7 fevralda keçirilən prezident seçkiləri dövlətçilik tariximizə siyasi Zəfərimizin ifadəsi kimi yazıldı
Dünən bütün Azərbaycan xalqı bir daha həmrəylik göstərərək növbədənkənar prezident seçkilərində elliklə iştirak etdi. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri vətəndaş kimi seçkidə fəallığı ilə təsdiqləyən xalqımız ölkənin bütün ərazilərində təşkil olunan məntəqələrdə Azərbaycanın suverenliyinə, ərazilərimizin toxunulmazlığına səs verdilər. 7 namizədin ölkəyə rəhbərliyi uğrunda apardığı mübarizədə sözünü deyib, seçimini edən seçicilər respublika üzrə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində yaradılan şəffaf şəraitdən istifadə edərək ən layiqli namizədə etimad göstərdilər.
Respublikamızdan kənarda yaşayan soydaşlarımız Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdə iştirak edərək öz namizədinə səs verdi. Siyasi kampaniyalarda demokratiyanın əsas tələbləri olan obyektivlik, şəffaflıq, seçicilərin öz mövqelərini bildirmələri üçün yaradılan şəraitdən razılıq bütün məntəqələrdə hiss olunan demokratiyanın təntənəsi idi.
Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatların əldə olunması üçün bütün məntəqələr kompüterləşdirilib lazımi avadanlıqla təmin olunmuşdu. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Respublika üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 nəfər seçicinin adı əvvəlcədən məntəqələrdəki seçici siyahılarına daxil edilmişdi. Mərkəzi Seçki Komissiyasının açıqlamasında qeyd olunduğu kimi, seçkilərə hazırılq və səsvermə prosesini 72 beynəlxalq təşkilat, 89 ölkəni təmsil edən 790 müşahidəçi izləyib. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Həmişə olduğu kimi, paytaxtın ən böyük ərazilərindən olan Yasamal rayonunun seçiciləri də səvermədə fəallıq göstəriblər. 16 saylı Yasamal 2-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsində fəallıq əvvəldən axıradık eyni qaydada davam etdi. 225 saylı orta məktəbdə yerləşən həmin məntəqədə səsvermə prosesinin demokratik qaydalara uyğun keçirilməsi üçün lazımi şərait yaradılmışdı. Məntəqə sədri Gülcahan Həsənova bildirdi ki, ərazidə ali təhsil müəssisələri çoxluq təşkil etdiyi üçün səs verən gənclərin sayı çoxdur. Zəfər seçkisində 28 nəfərin ilk dəfə iştirak etməsi də deyilənləri təsdiqləyir. Məntəqədə müşahidəçilər və KİV nümayəndələri üçün də lazımi şərait yaradılıb.
Yasamal rayon 17 saylı III seçki dairəsinin əhatə etdiyi məntəqələrdəki qələbəlik ilk baxışdan diqqəti cəlb edirdi.
Həmin dairənin 2 saylı Məntəqə Seçki Komissiyasının sədri Mədinə Nəbiyeva bildirdi ki, səsvermə prosesi nəzərdə tutulan vaxtda başlayıb:
- Bu gün məntəqimiz üzrə qeydə alınmış 970 seçici öz namizədinə etimadını göstərəcək. Həmişə olduğu kimi, növbədənkənar prezident seçkilərində seçici fəallığı ilk saatlardan diqqəti cəlb edir. İnsanların bu seçkilərdəki kütləvi iştirakı səbəbsiz deyil. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi sevincini təkrar yaşayan seçicilər Milli Konstitusiyamızda təsbit olunan vətəndaşlıq hüquqlarını səsvermə prosesində iştirakları ilə təsdiqləyirlər. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərini səsvermə qutularında başında, seçki bülletenində adları yazılan namizədlərə etimadları ilə bildirən seçicilərin ümumi rəyi dəyişilməzdir. Qüdrətli Azərbaycanın daha möhtəşəm gələcəyinə, müstəqilliyimizin və suverenliyimizin əbədiliyinə səs verən insanların sevinc dolu əhval-ruhiyyələri də birlik və həmrəyliyimizin göstəricisidir.
Məntəqə şahid olduqları səsvermə prosesindən, seçicilər üçün yaradılan şəraitdən , sərbəstlikdən razılıqlarını bildirən moldovalı müşahidəçilər Arvat Natalia və Lara Seqiu Azərbaycanda təkmilləşən, nümunə göstərilən demokratik islahatlardan da məmnunluqlarını ifadə etdilər.
17 saylı Yasamal III seçki dairəsinin 8 saylı seçki məntəqəsində də eyni izdiham diqqəti cəlb etdi. Məntəqə sədri Mehparə Babayeva bildirdi ki, seçkilərə hazırlıq müddətində əhatə etdiyimiz ərazidə yaşayan seçicilərlə görüşlər keçirilmiş, səsvermə huququ olan 1217 seçicinin adları siyahı üzrə dəqiqləşdirilmişdir.
Seçici Lalə Abbasova səsvermə prosesi üçün yaradılan şəraitdən razılığını bildirdi:
- Mən müəlliməm. Bir vətəndaş kimi Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzu, diplomatiyada qazandığı uğurları, hərbi qüdrəti ilə fəxr edirəm. Vətən müharibəsində qazandığımız Zəfərimizin davamlı olmasına səs verdim. Taleyimizi etibar etdiyimiz namizədə etimad göstərdim.
Həmin dairənin 12 və 13 saylı Məntəqə Seçki Komissiyalarının sədrləri Bəsti Ağayeva və Telman Məmmədov bildirdilər ki, bu gün bütün suverenliyini tam təmin edən ölkəmizin bütün bölgələrində keçirilən prezident seçkiləri ərazilərimizdə yaşayan seçicilər üçün də əlamətdar hadisədir.
« İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən qürurlanan insanlar səsvermə prosesində göstərdikləri fəallıqları, birliyi ilə də xalqımızın sarsılmazlığını bütün dünyaya bəyan edirlər. Silahlı Qüvvələrimizin döyüş əməliyyatlarında qazandıqları uğurları siyasi hazırlıqları, səsvermə prosesində kütləvi iştirakları ilə təsdiqləyən hər bir ölkə vətəndaşı üçün bu seçkilər Azərbaycanın qazandığı əbədi yaşam haqqının bariz nümunəsidir» sözləri ilə bildirən12 saylı Məntəqə Seçki Komissiyasının sədri Bəsti Ağayeva ilk saatlardan hiss olunan seçici fəallığını da diqqətə çatdırdı
15 saylı Məntəqə Seçki Komissiyasının sədri Şərafət Feyzullayeva bildirdi ki, 17 saylı Yasamal III seçki dairəsi üzrə ən böyük ərazilərdən birini əhatə etdiyimiz üçün seçkilərə hazırlığın ilk günlərindən ciddi çalışırıq. Seçici siyahıları vaxtında hazırlanmış, seçicilərə bildiriş vərəqələri göndərilmişdir. Nəticə isə sevindiricidir. Seçici fəallığı görülən işlərin məntiqi nəticəsidir.
17 saylı Yasamal III seçki dairəsinin 16 saylı Məntəqə Seçki Komissiyasının sədri Fizzə Həmidova səsvermə prosesinin gedişi ilə bağlı bildirdi ki, səhər saatlarından başlanan səsvermə prosesi eyni kütləviliklə davam edir. «Siyaşı üzrə 1203 seçicini əhatə edən məntəqimizdə seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb» söyləyən F. Həmidova bildirdi ki, səsvermə prosesinin obyektiv, şəffaf keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.
Məntəqədəki səsvermə prosesindən məmnunluqların bildirən Rusiya Federasiyanın müşahidəçiləri Nadejda Dokhava, İlias Umakhanov Azərbaycanda daim inkişaf edən demokratiyanın başqaları üçün nümunə göstərilə biləcəyini də etiraf etdilər.
29 saylı seçki məntəqəsi də həmin dairədə yerləşir. Məntəqə Seçki Komissiyasını sədri Xəyal Əsədov bildirdi ki, müşahidəçilər, səsvermə prosesində obyektivliyi, seçici fəallığını izləyən «exit-poll» təmsilçiləri üçün lazımi şərait yaradılıb.
Seçici Nazilə Xeyrullazadə də seçicilər üçün yaradılan şəraitdən məmnunluğunu ürək sözləri ilə ifadə etdi:
- Hazırda təqaüddə olsam da bir vətəndaş kimi vətəndaşlıq borcumu yerinə yetirirəm. Bütün siyasi kampaniyalarda iştirak etmişəm. Amma 7 fevralda keçirilən növbədənkənar prezident seçkisi mənim üçün həqiqi mənada Zəfər, qürurverici hadisədir. Ölkəmizin bütün ərazisində keçirilən bu seçki bir daha göstərir ki, Azərbaycanın torpaqları toxunulmazdır. Xalqımız lazım olduğu zamanlarda bir olub, pir olmağı bacarır. Bu seçkilərdə hamının elliklə iştirakı birliyimizin, həmrəyliyimizin növbəti ifadəsidir. Bizə dost olanlar sevincimizə şərik olur, düşmənlərimiz həmrəyliyimizə həsəd aparırlar.
Saatlar ötsə də paytaxtda yerləşən seçki məntəqələrinə axışan seçicilərin artan sayı, Zəfər seçkisi xalqın inamının, istəyinin, Azərbaycanın suverenliyinin toxulmazlığının, müstəqilliyimizin əbədiliyinin daha bir təsdiqi, əminlik nümunəsi idi. Azərbaycan xalqı daha bir siyasi imtahandan uğurla çıxacağını dünyaya bəyan etdi. Zəngin dövlətçilik ənənəsinə malik bu sınaq Azərbaycan diplomatiyasının daha bir uğuru, birlik və həmrəyliyimizin ifadəsi kimi Zəfər tariximizə yazılacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO