Dünya Bankı Azərbaycanda qadınların əvvəllər qadağan olunmuş sahələrdə fəaliyyət göstərməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında texniki yardım göstərir.
“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Dünya Bankının Azərbaycan ofisinin Əməliyyatlar üzrə baş köməkçisi Vüsalə Əsədova deyib.
O bildirib ki, bu dəstək Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində həyata keçirilir və qadınların qadağan olunmuş sahələrdə bilik boşluqlarının aradan qaldırılmasına yönəlib: “Sovet dövründə əmək şəraiti zərərli və ağır olan istehsalatlarda, peşələrdə (vəzifələrin) qadınların işləməsi qadağan edilmişdi. Bu peşələrin sayı 674 idi və Əmək Məcəlləsində də öz əksini tapırdı. Texnologiya inkişaf etdikcə bu peşələrdə qadınların da çalışması mümkün oldu və onların həyatı üçün heç bir risk daşımadığı müəyyənləşdirildi. Hətta bəzi peşələrin artıq mövcud olmadığı da aşkarlandı. Dünya Bankı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istəyi ilə bu siyahının aradan qaldırılmasına köməklik göstərdik”.
V. Əsədova qeyd edib ki, bununla bağlı beynəlxalq məsləhətçi cəlb olundu və bu istiqamətdə fərqli yanaşma irəli sürüldü: “Mövzu ilə bağlı müvafiq nazirlik müraciət etməzdən əvvəl də bu istiqamətdə fəaliyyətlər göstərilib. Lakin uğurlu nəticə əldə edilmədi. Cəlb edilən məsləhətçi belə bir yanaşma irəli sürdü ki, bu istiqamətdə fəaliyyət peşənin adı yox, oradakı işin mühiti üzərindən qurulsun. Yəni iş mühiti qadın üçün zərərlidirsə, demək kişi üçün də zərərlidir. Belə olan halda iş mühitini təkmilləşdirmək və zərərləri aradan qaldırmaq tövsiyə olundu ki, bu da daha müsbət nəticə əldə etməyə kömək etdi”.
Onun sözlərinə görə, birgə əməkdaşlığın nəticəsində artıq qadağan olunmuş peşələrlə bağlı siyahı aradan qaldırılıb. "Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən əlavələrdən sonra yalnız 204 qadağan olunmuş peşə müəyyən edilib ki, bu da hamilə və 1 yaşınadək uşağı olan qadınlar üçün tətbiq edilir”, - deyə Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb.