14 fevral 2024 12:57
686

Ailədaxili cinayətlərin səbəbi nədir? - Psixoloqdan AÇIQLAMA

Ailələr psixoloqa getməyi özlərinə ayıb sayırlar və hesab edirlər ki, psixoloqa gedən “dəlidir”

“Ailədaxili konfliktin səbəbi birinci ailənin özündən başlayır. Yəni, tərəflər bir-birini dinləmir, seçimlərinə hörmət etmirlər. Ailə üzvlərindən hər hansısa biri xəstəlikdən əziyyət çəkir və yaxud psixoloji bir problemi varsa və bu, ertələnirsə təbii ki, həmin ailədə münaqişələr başlayır. Bəzi ailələrdə empati (özünü qarşı tərəfin yerinə qoymaq), qarşılıqlı anlaşma hissləri zəifdir, ailə üzvləri arasında kompromis yoxdur. Bunların əksinə indiki ailələrin əksəriyyətində qınaq, şiddət, sözlü şiddət həddindən artıq çoxdur. Buna görə də ailələrdə konflikt baş verir.” 

Bu fikirləri “İki sahil”ə açıqlamasında klinik psixoloq Vəfa Rəşidova Demir bildirdi. 

Mütəxəssis diqqətə çatdırdı ki, ailədaxili münaqişələrin artmasının digər mühüm səbəbi də psixoloji baxımsızlıqdır. Ailələr psixoloqa getməyi özlərinə ayıb sayırlar və hesab edirlər ki, psixoloqa gedən “dəlidir”. İstənilən halda psixoloqa müraciət edib problemin fərqinə varmaq, müalicə olunmaq lazımdır ki, ailədaxili cinayətlərlə qarşılaşmayaq.  

Həmsöhbətimiz xüsusi olaraq çağırış etdi ki, ailə üzvlərinizin problemlərinə, psixoloji sağlamlıqlarına laqeyd yanaşmayın. Ailə üzvlərinizin problemlərini vaxtında, gec olmadan həll etməyə çalışın. Belə olmadıqda, həmin şəxslərdə aqressiya çoxalır. Nəticədə, ailə daxilində baş verən cinayət hadisələri artır. 
Psixoloqun sözlərinə görə, mövcud problemlə bağlı günhahkar tərəf axtarmaq doğru deyil: ”Ailədaxili məsələlərə, problemlərə səhv yanaşmaların, üzvlərin birinin şəxs işlərinə müdaxilə etməsinin qarşısını alsaq, o zaman günahkar axtarmağa lüzum qalmayacaq.”

Yaqut Ağaşahqızı, “İki sahil”