21 fevral 2024 14:30
464

Xalid Kərimli: Kredit yarmarkaları fermer üçün şansdır - ÖZƏL

Amma bu, heç də fermerin bütün problemləri həll olundu demək deyil

Fevralın 20-də Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Azərbaycanda keçirilən Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları təşkil ediləcək.

Burada məqsəd fermerlərin kreditə əlçatanlığının təmin edilməsidir.

Mövzunu iqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli “İki sahil”ə şərh edib: “Biz bunun adını fərqli təqdim edirik- festival, yarmarka. Amma, mahiyyəti ondan ibarətdir ki, fermerlərə kredit təklif olunacaq. Bu, əlavə kommunikasiyadır, təklifdir. Həm də fermer üçün şansdır ki, birbaşa məmurla görüşsün, kredit şərtlərini müzakirə etsin və şəffaf şəkildə kredit sorğusu həll olunsun. İstənilən halda əlavə kommunikasiya vasitəsidir, fermərlə görüş üçün əlavə məqamdır. Bu, müsbət qiymətləndirilə bilər, amma bu, heç də fermerin bütün problemləri həll olundu, demək deyil. Fermerlərin çoxlu problemləri mövcuddur. Amma, aksiyanın özü müsbətdir. Yəni, əlavə resursdur, vasitədir ki, kredit götürmək istəyən fermer üçün kredit götürmək imkanı yaranacaq.  Nə cür olacağını isə prosesin gedişində biləcəyik.”

Orxan Vahidoğlu, "İki sahil"