12 fevral 2024 12:01
258

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində növbəti inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilər bütün dövlətlərin tarixində mühüm mərhələdir. Azərbaycan vətəndaşlarının öz iradəsini sərbəst şəkildə ifadə etmələri xalqın sıx birliyini göstərdi, Sizin müdrik rəhbərliyinizlə ölkənin irəlilədiyi kursa etimadın yüksək səviyyəsini nümayiş etdirdi. Əminəm ki, Sizin peşəkarlığınız və zəngin təcrübəniz sosial-iqtisadi sabitliyin təmin olunmasına, xalqın rifah halının yüksəldilməsinə və Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun gələcəkdə də artmasına kömək edəcəkdir.

Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Ən səmimi ehtiramımı qəbul edin".