Prezident seçkisi günündə “problem yaranması” barədə ilk informasiyanı ABŞ mediası verdi. “Azadlıq Radiosu” saat 8/35-də, yəni səsvermə prosesinin başlamasından cəmi 35 dəqiqə sonra məlumat yaydı ki, 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi üzrə məntəqələrdə jurnalistlərin çəkiliş aparmalarına maneələr yaradılıb; “jurnalistlərə siz Media Reyestrində qeydiyyatda yoxsunuz, çəkiliş edə bilməzsiniz” deyilib. Məlumatı operativ şəkildə “Meydan.TV” və “Toplum.TV” də paylaşdılar. Eyni çevikliklə “media üzrə ekspertlər” işə qarışdılar. 54 dəqiqə sonra, saat 9/29 “Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli açıqlama yayaraq, faktı pislədi. Azərbaycan hökumətini “medianın sərbəst seçki müşahidəçiliyinə maneələr yaratmaqda” qınadı. Mövzunu “beynəlxalq medianın” gündəminə çıxarmaq üçün təşəbbüs göstərildi. Amma bu cəhd nəticəsiz bitdi, 1-2 saat ərzində gündəmdən çıxdı. Çünki, öz təsdiqini tapmadı. Media İnkişaf Agentliyi və Mərkəzi Seçki Komissiyası birgə bəyanat yayaraq, seçki məntəqələrini müşahidə edən jurnalistlərdən heç bir qeydiyyat vərəqəsi tələb olunmadığını açıqladılar. Onu da əlavə etdilər ki, bu prinsip 7 fevral gününə qədər bir neçə dəfə elan olunub: “Jurnalistlərdən heç bir qeydiyyat proseduru tələb olunmadığı seçki günündən öncə də açıqlanıb” ( https://report.az/media-xeber/medianin-inkisafi-agentliyi-aciqlama-yayib/?fbclid=IwAR1QxEHuJ8vCqgTGrHqg91OciBYH-VJgRXuNTI88i2ufj4znp8FS7gi37oc ). Qeyd olundu ki, əgər hansısa jurnalistə maneələr yaradılması barədə sübutlar varsa, aidiyyatı üzrə göndərilsin, araşdırılsın. Qarşı tərəf heç bir fakt, sübut təqdim edə bilmədi. Belə nəticə çıxdı ki, “media üzrə hüquqşünas” tələsik hərəkət edib. “Azadlıq Radiosu”nun saxta xəbər yaydığını anlamayıb. Əlində heç bir sübut olmadan, qondarma faktlar üzrə bəyanat verib. Onun səbəbsiz yerə əndişə keçirdiyini, qondarma faktlar üzrə bəyanat verdiyini təsdiqləyən başqa bir məqam da ortaya çıxdı. Bəlli oldu ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət təsadüfən həmin məntəqədə olub. Yaşayış ünvanına uyğun olaraq məhz 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsində səs verib. Saat 8-9 aralığında, “Azadlıq Radiosu”nun uydurduğu faktın əhatə etdiyi zaman kəsiyində səs vermək üçün həmin məntəqəyə gəlib. Səsvermədən sonra məntəqədə qalıb, bir müddət orada müşahidə aparıb. Müşahidə apardığı dövrdə jurnalistlərdən “media reyestrində qeydiyyatdan keçməsi barədə sənəd tələb edilməsinin” şahidi olmayıb. Azər Həsrət bu qeydi Ələsgər Məmmədliyə çatdırdı. Rəsmi müraciət etdi ki, qeyd edilən fakt üzrə sübutlar varsa, göndərsin, araşdırılmasına yardım etsin. Həmin müraciətdə xatırladılır ki, Mətbuat Şurası 7 fevral günü üzrə xüsusi “Qaynar xətt” yaradıb. Məqsəd səsvermə günü jurnalistlərdən gələn şikayətləri həll etməkdir. Əgər “Azadlıq Radiosu”nun yazdığı hadisə uydurma deyil, reallıqdırsa, həmin halla rastlaşmış jurnalistin məsələsi “Qaynar xətt”ə yönləndirilib operativ şəkildə həll edilə bilər. Azər Həsrətin bu müraciət Ələsgər Məmmədlinin Facebook hesabında indi də qalır
5 gün keçib, heç bir fakt, sübut təqdim edilməyib.
“Azadlıq Radiosu”-“MeydanTV”-“ToplumTV” tandeminin növbəti eksperimenti prezidentliyə namizədləri təmsil edən müşahidəçilərin üzərində quruldu. Onlar tərəfindən təlimatlandırılmış şəxs Zahid Orucu təmsil edən müşahidəçiyə yaxınlaşıb, “Zahid Orucun hansı partiyanın sədri olduğunu” soruşdu. Cavab almayanda mövzunu məsxərəyə çevirdilər. “Müşahidəçi təmsil etdiyi şəxsin sədr olduğu partiyanın adını bilmir”-deyib, kampaniya apardılar. Bu kampaniyanın da ömrü qısa sürdü. Kimsə onlara anlatdı ki, “Zahid Oruc partiya sədri deyil”, bu baxımdan müşahidəçi onlara cavab verməyib. Vəziyyətdən çıxmaq üçün mövzunu Yeni Azərbaycan Partiyasından olan müşahidəçinin üzərinə transfer etdilər. Reportajın ilk versiyasını da səhifələrindən sildilər ki, iz qalmasın. Amma diqqətlərindən yayınıb, orijinal versiya “OsmanqızıTV”nin efirində ilişib qalıb.
Tutuquşu rolunu ifa edən “milli mərkəzlər”
Səsvermədən 1 gün qabaq, fevralın 6-da “KeepItOn” adlı beynəlxalq şəbəkə beynəlxalq media qurumlarına ünvanlanmış bəyanat yaydı. “105 ölkədə olan 300-dən çox təşkilatı öz tərkibində birləşdirdiyini” vurğulayan “KeepItOn” həmin bəyanatda iddia edirdi ki, 7 fevral günü Azərbaycanda internet məhdudlaşdırılacaq, “jurnalistlərin seçki məntəqələrindən tənqidi fikirlər yaymasına maneələr olunacaq” ( https://www.accessnow.org/press-release/open-letter-azerbaijan-elections-internet-access-2024/ ). Başdan-ayağa ehtimallar üzərində qurulmuş qeyri-ciddi ittihamdır. Özünü beynəlxalq statuslu elan etmiş bir şəbəkə ehtimallara əsaslanıb belə bir bəyanatı necə verə bilər? Mümkündür. Çünki, şəbəkənin özü saxtadır. Adının təmtəraqlı olması, üzv təşkilatların çoxluğu çaşqınlıq yaratmasın. Burada birləşənlərin əksəriyyəti ABŞ-ın təsir dairəsində olan “transsərhəd” GONGO-lardır. Təsəvvür yaratmaq üçün qeyd edək ki, onların Azərbaycandan olan üzvlərindən biri “MeydanTV”dir. O, “KeepItOn”nun qeyri-ciddi bəyanatını ciddiləşdirmək, 7 fevral seçkisi üzrə neqativ arqumentə çevirmək üçün addımlar atdı. Fevralın 7-də “MeydanTV” məlumat yaydı ki, “310 və 80 nömrəli məktəblərdə yerləşən məntəqələrdə internet kəsilib, jurnalistlərin bu məntəqədən informasiya yayması məhdudlaşıb”. MSK-dan rəy aldılar. Qurum sözçüsü faktın araşdırıldığını, amma təsdiqini tapmadığını bildirdi. Buna rəğmən, sakitləşmədilər. “MeydanTV” Ələsgər Məmmədlidən rəy öyrəndi. O da “310 və 80 nömrəli məktəblərdə internetin kəsilmə ehtimalının yüksək olduğunu” bildirdi. Ələsgər Məmmədli bu açıqlamasında “KeepItOn”nun cızdığı çərçivədən bircə addım kənara çıxmayıb. Onun açıqlaması bu linkdə mövcuddur, müqayisə etmək mümkündür ( https://arqument.az/az/azerbaycanda-secki-gunu-internetde-problemlerin-yarandii-bildirilir/ ). Müqaysəli təhlil aparanda belə nəticə çıxır ki, “KeepItOn”nun bəyanatında yer tutmuş bütün tezislər, cümlələr heç bir dəyişiklik edilmədən, tutuquşu ritorikası ilə təkrarlanıb.
Eyni ritorika “ToplumTV”-“MeydanTV”-“Azadlıq Radiosu” tandeminin 7 fevral günündə yaydıqları digər bütün informasiyalarda özünü büruzə verir. Səsvermə günündə “qayda pozuntularının” olduğunu ehtiva edən bütün informasiyalarda hansısa ehtimala istinadən qurulur. Bunun kökü isə daha öncədən xaricdə quraşdırılmış mətnlərə uyğunlaşdırılır.
Aydın şəkildə görünür ki, ABŞ-dan yönləndirilən “milli mənbələr” 7 fevral günündə təxribat məqsədilə xaricdən yayılmış tezisləri təsdiqedici versiyada səsləndirmək üçün tapşırıq alıblar. Səsvermə günündə lokal təxribatlar törədilməsi üçün təlimatlandırılıblar. “KİV”, “medi eksperti”, “QHT”, “müşahidəçi” adı ilə dövriyəyə buraxılmış bu qrupların işi süni problem yaratmaqdan, diqqət çəkməkdən ibarət olub. Seçkiyə kölgə salmaq, Azərbaycanı tənqid hədəfinə çevirmək üçün zəmin hazırlayıblar. Əks təqdirdə bir hüquqşünasın gün ərzində 2 dəfə yalan arqumentlər üzərində bəyanat yayması nəyə lazımdır?
Əslində belə təşəbbüslər əvvəlki seçkilər zamanında da olub. Azərbaycanı özünün orbitində görmək istəyən beynəlxalq güc mərkəzləri seçki prosesinin qeyri-şəffaf keçirildiyini ehtiva edən süni informasiyalar yayıblar. Cəmiyyətlə hakimiyyət arasında etimadsızlıq mühiti formalaşdırmağa cəhd göstəriblər. Uydurma faktları beynəlxalq medianın gündəminə çıxararaq, Azərbaycanın reytinqini zədələməyə çalışıblar. Həm də öz “arqumentlərini” isbatlamaq üçün “yerli qurumlara” istinad ediblər. İndi sadəcə variant yenilənib. “Yerli qurumlar”ın çeşidi dəyişdirilib. Öncəki seçkilər zamanı bu iş əsasən siyasi partiyalar üzərindən reallaşdırılıb, daha çox da “radikal düşərgəyə” istinad edilib. İndi isə “radikal düşərgə” sosial bazasını itirib, seçkiyə qatılmaq üçün potensialları qalmayıb. “Seçkini boykot ediblər”. Bu baxımdan proses “KİV”, “QHT”, “media üzrə hüquqşünas”, “müstəqil müşahidəçi”lər üzərinə yönləndirilib.
Bu məqsədlə ixtisaslaşmış qruplar formalaşdırılıb. Yuxarıda “ToplumTV”-“MeydanTV”-“Azadlıq Radiosu” tandeminin adını çəkdik. Əslində adı çəkilənlər bu qrupun üzdə görünən, daha çox tanınanlarıdır. Sayları çoxdur. Məsələn, “AbzasMedia” da bu qrupun üzvüdür. Yaxud, “Fakt yoxla” redaksiyası da onların aparıcı üzvlərindəndir. “Fakt yoxla” redaksiyasının rəhbəri Leyla Mustafayeva Xədicə İsmayılla birgə qrupun xarici əlaqələndiricisidir. O, Fevralın 2-də Parisdə Leyla Yunusla birgə “The Baku connectioan” adlı şəbəkəni rəsmən elan edib. Şəbəkə “milli qrupu” xarici KİV-lərlə əlaqələndirir. “Milli qrup”un yaydığı informasiyalar həmin şəbəkə vasitəsilə 15 transmilli KİV tərəfindən də tirajlanır.
Demokratik Təşəbbüslər İnstitutu (DTİ) da bu şəbəkənin üzvüdür. Sadəcə şəbəkənin “QHT qanadında” təmsil olunur. Daha doğrusu, “QHT qanadı” ilə “KİV qanadı”nı əlaqələndirir. Məsələn, DTİ “Fakt yoxla” redaksiyasının rəsmi təsisçisidir. Yəni, Leyla Mustafayeva ilə eyni proqramı bölüşür. Paralel şəkildə, DTİ “ToplumTV”-nin əsas təminatçılarından biridir. “ToplumTV”nin redaksiyası DTİ-nin sədri olan Akif Qurbanovun villasında yerləşir, partnyor təşkilat kimi çıxış edir.
Şəbəkənin QHT qanadı da KİV qanadı kimi geniş şaxəlidir. QHT qanadında aparıcı təşkilatlardan biri də Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzidir (DTSMM). Seçkilərdən bir neçə gün öncə Azərbaycan mediasında məlumat yayıldı ki, DTSMM səsvermə günündə təxribatlar törətmək üçün USAİD-dən külli miqdarda “qrantlar” alıb. “Toplum TV” və DTİ ilə birgə “xüsusi məktəb” yaradaraq, seçki günü “müşahidəçilik edəcək” jurnalistlərə təlimlər keçib. Göründüyü kimi, bu layihədə təxribat şəbəkəsinin KİV qanadı ilə QHT qanadı əlaqələndirilib. “ToplumTV”-nin baş redaktoru Xədivə İsmayıl, DTİ sədri Akif Qurbanov və DTSMM sədri Anar Məmmədli vasitəsilə bu əlaqələr koordinasiya edilib.
Sadəcə DTSMM sədri Anar Məmmədli xislətinə sadiq qalaraq, pulları düzgün bölüşdürməyib. Yəni mənimsəməyə yol verib. Seçki günü təxribat törətmək üçün təlimatlandırılan “müşahidəçi jurnalistlərə” cəmi 50 manat qonorar vəd edib. Həmçinin, aldığı “qrant vəsaitindən” AXCP-yə çatmalı olan payı gecikdirib. Nəzərə almayıb ki, “təlimə” cəlb etdiyi şəxslər həm də AXCP və Musavatın aktivistləridirlər. Ənənəyə görə, “auditoriya” AXCP və Musavatdan təmin edilirsə, qeyd edilən partiyaların da “qrant payı” çatmalıdır. Narazı qalanlar bu faktı KİV-lərə sızdırıblar. Beləliklə, adi bir detal vasitəsilə böyük bir təxribatın üstü açılıb ( https://missiya.az/62208-cirkin-beynelxalq-teskilatlar-anar-memmedliden-nece-istifade-edir.html ). Bəlli olub ki, “ToplumTV”, DTİ və DTSMM tərəfindən təlimə cəlb edilmiş şəxslərə tam bir təxribat törətmə kursu keçilib. DTSMM tərəfindən hazırlanmış təxribat planının xəritəsi ələ keçib. Mövzunun ictimailəşməsi, həmçinin, vəsaitin mənimsənilməsi işlərini pozub. Nəticə etibarilə, Anar Məmmədli səsvermə günü 500 nəfər deyil, cəmi 15 nəfər müşahidəçi səfərbər edə bilib.
Təlimatlar ABŞ-dan gəlib
Azərbaycan mediası bu fakt üzrə tədqiqatları davam etdirib. Azərbaycanda keçirilən prezident seçkisi üzrə təxribatları planlaşdıran mərkəzləri müəyyənləşdirməyə çalışıb. Maraqlıdır ki, araşdırmalar nəticəsində əksər xətlər ABŞ fondlarının üzərində cəmləşib. SMDTM-in fəaliyyətinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyi tərəfindən maliyyələşdirildiyi üzə çıxıb (https://musavat.com/news/ozune-secki-eksperti-deyen-anar-memmedli-o-kimlere-xidmet-edir-sensasion-faktlar_1042497.html ).
Araşdırmalar zamanı o da müəyyən edilib ki, ABŞ-ın 7 fevral seçkisini pozmaq təşəbbüsləri təkcə təxribatçı QHT və KİV şəbəkələrini maliyyələşdirməklə yekunlaşmayıb. Beynəlxalq müşahidə missiyaları ilə də fəal iş aparılıb. Səavermə günü ərəfəsində Azərbaycan KİV-lərində “ATƏT-in Bakıdakı missiyasında dava: hesabatlar cırıldı” başlığı ilə məqalə yayımlanıb ( https://axar.az/news/gundem/828805.html ). Məzmunu budur ki, 7 fevral seçkisini müşahidə etmək üçün Azərbaycana gəlmiş ATƏT müşahidə missiyasının tərkibində olan ABŞ yönlü şəxslər ciddi qarşıdurma mühiti yaratmağa təşəbbüs göstəriblər. Missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn tərcüməçilərlə qəddar, təhqiramiz formada davranıblar. Seçki məntəqələrinə baş çəkərkən, komissiya üzvləri və polis əməkdaşları ilə mübahisələrə yol veriblər. Bir sözlə, bütün vasitələrə əl atıblar ki, hər hansı bir formada insident yaşansın və bu insident seçki üzrə hesabata daxil edilsin. Hətta, seçki üzrə neqativ rəyin verilməsi üçün missiyanın digər üzvlərinə də təzyiqlər göstəriblər.
Day.az portalının yaydığı xəbərə görə, fevralın 9-da Bulvar hoteldə toplaşan ATƏT missiyasının bütün nümayəndələri bir daha seçkiləri müzakirə ediblər. Müəyyən olunub ki, ATƏT müşahidə missiyasında təmsil olunanların cəmi 3 faizi seçkilərin saxtalaşdırıldığını iddia edir, 97 faiz isə bu qənaəti bölüşmür. Üstəlik, həmin 97 faizə daxil olan bir çox şəxs fevralın 8-də ATƏT müşahidə missiyasının mətbuat konfransında açıqlanmış ilkin hesabatla razı olmadıqlarını bildiriblər və onların rəyi nəzərə alınmadan birtərəfli sənədin yayılmasına etiraz ediblər.
Beləliklə, ABŞ-ın 7 fevral seçkisini pozmaq üçün qurduğu planlar suya düşüb. Ya şansı çəkməyib, ya da işi düzgün qurmayıb. Güvəndiyi texnoloqlar ABŞ-ı məyus ediblər.
Real Təhlil İnformasiya Mərkəzi və APA-nın Analitik mərkəzi