Xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi bərpa etdi, milli inkişaf strategiyasını müəyyənləşdirdi, bazar iqtisadiyyatına keçidə başladı, idarəetmənin qanunvericilik bazasını yaratdı, inzibati strukturu yenidən qurdu, vətəndaş həmrəyliyinə nail oldu, çoxpartiyalı siyasi sistemə keçidi təmin etdi. Eyni zamanda, Heydər Əliyev müstəqil Azərbaycanı bütün dünyada tanıtdı, ölkənin beynəlxalq birliyə inteqrasiya olunmasında vacib addımlar atdı. “Əsrin müqaviləsi” kimi mühüm sənədin imzalanmasında da Heydər Əliyevin beynəlxalq müstəvidəki nüfuzu müstəsna rol oynadı”.

Əli Həsənov deyib ki, Ulu Öndər Heydər Əliyevin güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına hesablanmışdı və belə də oldu: “Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir”.

Çıxış edən “Heydər Əliyev  siyasi məktəbi”  layihəsinin iştirakçısı Nuranə Hüseynzadə bildirib: “Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr edilmiş Heydər Əliyev siyasi məktəbi layihəsinin iştirakçısıyam. Belə bir layihənin keçiriləcəyini öyrənəndə çox böyük həvəslə layihənin iştirakçısı olmaq istədim. Çünki bir şəhid bacısı kimi hesab edirəm ki, Heydər Əliyevin həyatını, siyasi irsini öyrənmək mənim mənəvi borcumdur. Layihə ərzində Ulu Öndərin gənclik illəri ilə bağlı Naxçıvandakı görüşlərimizdən başlayaraq, bu günə kimi Heydər Əliyevin həyatının hər dövrünü öyrəndik, Ulu Öndəri şəxsən tanımış, hətta onun rəhbərliyi altında işləmiş şəxslərlə görüşlərimiz keçirildi. Həm mənim, həm də digər layihə iştirakçıları üçün böyük şərəfdir ki, biz belə bir dahi insanın həyat yolunu ziyalıların sözlərindən öyrənə bilirik. Layihədən əvvəl də, əlbəttə ki, biz Ulu Öndər haqqında kitablar, məqalələr oxuyurduq, videofilmlər izləyirdik, valideynlərimiz bizə onun haqqında danışırdı. Lakin bu layihə sayəsində tarixi incəliklərlə öyrənmək şansımız oldu. Biz gənclər, şəhid ailələri, həmişə Heydər Əliyev irsinin ətrafında sıx birləşmişik, bundan sonra da bu prinsipial yolla getməyə davam edəcəyik”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin  səsləndirilməsi ilə başa çatıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.